Qarabağ məsələsi cümhuriyyət parlamentində (11)
Solmaz Rüstəmova-Tohidi
Tarix elmləri doktoru
VIII hissə
Azərbaycan parlamenti Qarabağda erməni üsyanı ilə bağlı məsələni ayrıca, fövqəladə iclas çağırmayaraq özünün 1 aprel 1920-ci il iclasında, gündəlikdə olan bir neçə məsələdən sonra müzakirə edir. Məsələnin mühümlüyü nəzərə alınarsa, ilk nəzərdə sual doğuran bu məqama parlament sədrinin müavini, iclası aparan Məmməd Yusif Cəfərov aydınlıq gətirir, parlament haqda nizamnamənin 104-cü maddəsinə uyğun olaraq daxili işlər nazirinin Qarabağ hadisələri haqqında izahat vermək istədiyini bildirir. 104-cü maddəyə görə, hökumət nümayəndələri parlament üzvlərinin sorğusuna əsasən və ya gündəlikdə olmayan məsələyə dair izahat verdikdən sonra sədr müzakirələrin vaxtını parlamentin öhdəsinə buraxır.
Daxili işlər naziri Mustafa bəy Vəkilovun parlamentdə bu çıxışı ərəfəsində Qarabağda erməni üsyanı əsasən yatırılsa da, Əsgəran uğrunda döyüşlər davam edirdi və hökumət nümayəndəsinin hələ tam qələbə əldə edilməmiş öz təşəbbüsü ilə parlament qarşısında izahat verməsi Azərbaycan hökumətinin həmin günlər ümumən böhran keçirməsi ilə də bağlı idi. Bir sıra sosial-iqtisadi problem, Dağlıq Qarabağda erməni üsyanı, Qırmızı Ordunun Dağıstanda Denikin qüvvələrini məğlub edərək Azərbaycan sərhədlərinə yaxınlaşması, Sovet Rusiyasının diplomatik əlaqələr yaratmaq haqqında bütün təklifləri cavabsız qoyması və s. məsələlər Azərbaycan hökumətinin fəaliyyətini xeyli çətinləşdirirdi.
Sonuncu amil artıq yalnız hökumət üçün deyil, cümhuriyyətin varlığı üçün təhlükə yaradırdı. Sovet Rusiyasının yerli tərəfdarları vasitəsilə ölkəyə müdaxilə üçün zəmin hazırladığı ehtimal olmaqdan çıxırdı. Dövlət Müdafiə Komitəsinin nəzdindəki Əksinqilabla Mübarizə Təşkilatının əsasən denikinçi və erməni-daşnak qüvvələri nəzarətdə saxlayaraq bolşeviklərin fəaliyyətinə lazımi diqqət vermədiyi bir şəraitdə sol qüvvələr, o cümlədən Azərbaycan parlamentində təmsil olunan sosialistlər çox fəallaşmışdılar. Fevralın 10-da gizli keçirilən qurultayda bütün solçu təşkilatlar birləşib Vahid Azərbaycan Kommunist (bolşeviklər) Partiyası yaratmışdı. Əhali arasında güclü əks-təbliğat aparmaqla cəmiyyətdə gərginlik yaradan bu qüvvələr fəhlələrdən ibarət silahlı drujinalar formalaşdırır, cümhuriyyət hökumətini devirmək planları hazırlayır, dövlət çevrilişinə çağıran bəyannamələr buraxırdılar.
Vəziyyət 1920-ci ilin fevralında Daxili İşlər Nazirliyində yeni təyinatları (Mustafa bəy Vəkilov nazir, Şəfi bəy Rüstəmbəyli nazir müavini olmuşdu) şərtləndirmiş, aparılan çevik və sərt əməliyyatlar nəticəsində silahlı üsyan hazırlayan gizli hərbi təşkilat üzə çıxarılmış, onun rəhbərləri və fəal üzlərinin adları aşkarlanmış, həbslər başlamışdı.
