Psixoloji peyvənd – 1960-cı illərin nəzəriyyəsi aktuallaşıb
- 16 Mart 2021
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetŞərh
Avstraliyanın ABC ictimai yayım şirkətinin (Australian Broadcasting Corporation) internet səhifəsində insanların koronavirus peyvəndlərinə inamsızlığı, bu inamsızlığı yaradanların işlətdiyi fəndlər və onlara qarşı psixoloji mübarizə yolları barədə yazı dərc olunub. Novator.az saytı yazını ingiliscədən çevirərək təqdim edir.
Avstraliyanın Melburn şəhərində çalışan ailə həkimi Billi Stoupas pasiyentlərin COVİD vaksinləri ilə bağlı heç vaxt eşitmədiyi sualları ilə qarşılaşdığını bildirir. Sual axını Avstaliyada vaksinasiya start götürəndən sonra başlanıb.
Suallar əsasən belə olur: Necə oldu ki, koronavirus vaksinlərini belə tez hazırladılar? Vaksinin təhlükəsiz olub-olmadığını necə bilək? Hansı vaksinlə peyvənd olunardınız?
Bill Stoupas deyir: “Biz belə sulların müzakirəsinə vaxt sərf edirik və çalışırıq ki, insanlarda vaksinə inam yaradaq”.
Avstraliyalıların böyük əksəriyyəti peyvəndlənmənin tərəfdarıdır, lakin aparılan sorğular COVİD vaksininə münasibətdə tərəddüdlərin çox yüksək həddə olduğunu göstərir.
Əslində belə tərəddüd gözləniləndir – COVİD vaksinləri çox sürətli bir şəkildə hazırlandığı üçün onaların istifadəsinin nə dərəcədə təhlükəsiz olduğunu soruşmaq təbiidir. Ancaq mütəxəssislərin fikrincə, belə sualların arxasında gizlənmək həm də üstüörtülü şəkildə dezinformasiya kampaniyası aparmaq deməkdir.
Vaksinasiya başlanandan bəri sosial media rəsmi şəkildə təsdiqlənməmiş ölümlər, gizli mikroçiplər, digər konspirasiya nəzəriyyələri ilə bağlı gündən-günə çoxalan saxta xəbərlər yayır. Digər ölkələrdə də eyni hal baş verir və bu böyük narahatlıq doğurur.
Doktor Stoupas deyir ki, insanların çoxu internetdə vaksin haqqında məlumat axtarır: “Ancaq təəssüf ki, internetdə bu haqda çoxlu dezinformasiya dolaşır”.
Bəs bunun qarşısını almaq üçün nə etmək lazımdır?
Sosial media şirkətləri platformalarında dezinformasiyaların yayılmasının qarşısını ala bilmədiklərini etiraf edirlər. Araşdırmalar göstərir ki, əksər halda yalnış məlumatı doğru məlumatdan çox oxuyurlar.
İnternetdə dedi-qodu həqiqətdən daha sürətlə yayılır. Dezinformasiyaları ifşa edəndə onları təkrarlamağa məcbur olursan, bu isə problemi daha da dərinləşdirə bilər. İnfeksiyanın özü kimi dezinformasiyanın da yayılmasının qarşısını almaq, simptomlarını müalicə etmək indiyədək kifayət qədər effekt verməyib. Başqa bir yol varmı? Dezinformasiyalara qarşı psixoloji peyvəndləmə üsulu çıxış yolu ola bilərmi?
“Psixoloji peyvənd” nə deməkdir?
İlk dəfə 1960-cı illərdə irəli sürülən “psixoloji peyvənd” nəzəriyyəsi indiki pandemiya və vaksinasiya zamanı daha da məşhurluq qazanıb.
Son on ilin təcrübəsi göstərir ki, insanlara əvvəlcədən dezinformasiyalar ötürmək (sanki onları virusun zəifləmiş formasına yoluxdurursan) sonradan onların həmin dezinformasiyaları daha yaxşı ayırd etməsinə şərait yaradır.
Dezinformasiyanın qarşısını almağa xidmət edən bu cür psixoloji vaksinasiya yalnış məlumatı ifşa etməkdən, yaxud insanların düşüncəsini dəyişdirməyə çalışmaqdan daha effektlidir.
