Türkiyənin ingilis dilində çıxan “Daily Sabah” qəzetində Almaniyada islamofobiya hallarının artdığı haqda yazı dərc olunub.
Novator.az-ın məlumatına görə, “Daily Sabah” Almaniyanın rəsmi qurumlarının bugünlərdə açıqladığı statistikaya istinadla yazıb ki, 2020-ci ildə ölkədə islamofob motivlərlə 900-dən çox cinayət törədilib. Miqrantlara hücumlar da artıb.
2019-cu ildə Almaniyada islam dini əleyhinə yönəlmiş cinayətlərin sayı 884 olub.
2020-ci ildə Almaniyada 80-ə yaxın məscidə hücüm olub, islamofob zorakılıq nəticəsində 48-ə yaxın insan yaralanıb.
2019-cu ildə islamofob zorakılıqlar nəticəsində yaralananların sayı 34 olub.
Almaniyanın Daxili İşlər Nazirliyi bu statistikanı müxalif Sol Partiyanın (“Die Linke”) parlament sorğusuna cavab olaraq açıqlayıb.
İslam dini əleyhinə yönəlmiş cinayətlər əsasən dini etiqad azadlığının pozulması, fiziki zorakılıq törədilməsi, əmlaka ziyan vurulması hallarından ibarətdir.
Almaniyanın güc strukturları islam əleyhinə hücumları daha çox neomillətçilərin və sağçı ekstremistlərin törətdiyini bildirir.
Rəsmi məlumatda deyilir ki, 2020-ci ildə ölkədə miqrant və qaçqınlara 1606, qaçqın sığınacaqlarına 84, miqrantlara kömək edən təşkilatlara və könüllülərə 67 hücum olub.
Sol Partiyanı təmsil edən deputat Ulla Yelpke “Neue Osnabrücker Zeitunge” qəzetinə açıqlamasında deyib ki, 1606 zorakılıq faktının qeydə alınması neomillətçilərin hər gün orta hesabla 4-5 hücum həyata keçirməsi deməkdir və bu, ölkədə ifrat sağçıların necə dərin kök atdığını göstərir.
Ulla Yelpke vurğulayıb ki, polisin təqdim etdiyi rəqəmlər əslində “aysberqin görünən tərəfidir”, polisə şikayət etməyənlərin olduğunu nəzərə aldıqda qurbanların real sayının daha çox olduğu qənaətinə gəlmək mümkündür.
80 milyondan çox əhalisi olan Almaniya Qərbi Avropada Fransadan sonra müsəlmanların ən çox yaşadığı ölkədir.
Almaniyada 4,7 milyona yaxın müsəlman yaşayır və onların 3 milyonu türk əsillidir.
Son illərdə Almaniyada irqçilik və islamofobiya hallarının artmasının əsas səbəblərindən biri kimi ifrat sağçı grupların və partiyaların daha çox səs toplamaq məqsədilə müsəlmanlara, miqrantlara qarşı apardığı təbliğat göstərilir.
Mənbə: Dailysabah.com