Bu tədbirlər qarşısında siyasi müxalif qüvvələr hökumət üzərinə açıq hücuma keçir, onu nüfuzdan salmaq üçün bütün vasitələrdən, o cümlədən parlament tribunasından istifadə edirdi. Qarabağ məsələsinin müzakirəsi ərəfəsində Nəsib bəy Yusifbəylinin hökumət kabinəsinin işini iflic vəziyyətə salmış bu qüvvələr ölkənin ərazi bütövlüyü üçün son dərəcə gərgin vəziyyətdə belə öz siyasi məqsədlərindən çəkinmirdilər.
Belə bir vaxtda daxili işlər nazirinin öz təşəbbüsü ilə parlament qarşısında çıxış etməsi və ölkənin bütün siyasi qüvvələrinin təmsil olunduğu məclisin diqqətini dövlət üçün taleyüklü bir məsələyə cəlb etməsi həmin qüvvələrin məsuliyyət hissinə yönəlmiş addım idi.
Yenicə Qarabağdan qayıtmış daxili işlər naziri Mustafa bəy Vəkilov parlament kürsüsünə qalxaraq son günlərdə “əfkari-ümumiyyəni işğal edən” Qarabağ hadisələri barədə izahat verəcəyini bildirir. İzahatdan məlum olur ki, ermənilərin neçə aydan bəri hazırlanan və Şuşa qalasının yaxınlığındakı Şuşikənddən top atəşi siqnalı ilə bir neçə cəbhədən başlanan silahlı hücumları Novruz bayramını qeyd edən müsəlman əhali və Azərbaycan hərbçiləri üçün gözlənilməz olub. 50 nəfərlik Əsgəran postunu qəfil hücum nəticəsində ələ keçirən ermənilər Şuşa qalasına məkrlə daxil olublar. Dağlıq Qarabağın iki erməni hissəsinin pristavları (hər biri 15-20 silahlı “strajnik”lə) general qubernatorun Novruz bayramını təbrik bəhanəsi ilə şəhərə gəlib, burada daha 200 nəfər erməni silahlısı onlara qoşularaq gecə Şuşa qarnizonuna qəfil hücum edib, bir neçə zabiti həbs edib, əsgərlərə atəş açıblar. Gözlənilməz olsa da, Şuşa qarnizonu bu hücumu dəf edib, martın 23-də bütün günü şəhərdə atışma gedib, axşama yaxın xeyli itki vermiş erməni silahlıları şəhərdən çıxıb.
Cəbrayıl, Cavanşir, Tərtər, Zəngəzur qəzalarında da silahlı erməni əhalisi Azərbaycan hərbi hissələrinə hücum edib qiyam qaldırıblar, lakin düşmənin hücumları dəf edilib, hazırlanan planlar bir nəticə verməyib. Erməni silahlıları yalnız Əsgəranı işğal edə biliblər, hazırda orada şiddətli döyüşlər gedir.
Nazir Qarabağda müvəqqəti pozulmuş intizam və qaydanın tezliklə düzələcəyini, hökumətin bu xüsusda ciddi və qəti tədbirlər gördüyünü, yaxın günlərdə üsyanın tam yatırılacağını bildirir.
İclas sədrinin Mustafa bəyin izahatı əsasında müzakirələrin nə zaman keçirilməsinə dair sualına əksəriyyət “bu gün” qərarı verir. Lakin iclasın gedişi Qarabağ müzakirələrinin dərhal və məqsədli şəkildə başqa məcraya yönəldiyini göstərir.
Nazirdən sonra dərhal kürsüyə çıxan “sol sosialist” Əliheydər Qarayev hökuməti ermənilərin hücumuna lazımi dərəcədə hazır olmamaqda və bacarıqsızlıqda qınayır, onu yaxınlaşan təhlükəni dəf etmək əvəzinə “Əli Bayramovları tutub dörd divar arasında boğmaqda” ittiham edərək hökumətə etimad göstərməyə yox, “Azərbaycan füqərasını bu təhlükədən xilas etmək üçün tədbirlər aramağa” çağırır.