Mahiyyətcə, profilaktika müalicədən daha yaxşıdır.
“İnsanlar konspirasiyanı qəbul ediblərsə, onları fikrindən döndərmək çox çətindir” – bu sözləri Kvinsled Universitetinin vaksin dezinformasiyaları məsələləri üzrə aparıcı mütəxəssisi Tom Aektner söyləyir.
Onun həmkarı, professor Metyu Hornsey bunu “göy gurultusunu oğurlamaq kimi” kimi təsvir edir: “İstifadə edilmiş üsulla, texnika ilə rastlaşanda bu artıq sizə tanış gələcək və sizi manipulyasiya etmək asan olmayacaq”.
Nəzəriyyələr göstərir ki, bütün dezinformasiyalar oxşar hiylə texnikalarına əsaslanır.
Hornsey deyir ki, nəhəng tütün şirkətləri uzun illər boyunca insanları siqaretin xərçəng yaratmadığına inandırmaq üçün bu fəndlərdən istifadə edib: “Onlar, məsələn, rəqiblərini nüfuzdan salmaq və ya siqareti təşviq etmək üçün saxta həkimlərdən yararlanıblar. O vaxtdan bu şirkətlər ictimaiyyəti elmin hələ öz imkanlarını inkişaf etdirə bilmədiyinə inandırıb mənfəət götürməyə çalışırlar. İndi biz bu üsuldan vaksin əleyhinə kampaniyada da istifadə olunduğunu görürük”.
Söhbət hansı fəndlərdən gedir?
2018-ci ildə Kembric Universitetinin iki psixoloqu dezinformasiya hiylələrini nümayiş etdirmək və psixoloji peyvənd nəzəriyyəsini sınamaq məqsədilə onlayn oyun yaradıblar. “Bad News” adlandırılan oyunda oyunçular saxta xəbərlər maqnatı roluna girirlər: onların vəzifələri uydurma xəbərləri fəal şəkildə yayaraq mümkün qədər çox izləyici toplamaqdır. Yol boyu oyunçular hər fəndə görə nişan toplayırlar. Bu nişanlar aşağıdakı məqsədlər üçün nəzərdə tutulur:
Qütbləşmə — müxtəlif qruplar arasında mövcud olan narazılıqları və gərginliyi artırmaq;
Emosiyaların cəlb edilməsi – qorxu, qəzəb və ya empatiya kimi duyğular yaratmaq;
Konspirasiya nəzəriyyəsinin yayılması — kiçik, qərəzli və gizli elit qruplar tərəfindən idarə olunduğu iddia edilən hadisələr haqda xəbərlərə izahlar vermək və onları qüvvətləndirmək;
İnternetdə insanları trollamaq — hədəf alınmış kütləyə tələ qurub qəsdən onları reaksiya verməyə təhrik etmək;
Başqalarını nüfuzdan salmaq – öz günahını və haqlı ittihamları rədd etmək;
Məşhur və etibarlı mənəbələrdən istifadə etmək – məsələn, “Twitter”də saxta hesab açmaq.
Oyun araşdırma məqsədilə yaradılsa da, oyun saytlarında marağa səbəb olub və 1 milyon dəfədən çox oynanılıb.
“Palgrave Communications” jurnalında dərc olunmuş araşdırma zamanı 15 min iştirakçının oyun oynamazdan əvvəl və sonra feyk xəbərləri ayırd etmə qabiliyyəti yoxlanıb. Araşdırmanın müəlliflərindən biri, Kembric Universitetinin psixologiya üzrə professoru Sander Van der Linden bildirir: “Araşdırma nəticəsində gördük ki, insanların feyk xəbərləri tanımaq bacarığı təkmilləşib. Onlar saxta xəbərləri etibarsız, qeyri-dəqiq və daha manipulyativ hesab edirlər; özlərinin ayırd etmə bacarıqlarına olan güvəncləri get-gedə artır”.
Nəticələr kifayət qədər ümidverici olduğu üçün Böyük Britaniya hökuməti və Dünya Səhiyyə Təşkilatı həmin oyunun davamı kimi COVİD-19 dezinformasiyalarına yönəlmiş “Go Viral!” (“Virus, çıx get!”) versiyasının hazırlanmasını sifariş verib.
