Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu ictimaiyyətin Qarabağda baş verənlərə diqqətli olmasına çağırır. Novator.az-ın məlumatına görə, o yazır ki, Rusiya Azərbaycanda və Ermənistanda iç savaşları qızışdırıb hər iki ölkənin diqqətini Qarabağdan yayındırır: “Rusiya Ermənistan hakimiyyətini kənardan idarə olunan müxalifətlə, Azərbaycan hakimiyyətini daxili qruplarla mübarizəyə sövq edir, hər iki tərəfi nəzarətdə saxlamaqla ölkələrdəki siyasi prosesləri istədiyi məcraya yönəldir. Bununla hakimiyyətləri də, özünə bağlı qrupları da asılı vəziyyətə salıb idarə edir.
Rusiya paralel olaraq Qarabağda uzunmüddətli dövrdə təsir və nəzarət üçün sistemli fəaliyyət həyata keçirir. Hərbi güclər Qarabağda hücum və müdafiə obyektləri qurur, bölgədə mini Kreml idarəçiliyi formalaşır, rus dili rəsmi dil olmaqla yerli ermənilərin Rusiyaya inteqrasiyası güclənir.
Biz də dava filmlərində olduğu kimi qruplar arasında savaşı seyr edir, qrupların bir-birinə qarşı kompromatları əsasında onların gücünü və resurslarını dəyərləndirir, kapitalını, əmlakını, pulunu sayırıq.
Bütün bunlara başımız qarışdığı dövrdə Qarabağı bizdən uzaqlaşdıran proseslər gedir və onlar ictimai diqqətdən kənarda qalır.
Müharibə bitməyib, əslində nə qədər Rusiya Qarabağdadır, bir o qədər də müharibə ehtimalı qalır. Odur ki, diqqətli olmalı, Qarabağda baş verənlərə ictimaiyyətin əvvəlki marağını bərpa etməliyik, bizi məqsədli halda əsas hədəflərimizdən yayındıran məqamların üzərindən ustalıqla yan keçməli, hər gün və hər an Qarabağda baş verənlərdən yazmalı və danışmalıyıq”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı bölgələrin böyük qismini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bir çox qəsəbə və kənd azad olunub.
Noyabrın 10-da Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar dayandırılıb. Dağlıq Qarabağa və bu bölgəni Ermənistanla birləşdirən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilib.
Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin, Laçın şəhəri və rayonun bir neçə kəndi Rusiya hərbçilərinin nəzarətindədir.