Qarayevin “Hökumət yalnız daxildəki bolşeviklərlə razılığa gələ biləcəyi təqdirdə Rusiya sizi qəbul edə bilərdi” sözləri məclisdə böyük səs-küy doğurur: “eyib olsun”, “rədd olsun”, “xain” kimi səsləri, zaldan qopan həyəcanlı nidaları sədr aramsız zəng çalmaqla güclə yatırdır.
Sözünə davam edən Qarayev istər ermənilərin, istərsə “Ermənistanda qüvvə toplayan” Denikinin qarşısına çıxacaq bir qüvvənin yalnız “Qırmızı Rusiya qoşunu” olduğu iddiası ilə “ciddi surətdə Qırmızı Ordu ilə danışıqlara girməyin” vacibliyini vurğulayır, lakin bu işi “Əli Bayramovun qanına bulaşmış” hazırkı hökumətin bacarmayacağı qənaətini bildirir.
Məclisdə təkrar ucalan qarışıq səslər, “böhtandır”, “sübut et” kimi sədalar altında Qarayev “Sizə Rusiya şura hökuməti ilə danışığa girmək lazımdır” sözləri ilə kürsüdən düşür.
İnqilabi mübarizəyə sol eser kimi başlayıb Azərbaycan bolşeviklərinin tanınmış simasına çevrilən, cümhuriyyət yaranandan onun əleyhinə gizli fəaliyyət göstərən, Azərbaycan istiqlalının tanınmasını “Paris cəlladlarının… böyük xəyanəti” kimi qiymətləndirən Əli Bayramov silahlı üsyana hazırlıq və hakimiyyəti ələ keçirmək üçün yaradılmış gizli hərbi təşkilatın rəhbəri idi. DİN və Bakı polisinin apardığı tədbirlərin gedişində onun da həbsinə qərar verilmişdi. Lakin Bayramov yoxa çıxmışdı. Bu faktdan istifadə edən bolşeviklər, o cümlədən parlamentin solçu üzvləri Azərbaycan polisini Bayramovu öldürməkdə ittiham edirdi. Qarabağ məsələsinə həsr olunmuş iclasda da Qarayevin bu məsələni gündəmə gətirməsi müzakirələri hökumət əleyhinə yönəltmək məqsədi güdürdü. Təsadüfi deyil ki, Qarayevdən sonra parlament üzvü, eyni zamanda daxili işlər nazirinin müavini Şəfi bəy Rüstəmbəyli söz alır və bu məsələyə aydınlıq gətirməyə çalışır. Məlum olur ki, Bakı polisi silahlı üsyan yolu ilə dövlət çevrilişi hazırlayan planın üstünü açarkən əldə edilən sənədlərdə Əli Bayramovun, eləcə də parlament üzvü Əliheydər Qarayevin imzaları olduğu aşkarlanıb. Bayramov bu məqsədlə axtarılsa da hələ ki, tapılmayıb. Lakin şəhərdə guya bir qoçunun onu tutaraq polisə təhvil verdiyi, polisin isə onu boğaraq öldürdüyü kimi şayiələr yayılıb. Daxili işlər naziri bu məsələni araşdırmağı Bakı qubernatoruna, şəhər polisinin rəisinə və prokurora tapşırıb. Eyni zamanda Şəfi bəy özü Bayramovun ailə üzvlərini qəbul edib, onun harada olduğunu, kimlərin onu tuta biləcəyini soruşub, onlar da şəhər qoçularından şübhələndiklərini bildiriblər.
Nazir müavini Qarayevin bu işdə Azərbaycan hökumətini günahlandırmasını hökumətə böhtan kimi qiymətləndirir.
