Fevralın 24-də qarlı-şaxtalı hava paytaxt Bakıda bir çox problemə səbəb olub. Novator.az “Facebook” şəbəkəsində rəylərə nəzər salıb.
AXCP sədri Əli Kərimli:
– Hamımız şahid olduq ki, Bakı qışa hazırlanmayıb. Paytaxtın icra hakimiyyəti başçısı dəyişib, ancaq qışa hazırlığa münasibət dəyişməyib.
Fevralın 24-də havanın şaxtalı və qarlı olacağı günlər öncədən bilinirdi. Ancaq nə faydası? Şaxtalı havaya hazırlıq görülmədi. Qar yağan kimi yolların əksəriyyəti bağlandı. Yollar təmizlənmədi. İctimai nəqliyyat sıradan çıxdı. Bakı ətrafındakı qəsəbələrlə əlaqə kəsildi. Şəhərin müxtəlif yerlərində istilik sistemi, qaz, elektrik təchizatında problemlər yarandı. Bütün bunların hamısı cəmi 3-4 dərəcə şaxta nəticəsində baş verdi. Təsəvvür edin belə hava şəraiti bir-iki həftə davam etsə nələr olar…
Bakının başçısı dəyişib, ancaq ölkədə idarəetmənin ümumi prinsipi dəyişməyib. İdarəetmə, dövlət xərcləmələri üzərində xalqın nəzarəti, şəffaflıq yoxdur. Xalqa xidmət yox, daha çox oğurlamaq əsas prioritetdir. Dövlət sərvətlərinin necə xərclənməsindən, əslində darmadağın edilməsindən çox vaxt heç xəbərimiz belə olmur. Ona görə ki, ölkədə hakimiyyəti xalq seçmir, hakimiyyət özünü xalqa borclu bilmir. Bu vəziyyət davam etdikcə nazirlərin, icra başçılarının dəyişməsi heç bir köklü müsbət dəyişiklik yarada bilməz. Ölkədə məhz köklü dəyişiklik zəruridir.
Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov:
– Bakıda və digər şəhərlərdə seçkili mer olmayınca iş tələb etməyə adam tapmayacaqsınız. İcra başçılarını prezident təyin edir, prezidentə isə min cür başqa səbəbdən səs verirsiniz, ya da vermirsiniz.
Məsələn, prezident hansısa digər vacib işi, sizin fikrinizcə, yaxşı gördüyünə görə şəhərdə yaşayışı təmin edə bilməyən icra başçısı sistemini ona güzəştə gedirsiniz. Ya da prezident başqa vacib bir işi, sizin fikrinizcə, pis gördüyünə görə diqqəti onun şəxsiyyətində cəmləyib sistem dəyişikliyi məqsədindən yayınırsınız.
Şəhər merinə isə ancaq şəhərdə yaşayışın hər baxımdan rahatlığına nail olmaqdan ötrü səs verəcəksiniz, başqa meyarların önəmi az olacaq. Respublikaçı Alternativ Partiyası 75 mindən çox əhalisi olan bütün şəhərlərdə hakimiyyətin seçkili bələdiyyə başqanına ötürülməsi üçün çalışır. Seçkidə bu mövqeyimizə dəstək olmağı unutmayın.
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu:
– Bakı Şəhər İcra Hakimiyyətinin avtoparkında 50-dən çox qartəmizləmə texnikası var, sürüşkən yollara səpilməsi üçün 5 min tondan çox texniki duz alınıb. Görən olubmu?
Paytaxtın Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizləmə İdarəsinin 120 işçisi var. İdarənin nəzdində 1 ədəd kürüyücü avtoqreyder, 2 ədəd yükləyici ekskavator, 1 ədəd kürüyücü-yükləyici avtotraktor, 2 ədəd vakuum tipli avtomaşın, 12 ədəd qarkürüyən avtomaşın, 16 ədəd qum-duz səpən və kürüyücü avtomaşın, 8 ədəd qum-duz səpən və kürüyücü avtomaşın var. Bu qədər texnika olduğu halda nədən küçələrdə əl əməyindən istifadə edilir?
iqtisadçı Rövşən Ağayev:
– Seçkili demokratiyanın olduğu ölkələrdə hər yağan qar, hər fövqəladə hadisə idarəetmə üçün imtahandır. İdarəetmə vətəndaşın səsindən asılı oldusa, onun növbəti seçkidəki taleyini həmin imtahanlar zamanı davranışları həll edir. Əgər bir qar yağışında idarəetmə imtahandan “2” aldısa, artıq işini bilir. Bilir ki, seçkini uduzub.
Bizdə vətəndaşın 1 gün işıqsız qalması, yolların buzdan təmizlənməməsi niyə idarəetməni narahat etsin ki? Vətəndaşın səsi yoxdursa, o, nədən və kimdən narahatlıq keçirsin ki? Qar, yağış onun üçün olmayan seçici qarşısında niyə imtahan olsun ki?