Əli Kərimli
AXCP sədri
Bir neçə aylıq fasilədən sonra polis rejimi bərpa olunur. İkinci Qarabağ savaşından çox az keçib, artıq İlham Əliyev ölkəni savaşdan əvvəlki repressiya mühitinə qaytarıb. Azərbaycan polisi yenidən siyasi repressiya funksiyası ilə yüklənir. “Nida” Vətəndaş Hərəkatının fəalı Elmir Abbasov öz “Feysbuk” hesabında paylaşdığı yazıda İlham Əliyevi tənqid etdikdən sonra 30 sutkalıq inzibati həbs cəzası alıb. Elmir bəy apellyasiya instansiyasındakı çıxışında deyib ki, polislər onu həbs edərkən döyüb cibinə narkotik maddə atıblar.
İki gün öncə sifarişli məhkəmə qərarı ilə bloqçular Elçin Həsənzadə və İbrahim Türksoy (Salamov) 8 ay müddətində azadlıqdan məhrum ediliblər.
AXCP və Demokratik Qüvvələrin Milli Şurası da, hər zaman olduğu kimi, yeni repressiya dalğasının əsas hədəfləri sırasındadır. Partiyanın Gənclər Komitəsinin üzvü Məhəmməd İmanlı ötən ilin iyulunda Qarabağ yürüşündə iştirak etdiyi üçün koronavirus yaymaq ittihamı ilə bir il müddətinə azadlıqdan məhrum edilib.
AXCP Gəncə və Masallı şöbələrinin fəalları Şahin Hacıyev və Elvin Bəhramov inzibati qaydada tutulublar.
Partiyanın Lənkəran şöbəsinin sədri Nazim Həsənovu şəhər polis idarəsinin rəis əvəzi Yelmar Mehdiyev siyasi fəaliyyəti ilə bağlı hədələyib.
AXCP fəalı Mətanət Turanın ailəsinə onun fəaliyyətinə görə ciddi polis basqısı var.
İctimai əsaslarla mühafizəçim, 10 aydır qanunsuz həbsdə saxlanan, dəfələrlə ağır işgəncələrə məruz qalmış, həbsinin ilk 9 ayında ailəsi ilə əlaqə saxlamasına imkan verilməmiş Niyaməddin Əhmədova qarşı Cinayət Məcəlləsinin daha iki maddəsi ilə qondarma ittiham irəli sürülüb.
14-15 iyul 2020-ci ildəki Qarabağ yürüşündə iştiraka görə həbs olunmuş 37 nəfər (indi onlar ev dustağıdır), eləcə də ictimai əsaslarla digər mühafizəçim Ruslan Əmirov üzərində absurd, cəmiyyətdə ikrah hissi doğuran məhkəmə prosesi davam edir.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin Almaniyada universitetə qəbul olunmuş oğlunun təhsil üçün ölkəni tərk etməsinə hakimiyyət hələ də imkan vermir.
Cəmi üç-dörd ay bundan öncə xalq yumruq kimi birləşmişdi. Hamı inanırdı və gözləyirdi ki, savaşdan sonra ölkə yaxşıya doğru dəyişəcək. Hökumət daha öz xalqı ilə qarşıdurmaya getməyəcək, ölkədə siyasi münasibətlər sivilləşəcək. Təəssüf ki, xalqımızın gözləntiləri özünü doğrultmadı.
Ölkə ziyalıları, vətəndaş cəmiyyəti fəalları, beynəlxalq təşkilatlar, ən əsası da xalqımız İlham Əliyev hakimiyyətinin qanunsuz həbslər, işgəncə və repressiya mühitini ölkədə yenidən bərqərar etməsinə səssiz qalmamalıdır.