İclasın sədri Əli Bayramovun məsələsinin bu iclasın müzakirə mövzusu olmadığını bildirir və parlament üzvləri də səsvermə yolu ilə onun bu iclasda müzakirəsini məqbul saymırlar. Sədr Qarabağ hadisələri haqda danışmaq üçün Məhəmməd Əmin Rəsulzadəyə söz verir.
Rəsulzadənin bu iclasda hansı ovqatla çıxış etdiyini stenoqramlardakı “əsəbi bir halda”, “qayət hərarətli və həyəcanlı bir halda” kimi ifadələrdən duymaq olar. “Qarabağda Azərbaycan istiqlal və hürriyyətinin düşməni olan bir ünsür”ün qaldırdığı fəsad və üsyanı Bakının özündə, Azərbaycanın mərkəzində hazırlanan daha böyük bir üsyanla müqayisə edən Rəsulzadə “Üsyan çığıranın adı Əliheydərmi olsun, ya Vartazarmı olsun, ikisi də asidir. Qarabağdamı və Bakıdamı çıxışda bulunsun, ikisi də birdir” deyir.
Rəsulzadənin Qarayevə ünvanlanmış “Öz içərimizdən bizə ultimatum verir, bizi qırmızı Rusiyanın orduları ilə təhdid edir” sualına yerlərdən “ar olsun!” sədaları eşidilir. Qarayevin “şərtlərini” ən kəskin şəkildə tənqid və ifşa edən Rəsulzadə Əli Bayramov məsələsinə də münasibət bildirir, daşnakların Qarabağdakı xəyanətlərindən istifadə edib hökuməti yıxmaq istəyənlərin öz məqsədləri üçün Əli Bayramovu gizlədib hökumətə böhtan atdıqlarını mümkün sayır. “Rusiya ilə hesablaşmaq başqa, Əliheydərlə hesablaşmaq başqadır” deyən Müsavat fraksiyasının lideri bu günün məsələsinin Qarabağdakı üsyan olduğunu vurğulayır və “həqiqi bir millətpərvər olursaq, əldə silah oraya qoşulmalıyıq” sözləri ilə alqışlar altında nitqini bitirir.
İttihad fraksiyasının başçısı Qarabəy Qarabəyov da çıxışında ən əvvəl Qarabağ məsələsinə önəm verir, lakin onu sadəcə “təhlükə” deyil, “fəlakət” sayır, müqabil tərəfi “köhnə düşmən” adlandıraraq onun heç də zəif olmadığını, daşnakların 40-60 ildən bəri müsəlmanları qırmaq siyasəti yürütdüyünü diqqətə çatdırır. Bu səbəbdən nazir Vəkilovun verdiyi izahatı “kafi” hesab etmir, müxalif fraksiyaların Qarabağda vəziyyətə dair “yazdıqlarına” hökumətin vaxtında tədbirlər görmədiyini, arxayınlıq yaratdığını bildirir. Azərbaycan hökumətini daha çox Antantaya inanmaqda günahlandıran ittihadçı natiq düşmənlərin əlinə “məmləkəti məhv etmək” üçün gözəl fürsət düşdüyünü vurğulamaqla ilk növbədə daxildə “anarxiya” salan düşmən qüvvələri zərərsizləşdirməyi, bütün milləti oyatmağı və “yekvücud” bir hala gətirməyi vacib sayır. Bunun üçün hökumətə “daşnaklar firqəsini” ölkədən çıxarmaq, şimaldan gələnlərlə “dostluq etmək”, öz siyasətini Türkiyə ilə uyğunlaşdırmaq kimi təkliflər edir.
