Siyasətçi, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər koronavirusa qarşı kütləvi peyvənd olunmağa çağırır. Novator.az-ın məlumatına görə, o yazır ki, bir il əvvəl – 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirus bəlasının hər yeri bürüyüb pandemiyaya çevrildiyini elan edib: “Ötən müddətdə dünyada 118 milyon nəfərdən çox insan bu xəstəliyə yoluxub, 2,6 milyon nəfərdən çox insan ölüb, 21,7 milyon nəfərdən çox insan müalicə altındadır.
Azərbaycanda, rəsmi rəqəmlərə görə, 237735 yoluxma, 3257 ölüm qeydə alınıb, 4402 aktiv xəstə var. Yəni ölkəmizdə bu virusdan ölənlərin sayı 2020-ci ilin Vətən müharibəsi şəhidlərinin sayından çoxdur.
Kim nə deyir-desin, bu bəladan qurtarmağın yeganə yolu kütləvi peyvənddən keçir. Özünüzü, yaxınlarınızı, xalqımızı, bəşəriyyəti qorumaq üçün maska, sosial məsafə və digər vacib qaydalara əməl etməklə yanaşı ilk imkanda peyvəndlənin!”
Yeni növ koronavirus infeksiyası 2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq 219 ölkə və əraziyə yayılıb. Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm həmin il martın 12-də qeydə alınıb.
Ölkədə koronavirus infeksiyasına qarşı vaksinasiya 2021-ci il yanvarın 18-də başlayıb. Son rəsmi məlumata görə, 428 min nəfərdən çox şəxs peyvəndlənmə prosesində iştirak edib.
İsa Qəmbər 1957-ci ildə doğulub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1979-1989-cu illərdə Milli Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb.
Siyasətə 1980-ci illərin ikinci yarısında qoşulan İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.
1993-cü ilin yayında Əbülfəz Elçibəyin başçılıq etdiyi milli demokratik hakimiyyət hərbi-siyasi qiyamla devriləndən sonra İsa Qəmbər bir müddət həbsdə yatıb.
1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.