İsrailin “Yerusəlim Post” qəzetində ölkədə məcburi peyvəndlənmənin tətbiqi ehtimalına dair məqalə dərc olunub. Məqalənin müəllifi Maayan Yaffe-Hoffmandır.
Novator.az saytının məlumatına görə, məqalədə məcburi peyvəndlənmə məsələsinə mütəxəssislərin münasibəti öyrənilib.
Məqalədə deyilir ki, hüquqşünasların fikrincə, hökumətin peyvənd olunmaq istəməyən insanlara məhdudiyyətlər tətbiq etmək, onları peyvənd olunmağa sövq etmək, hətta bundan imtina edənlərə cərimə kəsmək hüququ var. Ancaq İsrail hökumətinin bu addımları atacağına güman azdır.
İsrailin Bar-İlan Universitetinin professoru Yuval Feldman “Yerusəlim Post”a bildirib ki, insanları peyvənd olunmağa məcbur etmək yaxşı üsul deyil: “İnsanları ümumiyyətlə nəyəsə məcbur etmək bir nəticə vermir”.
Məqalə müəllifi yazır ki, ölkəyə xeyli həcmdə peyvənd gətirilməsinə baxmayaraq İsrailin peyvənd kampaniyası son həftələrdə zəifləyib. 50 yaşdan yuxarı insanların 80%-i peyvənd olunsa da, gənclər peyvəndlənməkdən çəkinirlər.
Səhiyyə naziri Yuli Edelşteyn bugünlərdə bildirib ki, hökumət fevralın 23-dən ölkədə “Yaşıl pasport” proqramının işə düşəcəyinə ümid edir. Bu proqrama görə, bəzi müəssisələrə yalnız peyvənd olunmuş və ya koronavirus infeksiyasından sağalmış insanların girişinə icazə verilməlidir. Bura idman zalları, hovuzlar, hətta otellər də aid ola bilər.
Səhiyyə naziri vətəndaşlara təcili test etdirmək imkanının olmayacağı haqda da xəbərdarlıq edib. O bildirib ki, təcili test etdirmək istəyən, amma peyvənd olunmağa vaxt tapa bilməyən insanlara görə laboratoriyaların aşıb-daşmasına icazə verilməyəcək.
Yuli Edelşteyn əlavə edib ki, hökumət təhsil müəssisələri də daxil olmaqla, işəgötürənlərə son 48 saat ərzində peyvənd olunmamış və ya koronavirus testindən keçməmiş şəxslərin həmin müəssisələrə daxil olmasını qadağan edən qanunvericiliyi müzakirə edir.
Müəllif yazır ki, nazirin açıqlaması sosial şəbəkələrdə və mediada böyük etirazlara səbəb olub. İnsanlar hökumətin məcburi peyvəndlənmə həyata keçirəcəyini güman edirlər.
Qüdsün İbrani Universitetinin hüquq professoru Barak Mədinə isə bildirib ki, hökumətin peyvənd olunmayanların hərəkətini məhdudlaşdırmaq, hətta peyvənddən imtina edənləri cərimələmək hüququ var.
Hüquqşünasın sözlərinə görə, müvafiq epidemioloji məlumatlar məhdudiyyətlərin tətbiqini asanlaşdıracaq: “Hökumət restoranlara girişin qadağan olduğunu deyə bilər. Risk altında olmayanlar bu qadağadan azad edilə bilərlər. Çünki koronavirus qanunvericiliyi hökumətə xalqın sağlamlığı üçün məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verir. Hər böhran dövründə belə olub”.
Barak Mədinə peyvənd etdirmək istəyənlərə həvəsləndirici mükafatın verilməsi qaydasının olduğunu da söyləyib. Amma o, bundan ötrü yeni qanunun qəbuluna ehtiyac duyulduğunu da vurğulayıb. Çünki həmin qayda qanunvericiliklə tənzimlənməsə dini etiqad azadlığı hüququnu poza bilər. Məsələ burasındadır ki, kimlərsə dini səbəblərdən peyvənd olunmaq istəməyə bilər.
Hüquqşünas Ali Məhkəmənin bu yöndə 7 il əvvəl qərar qəbul etdiyini qeyd edib: “2009-cu ildə İsrail hökuməti uşaqlarını peyvənd etdirməkdən boyun qaçıran ailələrə uşaqpulu verilməyəcəyinə dair qanun qəbul etmişdi. Bu addım əhalinin sağlamlığını yaxşılaşdırmaq üçün tətbiq olunan vaksinasiya prosesinə qarşı çıxanları məhkəməyə cəlb etmək məqsədi güdürdü.
Ali Məhkəməyə təqdim olunan bir şikayət ərizəsində bu addımın ayrı-seçkilik yaratdığı bildirilmişdi. Çünki peyvənd olunmayan insanların böyük əksəriyyəti aylıq uşaqpuluna ehtiyacı olan az gəlirli ultra-pravoslav yəhudilər və israilli ərəblər idi.
Ali Məhkəmə bu siyasəti dini azadlıq hüququnun pozuntusu kimi qəbul etsə də, əsaslı siyasət kimi bəyənmişdi. Ona görə şikayəti rədd edərək qanunu qüvvədə saxlamışdı”.
Barak Mədinə həmin qanunun 2 il sonra ləğv edildiyini bildirib: “Ancaq ölkədə fövqaladə vəziyyət səbəbindən oxşar qaydaların tətbiqinə icazə verən qanun və məhkəmə qərarı var. Bundan başqa, İsraildə dövlətin məcburi peyvəndlənmə tətbiq etməsinə icazə verən daha bir qanunu mövcuddur. “Xalq sağlamlığı sərəncamı” adlandırılan bu qanun 1940-cı ildə Britaniya mandatlığı dövründə qəbul edilib. Onun indi də tətbiq olunması mümkündür.
Qanunda deyilir ki, səhiyyə nazirinin bütün əhalini peyvəndlənməyə məcbur etmək səlahiyyəti var və prosesdən imtina edən şəxslərə həbs cəzası da daxil olmaqla cərimələr tətbiq oluna bilər”.
Hüquqşünas həmin qanunun 1950-ci illərdə tətbiq edildiyini deyib: “Düşünürəm ki, hazırda bu cür siyasət sərt addım kimi qəbul edilə bilər. Çünki bu, insan azadlıqlarının pozulmasına yönələn qərardır”.
Əhalinin əksər hissəsinin peyvəndlənməyə hazır olduğunu və xalqın sağlamlığını təmin etmək üçün test kimi alternativ üsulların mövcudluğunu vurğulayan Barak Mədinə peyvəndlənmə məcburiyyətinin tətbiq olunmayacağına ümid edir. Hüquqşünas həm də məcburiyyət haqda qərar qəbul olunsa belə, onun tətbiqi mexanizminin işlək olmayacağı qənaətindədir.
Mənbə: Jpost.com