Görünür, Rəsulzadənin çıxışından və ən sərt ittihamlarından hələ də özünə gələ bilməyən Əliheydər Qarayev “asi olmadığını” sübut etmək üçün bir daha kürsüyə qalxır və hökumətə yol göstərənlərin “provokator” adlandırılmasına etiraz edir. Dövlət əleyhinə sui-qəsd planlarında adı keçən, yalnız parlament üzvü kimi toxunulmazlıq hüququndan yararlanıb təmsil etdiyi qüvvələrin siyasi məqsədlərini heç gizlətməyən Qarayev məclis üzvlərinin ümumi gülüşü altında bir daha “Azərbaycan istiqlalının yeganə bir müdafiəçisinin” Azərbaycan kommunistləri olduğunu iddia edir. Lakin bu çıxışının sonunda bolşevik deputat ilk nəzərdə çox mühüm sayılacaq bir bəyanat verir: “Siz yəqin biliniz ki, Rusiyanın qırmızı qoşunu Azərbaycan sərhədini keçməyəcək və Azərbaycanı bərbad etməyəcəkdir”.
Bu zaman Rəsulzadə yerindən söylədiyi replika Qarayevin bu bəyanatının əsl “qiymətini” açıqlayır: “Bunu biz səndən deyil, Çiçerinin (Rusiyanın xarici işlər komissarı – red.) ağzından eşitmək istəyirik. Sən uşaqsan”.
Qarayevin cavabında “Bu məqsədlə siz Azərbaycanı məhv edəcəksiniz” sözləri məclisdə yenidən səs-küy qoparır, arxada oturan tamaşaçılar ayağa qalxır, sədr onları natiqlərə mane olmamağa çağırır və zalı güclə sakit edir.
Bu iclasda sosialistlərin xüsusi fəallığı və Qarabağ məsələsini daha çox hökuməti tənqid məqsədilə istifadə etməsi getdikcə daha aydın şəkil almağa başlayır. Həmin fraksiyadan Qasım bəy Camalbəyovun çıxışı da fərqlənmir. Əliheydər Qarayevin birtərəfli danışdığını təsdiq etsə də, vaxtilə “İrəvandan Qarabağa milyonlar gəlir” sözlərinə hökumətin “əhəmiyyət vermədiyinə” diqqət çəkən natiq “indi Qarabağda nahaq qanlar tökülməsini” məhz bu siyasətin nəticəsi sayır. Məclis üzvləri deputatın “Mən öz millətimin həqqini heç bir vaxt özgəsinə satmaram” nidasına rişxəndlə “çox sağ ol” deyərək iclas zalını yavaş-yavaş tərk etməyə başlayırlar. Camalbəyov sözünə davam etmək istəsə də, sədr söhbətin Əli Bayramov mövzusuna keçməsinə imkan vermir.
Bu dəfə kürsüyə başqa bir sosialist, sözü, sanbalı, təmkini ilə yoldaşlarından daim seçilmiş Aslan bəy Səfikürdski qalxır və o da çıxışına tənqidlə başlayır, nazirin və Rəsulzadənin danışdıqlarından narazı qaldığını, Qarabağda vuruşan əsgərlərin vəziyyəti haqqında heç bir məlumat eşitmədiyini deyir, şəhid düşənlərin dəfn edilib-edilmədiyi, hansı qayda ilə dəfn edildiyi, yaralıların necə müalicə olunduğu və s. kimi suallara cavab bilmək istəyir.
Sualların qoyuluşuna yerindən etiraz edən Abbasqulu Kazımzadəni sakitləşdirmək xahişindən sonra Aslan bəy bu dəfə Rəsulzadənin çıxışındakı tənqid hədəfini başqa yozuma yönəltməyə cəhd edir: “Biz heç bilmədik asi kimdir, üsyan qaldıran ermənilərdir, yaxud müsəlmanlardır. Bizə heç demədilər ki, Əsgəran kimi qalanı boş-boşuna, bir gecəyə ermənilərə verən kimdir”…
Bu sözlərdən sonra sosialist deputat əsas “mətləbə” keçir: “Burada Məhəmməd Əmin hər nə dedisə, üzünü Qarayevə tutub dedi. Daşnaklardan heç bir söz demədi. Deməz də, çünki onlar da özləri kimi millətpərəstdirlər. Əliheydəri hər kəs tanıyır, yoldaşlarını da tanıyırlar, Mirzə Davudu hamınız bilirsiniz, o yazıq evində otura bilmir…”
Lakin Məclis Aslan bəyin “toruna” düşmür, yerlərdən “zaqovora qol çəkənlərin başçısı” deyə səslər ucalır və sosialist deputatın silahlı üsyan qaldıraraq dövlət çevrilişi etmək planlarında adı rəhbər kimi keçən, lakin bir sıra səbəblərdən hələ həbs olunmayan bolşevik liderlərini müdafiə etmək cəhdlərini dəstəkləmir.
