Bakuresearchinstitute.org saytı iqtisadçı Fərid Mehralızadənin “Azərbaycanda minimum əməkhaqqı və muzdlu əmək” başlıqlı təhlilini yayıb. Yazıda qeyd olunur ki, Əmək Məcəlləsinə əsasən, minimum əməkhaqqı qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir: “İqtisadi nəzəriyyədə minimum əməkhaqqının vacibliyi onunla izah edilir ki, bu tələb əməyin istismarının qarşısının alınması, əmək haqlarının qorunması, haqsız rəqabətin qarşısının alınması, gəlir bölgüsündə ədalətin təmin edilməsi və yoxsulluğun azaldılması istiqamətlərində müsbət təsir imkanlarına malikdir.
Minimum əməkhaqqındakı dəyişiklik sadəcə minimum əməkhaqqı alanların deyil, cəmiyyətin böyük bir hissəsinin maraq dairəsindədir. Dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsi Vahid Tarif Cədvəli əsasında aparılır. Bu cədvəldə əməyin ödənilməsi dərəcələrinə uyğun təyin edilən aylıq maaş miqdarının formalaşması da minimum əməkhaqqının miqdarından asılıdır”.
Novator.az-ın məlumatına görə, ekspert yazır ki, Azərbaycanda minimum əməkhaqqının məbləği prezident sərəncamı ilə müəyyən edilir.
Dövlət başçısının 18 iyun 2019-cu il sərəncamı ilə həmin il sentyabrın 1-dən minimum əməkhaqqı 250 manata çatdırılıb.
Minimum əməkhaqqı 2007-ci il fevralın 1-dən 50 manat; 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat; 2010-cu il sentyabrın 1-dən 85 manat; 2011-ci il dekabrın 1-dən 93,5 manat; 2013-cü il sentyabrın 1-dən 105 manat; 2017-ci il yanvarın 1-dən 116 manat, 2018-ci il yanvarın 1-dən 130 manat, 2019-cu il martın 1-dən 180 manat olub.
Fərid Mehralızadə yazır ki, minimum əməkhaqqının müəyyən edilməsi baxımından “Yaşayış minimumu haqqında” qanun da əhəmiyyət kəsb edir: “Qanuna görə, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir.
Ehtiyac meyarı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə təsdiqlənir. Yaşayış minimumu isə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Bu baxımdan həm sosial yardımların, həm ehtiyac meyarının, həm də dolayısı ilə minimum əməkhaqqının formalaşmasına təsir edən əsas amillərdən biri istehlak səbətidir. İstehlak səbəti ilə bağlı əsas tənqidi məqam səbətin tərkibi ilə bağlıdır. Məsələn, Nazirlər Kabinetinin təsdiq etdiyi qərarda internet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə hesablanır və ya əmək qabiliyyətli əhali üçün palto tipli üst geyimlərinin aşınma müddəti 8 il, ayaqqabıların aşınma müddəti 3,5 il müəyyən edilib ki, bu rəqəmlərin reallığı əks etdirməsi ciddi müzakirə mövzusudur. Yaşayış minimumuna parlamentdə hər il büdcə zərfi çərçivəsində baxılsa da, qanunvericilikdə istehlak səbətinə hər üç ildən bir baxılması nəzərdə tutulub. Müddətin bu qədər çox olması istehlakçıların davranışlarının və tələblərinin operativ şəkildə nəzərə alınmasına mane olur.
Azərbaycanda minimum istehlak səbətinin əhatə dairəsi ilə bağlı da problemlər mövcuddur. Beynəlxalq Əmək Təşkilatı ehtiyac meyarının müəyyən olunmasında qida və mənzil ehtiyaclarından əlavə səhiyyə, uşaqların təhsil məsrəfləri və ictimai həyatda iştirak üçün lazım olan digər xərclərin də nəzərə alınmasını zəruri sayır”.
Azərbaycanda muzdlu əmək məsələsinə toxunan ekspert bəzi rəqəmlər gətirir. Məsələn, muzdla işləyənlərin ümumi məşğul əhalinin tərkibində xüsusi çəkisi Belarusda 96%, Rusiyada 93%, Ukraynada 84%, Qazaxıstanda 75%, Türkiyədə 69%, Moldovada 63%, Ermənistanda 60%, Gürcüstanda 49%, Azərbaycanda 32%-dir.
Ekspert yazır ki, Azərbaycan 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşularkən minimum əməkhaqqının orta aylıq əməkhaqqının 60 faizinə çatdırılması ilə bağlı öhdəlik götürüb: “Sonuncu rəsmi açıqlamaya görə, ölkədə orta aylıq əməkhaqqı 707 manata, minimum əməkhaqqı 250 manata bərabərdir. Minimum əməkhaqqı orta aylıq əməkhaqqının cəmi 35 faizinə bərabərdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu yaxınlarda ilk dəfə median əməkhaqqının məbləğini açıqladı və məlum oldu ki, Azərbaycanda bu göstərici cəmi 343 manata bərabərdir. Bu isə o deməkdir ki, Azərbaycanda muzdla çalışan təxminən 1,7 milyon şəxsdən 850 mininin aylıq maaşı 343 manatdan aşağıdır. Median əməkhaqqı orta aylıq əməkhaqqının cəmi 48 faizinə bərabərdir. Bu, ölkədə gəlir bərabərsizliyinin yüksək olmasının göstəricisi kimi qəbul edilə bilər”.