Kəlbəcər rayonundan olan gənclər prezident İlham Əliyevə dövlət xadimi Eldar Həsənovla bağlı müraciət qəbul ediblər.
Novator.az-ın məlumatına görə, müraciətdə deyilir:
“Hörmətli cənab Prezident!
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada sabiq səfiri, hüquq elmləri doktoru, professor Eldar Həsənovun səhhətindəki ağırlaşmaya baxmayaraq həbsdə saxlanması Kəlbəcər gənclərində dərin narahatlıq doğurur.
Daim ölkəmizin milli maraqlarına xidmət etmiş və dövlətimizi Balkan ölkələrində ləyaqətlə təmsil etmiş sabiq səfirimizin əsassız ittihamlarla azadlığının məhdudlaşdırılması hüququn aliliyinə inanan Kəlbəcər gənclərinin vicdanını dərindən yaralayır.
Təəssüf hissi ilə bildiririk ki, Eldar Həsənovun həm diplomat, həm də alim kimi uğurlu fəaliyyəti ölkəmizdə bəzi vəzifəli şəxslərin qısqanclığı ucbatından onun haqqında böhtan xarakterli iddiaların yayılmasına səbəb olmuşdu. Sifarişlə yazılan xəbərlərdə gah Eldar Həsənovun baş nazir, vitse-prezident olmaq istədiyi, gah da müxalifəti maliyyələşdirdiyi iddia edilirdi. Əminliklə bildiririk ki, bu iddiaların heç bir əsası yoxdur. Eldar Həsənov dövlətçiliyə və Azərbaycan Prezidentinə hər zaman sadiq olub. Sabiq səfirin məhsuldar fəaliyyəti nəticəsində Azərbaycanla Balkan ölkələri arasında möhkəm dostluq, strateji müttəfiqlik əlaqələri yaranıb. Eldar müəllim daim Kəlbəcər gənclərini Azərbaycan Prezidentinin ətrafında sıx birləşməyə və nümunəvi vətəndaş olmağa çağırıb.
Sizdən Azərbaycanın görkəmli dövlət xadimi, Kəlbəcərin ziyalısı, professor Eldar Həsənovun tam təşəkküllü xəstəxanada müalicəsinə köməklik etməyinizi xahiş edirik. Sizin humanist dəyərlərin daşıyıcısı kimi Kəlbəcər gənclərinin müraciətini cavabsız qoymayacağınıza inanırıq”.
Kəlbəcərli gənclər müraciəti imzalanmağa açıq saxlayıblar. Hazırda müraciəti onlayn şəkildə imzalamaq mümkündür. Bundan ötrü müraciətin elektron formasına ad-soyad yazmaq və e-mail qeyd etmək kifayətdir.
Eldar Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcər rayonunun Laçın kəndində doğulub.
İndiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.
1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.
2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, bir neçə məmur cinayət məsuliyyətinə alınıb.
İyulun 16-da prezident İlham Əliyev xarici işlər naziri olan Elmar Məmmədyarovu vəzifədən azad edib, Ceyhun Bayramov xarici işlər naziri təyin olunub.
Avqustun 13-də açıqlama yayan Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov şübhəli şəxs qismində tutulub.
Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə ittihamları irəli sürülüb.
Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsindən azad edib.
Avqustun 24-də bəyan olunub ki, Eldar Həsənov barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.
Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanır.
Xarici İşlər Nazirliyinin ittiham olunan əməkdaşları ev dustaqlığına buraxılsa da, Eldar Həsənovun həbsdən çıxmaq üçün müraciətləri nəticəsiz qalıb.
Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olub.
Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
Eldar Həsənov ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var.
2021-ci il martın 11-də vəkil Adəm Məmmədov mediaya açıqlamasında deyib ki, təcili tədbir görülməsə, Eldar Həsənov həyatını itirə bilər. Vəkil bildirib ki, Eldar Həsənovun durumu çox ağırdır: “Bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında Eldar Həsənovla görüşmək istəsəm də, o, ağrılara görə kameradan çıxa bilmədi. Səhhətində təhlükəli problemlər var. Bu da kəskin ağrılar verir”.
Vəkilin sözlərinə görə, Eldar Həsənova tibbi yardım göstərilməsi üçün Baş Prokurorluğa üz tutub, ancaq müraciətindən bir aydan çox vaxt keçsə də, heç bir cavab ala bilməyib: “Dövlətinə uzun müddət xidmət edən şəxsə qarşı bu ədalətsiz və qanunsuz münasibət dünyanın heç bir yerində yoxdur”.
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi
Eldar Həsənovun səhhəti yaxşı deyil
“Mənim düşmənim yoxdur, ermənidən başqa”
Eldar Həsənov qərarı dəyişirmi?
Ziyalıların prezidentə müraciəti
Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”