Səfikürdsi zalın ovqatını duyaraq məsələyə başqa tərəfdən yanaşır və bir sıra təkliflər edir: hazırkı vəziyyət nəzərə alınaraq “firqəbazlıq olmasın”, kimsə tutulmasın, çünki bu halda düşmənlərin sayı daha da artır; tutulan kommunistlər azad edilsin, çünki onlar asi və düşmən deyillər. Natiq 1918-ci ilin mart hadisələri zamanı “sosialistlərin nə qədər fədakarlıq etdiyini” xatırladaraq dövlət çevrilişi planlarında adları keçən kommunistlərin tutulması məsələsinə qayıdır: “Biz gərək deməyək ki, bu bolşevikdir, o birisi müsavatçıdır, hamımız müsəlmanıq və heç bir müsəlman qardaş gərək tutulmasın, ümum qüvvətimizi gərək birləşib orduya verək”.
Parlament iclasının gedişini diqqətlə izləyən nazir Vəkilov hökumətin ünvanına söylənən “ittihamlara” cavab verməyi lazım bilərək bir daha kürsüyə qalxır, lakin kommunistlərin həbsləri ilə bağlı deyil, yalnız Qarabağ və “Əsgəranda dava edən əsgərlərin halı” haqda səslənən suallara münasibət bildirir. “Mən əvvəlcə dedim ki, Qarabağ barəsində hökumət ciddi və qəti tədbirlər edib. Sonra dedim ki, üsyan dəf olub əmni-asayiş bərpa olacaq. Buna bütün millət hökumət ilə bərabər inanır” deyə alqışlarla başlanan nitqində nazir müəyyən şərtlərə görə bəzi məsələləri açıqlaya bilməyəcəyini, əgər parlament istərsə qapalı iclas keçirib lazımi məlumatlar ala biləcəyini nəzərə çatdırır.
Əsgəran qalasının tutulması ilə bağlı məsələyə aydınlıq gətirən Mustafa bəy onun gecə yarısı, əsgərlərin yatdığı vaxt ələ keçirildiyinə, lakin bu halda da ermənilərə müqavimət göstərildiyinə, bundan artıq hərbi vəziyyəti açıqlaya bilməyəcəyinə diqqət çəkir. Hərbçilərin vəziyyətinə gəldikdə isə onlara hər cür şərait yaradıldığını, əsgərlərə dövlətin və əlavə olaraq əhalinin yemək verdiyini, üç-dörd yerdə lazaretlər açıldığını, hətta müəllim və tələbələrin də gəlib orada işlədiklərini bildirir. Daxili işlər naziri hazırda hərbiyyə və səhiyyə nazirlərinin də Qarabağda olduqlarını vurğulayaraq parlament üzvlərinin də ora gəlməyini münasib sayır və çıxışını bu sözlərlə bitirir: “Mən oradan gəlmişəm. Orada gördüyüm ittihad və ittifaqı, fədakarlığı, mütəəssüf, burada görmədim. Orada hamısının fikri budur ki, mühasirədə qalanları azad etsinlər və şübhələri də yoxdur ki, azad edəcəklər”.
