Novator.az Məhkəmə-Hüquq Şurası barədə qısa arayışı təqdim edir. Qanuna görə, Məhkəmə-Hüquq Şurasının hakim vəzifələrinə seçkinin təşkili, hakimlərin fəaliyyətini qiymətləndirmək, onları intizam məsuliyyətinə cəlb etmək, hakimlərin iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi təqdimatları vermək səlahiyyətləri var.
Məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqan kimi 2005-ci ildə fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası 15 üzvdən ibarət olmalıdır. Ədliyyə naziri və Ali Məhkəmənin sədri vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvləri hesab edilirlər.
Qalan üzvlərin müəyyənləşmə mexanizmi belədir:
prezidentin təyin etdiyi şəxs;
Milli Məclisin təyin etdiyi şəxs;
Konstitusiya Məhkəməsinin təyin etdiyi hakim;
hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Ali Məhkəmənin seçdiyi kassasiya instansiyası məhkəməsinin iki hakimi;
hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi apellyasiya məhkəmələrinin iki hakimi;
hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin seçdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi;
hakim assosiasiyalarının təklif etdiyi namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi birinci instansiya məhkəməsinin iki hakimi;
Ədliyyə Nazirliyinin təyin etdiyi şəxs;
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin təyin etdiyi vəkil;
Baş Prokurorluğun təyin etdiyi şəxs.
Məhkəmə-Hüquq Şurası üzvlərinin səlahiyyət müddəti beş ildir.
Sədr Məhkəmə-Hüquq Şurası üzvlərinin sadə səs çoxluğu ilə seçilir. Onun səlahiyyət müddəti beş ildir.
Yarandığı gündən Məhkəmə-Hüquq Şurasına ədliyyə naziri Fikrət Məmmədov sədrlik edir.
Qalan üzvlər bunlardır:
Ramiz Rzayev, Ali Məhkəmənin sədri;
Fuad Ələsgərov, prezidentin köməkçisi, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri;
Ziyafət Əsgərov, Milli Məclisin deputatı;
Rafael Qvaladze, Konstitusiya Məhkəməsinin hakimi;
Hafiz Nəsibov, Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri;
Sənan Hacıyev, Ali Məhkəmənin Mülki Kollegiyasının sədri;
Tapdıq Mahmudov, Gəncə Apellyasiya Məhkəməsinin sədri;
Qasım Əliyev, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri;
Azər Cəfərov, ədliyyə nazirinin müavini;
Xəqani Tağıyev, Sumqayıt Kommersiya Məhkəməsinin sədri;
Anar Bağırov, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri;
Heydər Məmmədov, baş prokurorun müavini.
Apellyasiya və birinci instansiya məhkəmələrinin hər biri üzrə bir yer boşdur.
Məhkəmə-Hüquq Şurasının inzibati binası Bakının Zahid Xəlilov küçəsində (540-cı məhəllə) yerləşir.