Bəkir Nərimanoğlu
İşsiz Akifə Əliyeva bildirir ki, övladlarının böyüyü 13, kiçiyi 6 yaşındadır. O, dörd övladının da məktəbli olduğunu, ailəni dolandırmaqda çətinlik çəkdiyini deyir, qeyd edir ki, sosial yardım, müavinət almaq üçün mübarizə aparmalı olub: “Aylarla get-gələ saldılar. Sənəd toplamaqdan bezmişdim. Nəticədə müavinət yox, ünvanlı sosial yardım (ÜSY) təyin etdilər”.
Əliyeva deyir ki, 260 manatlıq yardımla dolanmaq çox çətindir. Pandemiya dövründə hər hansı əlavə yardıma gəlincə, ona iki dəfə ərzaq yardım edilib.
Azərbaycanda eyni durumda olan çox ailə var.
“Çoxuşaqlı ailə” statusu
Azərbaycan qanunvericiliyi “çoxuşaqlı ailə” statusu ilə bağlı qayda müəyyən etmir. Bu barədə çox danışılsa da, nəticə yoxdur. 9 il öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirmişdi ki, qurum 5 və daha çox uşağı olan ailələrin çoxuşaqlı ailə hesab edilməsi təklifi hazırlayır. Onun sözlərinə görə, təklifləri yaşı 18-dək olan şəxslərin, həqiqi hərbi xidmətdə olan şəxslərin (xidmət müddəti bitənədək) və əyani təhsil alan uşaqların (təhsil müddəti başa çatanadək, ancaq 23 yaşdan çox olmamaq şərti ilə) uşaq hesab olunmasını nəzərdə tutur. Komitə rəsmisi “Qəhrəman ana” adının gündəmə gətiriləcəyini də demişdi. Ancaq bu günə kimi komitənin təkliflərindən xəbər yoxdur.
Komitənin “Çoxuşaqlı ailələrlə bağlı təhlil”ində qeyd olunur ki, çoxuşaqlı ailələrə dövlət dəstəyi normativ hüquqi aktlarda nəzərdə tutulsa da, araşdırmalar dəstəyin yetərli olmadığını göstərir. Qeyd olunur ki, 1999-cu ilin siyahıyaalınmasına əsasən, ölkədə bir uşaqlı 288 min 200, iki uşaqlı 450 min 700, üç uşaqlı 326 min 200, dörd və daha çox uşaqlı 213 min 900 ailə olub. 2009-cu ilin siyahıyaalınmasında bölgü belə dəyişib: bir uşaqlı – 396 min ailə, iki uşaqlı – 529 min ailə, üç uşaqlı – 261 min 900 ailə, dörd və daha çox uşaqlı – 126 min 700 ailə”.
İki mexanizm
Çoxuşaqlı ailə statusu bəlli olmadığı üçün belə ailələrə yönəlik dövlət yardımını nəzərdə tutan mexanizm də yoxdur. Ancaq belə ailələr dövlətdən iki yolla yardım və ya müavinət ala bilərlər: ÜSY və 5-dən çox uşağı olan analara aylıq müavinət vasitəsilə.
Çoxuşaqlı ailələrə və onların sosial müdafiəsi sahəsində hökumət siyasətini müəyyən edən sənədlərdən, habelə normativ-hüquqi aktlardan da aydın olur ki, “çoxuşaqlı ailə” ifadəsinin dəqiq müəyyənliyi yoxdur. Ailədəki uşaqların sayı meyar kimi götürülərək müavinətin verilməsi nəzərdə tutulan yalnız bir mexanizm var ki, bu da 5-dən çox uşağı olan analara verilən aylıq müavinətdir. Müavinət 6-cı uşağın doğulması və onun 1 yaşına çatmasından başlayaraq ödənir.
Ekspertin təklifləri
İqtisadçı ekspert Azər Mehtiyev deyir ki, Azərbaycanda çoxuşaqlı ailələrin sosial müdafiəsinə yönəlik sistemli hökumət siyasəti yoxdur: “Ayrı-ayrı dövlət proqram və sənədlərdə çoxuşaqlı ailələrə münasibət ya ümumi şəkildə ifadə olunur, ya da çoxuşaqlı ailələrin sosial müdafiəsi ilə bağlı müəyyən addımlar nəzərdə tutulur. Çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və pandemiyanın onlara mənfi təsirlərinin azaldılması istiqamətində ayrıca siyasət olmayıb. Hazırda hökumət qurumlarında, bələdiyyələrdə çoxuşaqlı ailələrin sayı və ərazilər üzrə dislokasiyası, onların həyat səviyyəsinin durumu və ehtiyacları ilə bağlı məlumat bazası yoxdur. Pandemiya dövründə bəzi çoxuşaqlı ailələr 190 manatlıq birdəfəlik yardımlar ala biliblər. Belə ailələrin 2020-ci ilin aprel-may aylarında əhaliyə güzəştli işıq limitinin 100 kilovat-saat həcmində artırılmasından faydalanmaq imkanı olub, amma nə qədər ailənin bundan faydalanması barədə məlumat yoxdur. Dəstək zərfində sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqını dövlətin ödəməsi nəzərdə tutulurdu. Amma bu dəstək tədbirlərindən faydalanan ailələrin sayı barədə dəqiqləşdirilmiş məlumat yoxdur”.
Azər Mehtiyev əlavə edir ki, hökumətin çoxuşaqlı ailələrə münasibətdə siyasət istiqamətlərini dəqiqləşdirməsinə ehtiyac var: “Bunu zəruri edən amillərdən biri ölkədə nəsilvermə əmsalının 2-dən aşağı düşməsidir. Çoxuşaqlı ailələrin sosial müdafiəsi yalnız mövcud ünvanlı sosial yardım proqramı çərçivəsində davam etməlidirmi, yoxsa əlavə siyasət tədbirlərinə zərurət varmı? Bu sualın cavabı uzunmüddətli dövr üçün ölkənin demoqrafik siyasətinin məqsəd və prioritetlərinin müəyyənləşdirilməsindən keçir”.
Ekspert bildirir ki, hökumətin əlavə sosial müdafiə, sosial təminat və digər siyasət məqsədləri üçün “çoxuşaqlı ailə” statusu və müəyyənlik meyarı dəqiqləşdirilməlidir: “Çoxuşaqlı ailələr üzrə statistik informasiya bazasının təkmilləşdirilməsi və hər ildə ölkədə mövcud çoxuşaqlı ailələrin dəqiq sayının müəyyən edilməsi üçün konkret tədbirlər həyata keçirilməlidir. Xüsusilə kənd yerlərindəki çoxuşaqlı ailələrin ÜSY proqramlarına əlçatanlığının artırılması üçün torpaq payına malik ailələrə belə yardımın təqdim edilməməsi məsələsinə yenidən baxılmasına ehtiyac var”.
Ekspert əlavə edir ki, çoxuşaqlı ailələrin həyat şəraiti və ehtiyacları barədə bələdiyyələrin mütəmadi hesabatlar hazırlaması da zəruridir.