Alqışlarla müşayiət olunan bu nitqdən sonra Müsavat fraksiyasından Ağa Aşurov söz alır və sanki əvvəlki çıxışlara özünəməxsus şəkildə yekun vurur: “Bugünki danışıqlardan böylə zənn edirəm ki, burada oturanlar heç bilmirlər Azərbaycanda nələr olur. Yenə partiyabazlıq, yekdigərinin ayağını dartmaqdır. Əcəba, bizi qırıb qurtardılar ki, Əliheydər Qarayev buraya Sovet Rusiyasının qırmızı qoşunlarını gətirmək istiyor?!” deyən natiq 1918-ci ilin mart hadisələrini, ermənilərin bolşevik Nərimanovu öldürmək istədiklərini xatırladaraq diqqəti ölkə üçün əsas məsələyə yönəldir: “Bu gün yanğın var. Ev yanır, amma biz yığışıb gələcəkdə onun daşdanmı və ya ağacdanmı tikilməsini mübahisə edirik. Gəlin yanğını söndürək, sonra bunları danışarıq”.
Sonrakı natiq, Müsavat fraksiyasından Mirzə Sadıq Axundzadə də bugünkü müzakirələri müxtəlif səmtlərə yönəltməyib qarşıdakı “həyat, ya ölüm” məsələsinin həllini vacib sayır.
Zaldan müzakirələri bitirmək təklifinə sosialistlər fraksiyasından Hacı Kərim Sanılı etirazını bildirib məsələ mühüm olduğu üçün iclasın davamını sabaha saxlamağı təklif etsə də, Həsən bəy Ağayev artıq bütün fraksiyaların başçılarının danışdığını və mövqelərini bildirdiyini əsas götürərək müzakirələrə son qoyulması təklifini dəstəkləyir. Hökumətin getdiyi yol ilə öz işinə davam edəcəyinə və müzakirə olunan məsələnin milli məsələ olduğuna diqqət çəkən Həsən bəy iclasın yekunu olaraq bütün parlament üzvlərini hökumətin arxasında durmağa və onu saxlamağa çağırır.
Həsən bəyin təklifi səsə qoyulur və əksəriyyətin razılığı ilə qəbul edilir. Müzakirələr bitir və gündəlikdəki digər məsələyə keçməzdən əvvəl 10 dəqiqəlik tənəffüs elan edilir. Lakin bundan sonra gözlənilməz bir hadisə baş verir. Tənəffüsdən qayıdan parlament üzvləri arasından sosialist İbrahim İsmayılzadə söz alaraq əvvəlki müzakirəyə qayıdır, sosialistlər fraksiyasının “milli məsələni” həll etmək üçün göstərilən yolları daha artıq qüvvə ilə dəstəklədiyini, lakin bu işləri hazırkı hökumətin görə bilməyəcəyi qənaətində olduğunu bəyan edir.
İttihad fraksiyasından Heybətqulu Məhəmmədbəyov da sosialistlərin bu bəyanatına şərik olur.
Məclisin sədri Məmməd Yusif Cəfərov bu təklifi də səsə qoyur və Nəsib bəy Yusifbəylinin hökumətinə etimadsızlıq kimi səciyyələnən təklif əksəriyyət səslə qəbul edilir.
Əslində Nəsib bəyin rəhbərlik etdiyi Nazirlər Kabinəsinin istefası son günlər müxtəlif siyasi dairələrdə müzakirə olunurdu. Ölkə qarşısında taleyüklü məsələlərin həlli durduğu bir vaxtda müxalif partiyaların birləşərək növbəti dəfə hökumət böhranı yaratması, parlamentin bu iclasının gedişindən də göründüyü kimi, firqə maraqlarının və şəxsi maraqların daha üstün tutulduğunu bariz əks etdirirdi.
