Novator.az saytı Böyük Britaniyanın “Sky News” kanalının internet səhifəsində yerləşdirilən, maskalardan, o cümlədən üst-üstə iki maskadan istifadənin insanı koronavirusdan nə dərəcədə qoruması məsələsinə həsr olunan yazını ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.
Koronavirusa qarşı peyvəndlənmə tədbirləri genişlənsə də, virusdan qorunmağın əsas yollarından biri – maska taxmaq öz aktuallığını saxlayır.
Bəs hansı maskalardan istifadə etmək məqsədəuyğundur? Üst-üstə iki maska geyinmək olarmı? Alimlər bu barədə nə düşünürlər?
İkiqat maskadan istifadə etmək lazımdırmı?
Bəli. ABŞ-ın Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzi COVİD-19 infeksiyasının havada necə yayıldığını araşdırıb. Mərkəzin bu yaxınlarda hazırladığı hesabatda qeyd olunur ki, tibbi maskanın üstündən parça maska geyinmək insanın koronavirusa yoluxma riskini 90% azalda bilər.
Ünsiyyətdə olan iki şəxsin hər biri ikiqat maskadan istifadə edərsə, virusun onların birindən digərinə keçməsi riski 96,4% azala bilər.
ABŞ prezidenti Cozef Baydenin pandemiya üzrə baş tibbi məsləhətçisi doktor Entoni Fauçi üst-üstə iki maska taxmağı “sağlam yanaşma” hesab edir.
Lester Kral Xəstəxanasının məsləhətçi virusoloqu və respirator xəstəliklər şöbəsinin fəxri dosenti doktor Culian Tan “Sky News”a açıqlamasında deyib ki, maskanın sayı nə qədər çox olsa, virusdan qorunmaq o qədər asan olar: “Bir neçə maskanı üst-üstə taxmaq daha effektlidir. Hətta üçqat maska ikiqat maskadan da yaxşıdır. Ancaq üç maska taxanda nəfəs almaq çətinləşir, problem yalnız bundadır”.
Maskanı təkmilləşdirmək lazımdırmı?
Bütün hallarda maskadan istifadə etmək maskasız gəzməkdən daha yaxşıdır. Ancaq Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin apardığı tədqiqat zamanı əsasən tibbi maskanın üstündən parça maska taxılmasının effekti araşdırılıb.
Böyük Britaniyadakı bəzi siyasətçilər, həmçinin sabiq səhiyyə naziri Ceremi Hant ictimai nəqliyyatda və mağazalarda keyfiyyətli tibbi maskalardan istifadənin məcburi şəkildə tətbiq olunmasını təklif edir.
Oksford Universitetinin ilkin tibbi yardım üzrə professoru Trişa Qrinhalq da virusun yeni variantları ortaya çıxandan sonra tibbi maskalardan istifadənin zəruri olduğunu söyləyib.
Artıq Fransa və Almaniyada ictimai yerlərdə istifadə edilən maskaların tibbi cəhətdən keyfiyyətli olması məcburi hal alıb.
ABŞ-ın Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin hazırladığı məruzədə qeyd olunur ki, tibbi və ya cərrahi maska gözdən yayınan virus hissəciklərinin 42%-ni, parça maska isə 44,3%-ni bloklayır. Hər iki maska birgə istifadə olunan zaman virus hissəciklərinin 92,5%-i bloklanır.
Tədqiqat zamanı cərrahi, lazer, izolyasiya, stomatoloji və ya tibbi prosedurlar üçün nəzərdə tutulan tibbi maskadan istifadə olunub. Yəni N95 maskalarından – Böyük Britaniyanın FFP2 maskalarına bərabər olan maskalardan istifadə olunmayıb.
Tədqiqatda istifadə edilən parça maskalar təbii sintetik parçadan hazırlanan və pandemiya dövründə çox istifadə olunan maskalar olub.
Üst-üstə iki maska niyə daha yaxşıdır?
Üst-üstə iki maskadan istifadə ona görə daha təsirlidir ki, bu halda maska üzə kip oturmuş olur.
Doktor Tanın da dediyi kimi, maska taxan şəxslər nəfəs alıb-verəndə infeksiya maskanın kənarından ətrafa yayılır. Çünki maska üzə tam oturmadığından həmin hissələrdə boşluq qalır.
İkiqat maskadan istifadə etmək həm viruslu məkanda nəfəs alan insanları infeksiyadan qoruyur, həm də ona yoluxmuş şəxslərin virusu yaymasının qarşısını alır. Başqa sözlə desək, siz üst-üstə iki maska geyinəndə həm özünüzü, həm də başqalarını infeksiyadan qorumuş olursunuz.
Daha nə etmək olar?
Cərrahi maskanın virusa davamlılığını yaxşılaşdırmaq üçün bir üsul da var: siz maska bağlarının maskaya birləşən hissəsini düyünləyə bilərsiniz.
Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin məlumatına görə, bu metod virusun qarşısının alınması yolunda ikiqat maska qədər effektlidir.
Doktor Tan cərrahi maskanın təmiz qalması üçün onun üzərinə spirt çiləməyi, spirt quruyandan sonra istifadə etməyi məsələhət görür.
Maskanı su ilə yumaq onun qoruyucu xüsusiyyətlərini zəiflədə bilər.
Doktor Tan üzü tüklü olan insanlara məsələhət görür ki, maskanın kənarlarından sızmanın qarşısını almaq üçün vazelin kimi məhlullardan istifadə etsinlər.
Mənbə: News.sky.com