Professor Van der Linden: “Artıq bir neçə aydır fəaliyyət göstərən bu versiyanı yüz minlərlə insan oynayır və bu pis göstərici deyil. Biz insanları əyləndirməyi və zənnimcə, psixoloji baxımdan “peyvəndləməyi” də bacardıq”.
COVİD dezinformasiyalarına qarşı psixoloji vaksinasiya
Professor Van der Linden deyir ki, koronavirus dezinformasiyaları yayanların bəzi inandırma üsulları var. Bunlar qorxu altında saxlama, saxta ekspertlər tapma və konspirasiya nəzəriyyəsini qabartma üsullarıdır.
İllərdir Avstraliyada vaksin əleyhdarlarına qarşı strategiyalar düşünən doktor Aektner də eyni fikirləri söyləyir: “Başlıca prinsip konspirativ düşüncədədir, yəni hüquqlarınız əlinizdən alınır və ya sizdən nəyisə gizlədirlər”.
Aektner “One Nation” (“Bir millət”) Partiyasının bu yaxınlarda apardığı bir sorğunu yada salır. Sorğuda insanların məcburi vaksinasiyaya razılıq verib-vermədikləri soruşluub. Hökumət bu sorğunu dayandırıb.
Aektnerin sözlərinə görə, çox güman ki, hökumət insanların sərbəst vaksinasiya seçimi hüququnu əlindən alacaq.
Vaksin əleyhinə dezinformasiyanın digər tipik bir nümunəsini göstərək: 30 yaşlı alabamalı tibb bacısının “Pfizer” vaksini vurdurduqdan sonra ölməsi haqqında dedi-qodu yayılmışdı.
Alabamalı tibb işçisi “Pfizer” vaksinini vurduran ilk insanlardan biridir.
Televiziya kanalları hadisəni gündəmə gətirmişdilər. Tibb bacısı peyvəndləndikdən sonra kameraların qarşısında huşunu itirmişdi. Tezliklə özünə gələn qadın jurnalistlərə vəziyyətinin yaxşı olduğunu bildirsə də, artıq gec idi. Qadın sağ qalsa da, “İnstagram”da hücumlar başlandı. Yazılan şərhlərdə onun öldüyü haqda minlərlə fikir səsləndirilirdi.
Doktor Aektner: “Avstraliyada da oxşar mənzərələrə hazır olun. İnsanları gələcək uydurmalara qarşı peyvəndləmək üçün dünyada baş vermiş bu kimi hadisələrdən ibrət götürməlisiz”.
Qlobal proqram
Professor Van der Linden və başqaları dezinformasiyaya qarşı “qlobal vaksinasiya proqramı” hazırlamaq üçün çağırış edirlər.
Van der Linden deyir ki, bu proqram onlayn oyunlarla məhdudlaşmamalıdır. Peyvənd haqqında animasiyalı qısa videolar seriyası hazırlamaq məqsədilə Van der Linden və Bristol Universitetinin avstraliyalı psixoloqu, professor Stefan Levandovski “Google” şirkətinin “Jigsaw” texnoloji inkubatoru ilə əməkdaşlıq edirlər.
Oyunlar kimi bu videolarda da məqsəd izləyicinin internetdə oxşar dezinformasiya texnikalarını aşkar etməsinə yardım göstərməkdir.
Professor Van der Linden deyir ki, dezinformasiyalar onlayn yayılsa da, onun həyatda real nəticələri olur. Bu nəticələri insanların vaksinlər barəsində sorğu-sual üçün üz tutduğu tibb müəssisələrində də görmək mümkündür.
Doktor Stoupasın sözlərinə görə, ən yaxşı strategiya yaxşı bir nümunə göstərməklə vaksinlərin faydasına diqqət yönəltməkdir. Bu bir faktdır ki, vaksinlər sayəsində pandemiyanın qarşısı alına bilər. “Bir çox pasiyent məndən soruşu: Siz özünüz peyvənd olunmusunuzmu? Cavabında deyirəm ki, mən, əlbəttə, peyvənd olunacam”.
Stoupas əlavə edir: “Əgər peyvəndlənməklə virusa yoluxma riskini azaldacamsa, niyə peyvənd olunmayım ki?”
Mənbə: ABC.net.au