Prezident İlham Əliyev fevralın 25-də Bakının Xəzər rayonunda Şağan Reabilitasiya Pansionatının əsaslı təmirdən sonra açılışında iştirak edib.
Arayışa görə, 2003-cü ildə istifadəyə verilmiş, ötən il əsaslı təmir işləri ilə yenidən qurulan 250 çarpayılıq pansionat ildə 5 min nəfərədək xəstə qəbul edə bilər. Bu tibb müəssisəsində ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi xəstəliklərindən və endokrin xəstəliklərdən əziyyət çəkənlərə xidmət göstəriləcək. Əsas xidmətlər funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiyadır.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasiminə də qatılıb.
Kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub.
Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşüb, çıxış edib.