Hadisələrin sondakı inkişafı hökumət böhranının böyüyərək daha geniş miqyas almasına səbəb oldu. Yeni hökumətin təşkili ümumi razılıq əsasında Müsavat Partiyasının üzvü, Azərbaycanın ictimai-milli hərəkatında və cümhuriyyət tarixində xüsusi xidmətləri olan, digər siyasi partiyaların da rahat qəbul etdiyi təcrübəli siyasətçi Məmməd Həsən Hacınskiyə tapşırıldı. Lakin Hacınskinin parlamentin fraksiyaları arasında 3 həftə çəkən danışıqları nəticəsiz qaldı. Sosialistlərin yeni hökumətdə əsas nazir postlarını – hərbi, xarici və daxili işlər – tutmaq tələblərinə Müsavat fraksiyası razılıq vermirdi. Bu arada Hacınskinin özünün də vaxtı uzatması, daha sonra bolşeviklərlə gizli danışıqlar aparması, nəhayət, aprelin 22-də parlamentin sədri müavini Məmməd Yusif Cəfərova yeni hökumətin təşkilinin mümkün olmadığını, özünün də Müsavat Partiyasından çıxaraq bolşeviklərin partiyasına daxil olduğunu bildirməsi cümhuriyyətin taleyi üçün son dərəcə məsuliyyətli və həlledici bir məqamda hakimiyyət böhranını daha da dərinləşdirdi.
Yeni hökumət kabinəsi qurulana qədər öz fəaliyyətini davam etdirməli olan Nəsib bəy hökumətinin nazirləri siyasi çəkişmələrə qoşulmayaraq ən ciddi şəkildə Qarabağ məsələsinin həlli ilə məşğul idilər. Genişmiqyaslı erməni hərbi təcavüzünün qarşısını almaq və Qarabağdakı hərbi qüvvələri möhkəmləndirmək üçün Azərbaycanın digər bölgələrindən – Bakı, Ağdaş, Zaqatala, Quba, Nuxa – hərbi birləşmələr, hətta Azərbaycan parlamentinin mühafizə dəstəsinin döyüşçüləri də düşmənlə hərbi əməliyyatlara cəlb olunmuşdular.
Nəhayət, aprelin 5-də Şuşa ətrafındakı erməni kəndlərinin güclü müqavimətini yaran Azərbaycan qoşunları müxtəlif istiqamətlərdən şəhərə daxil oldular. Aprelin 9-dan 12-dək isə Şuşa yaxınlığındakı Keşişkənd ətrafında düşmənin ən güclü və ən möhkəm hərbi bazası məhv edildi. Beləliklə, martın 22-dən başlanan “Qarabağda erməni üsyanı” tamamilə yatırıldı, bölgədə Azərbaycan hakimiyyəti bərpa olundu.
Azərbaycan ordusunun demək olar ki, bütün hissə və bölmələrinin iştirakı ilə qazanılan bu qələbə ilk nəzərdə “hərbi əməliyyat” xarakteri daşısa da, az sonra böyük tarixi əhəmiyyət kəsb edəcəkdi. Qarabağın adı Azərbaycan parlamentində bir də aprelin 12-də, 140-cı iclasda, Şuşa qəzasının Ağdam ərazisində ali-ibtidai məktəb açılmasının müzakirəsi zamanı çəkiləcəkdi. Bu müzakirə özlüyündə cümhuriyyət parlamentinin ona buraxılmış son 3 həftə ərzində öz işinə davam edərək dövlətin möhkəmlənməsinə yönəlik qanunlar, bölgələrdə məktəb tikintisindən başlamış xarici ölkələrdə səfirliklər yaratmağa qədər quruculuq məsələləri ilə məşğul olduğunun və sabaha ümidlə baxdığının göstəricisi idi.
Lakin 1920-ci ilin 27 aprelində xarici işğal və daxili təzyiq nəticəsində fövqəladə çağırılan 145-ci iclasda Azərbaycan parlamentinin fəaliyyətinə və cümhuriyyətin varlığına son qoyuldu.
Burada Azərbaycan parlamentində müxtəlif fraksiyaların Qarabağ siyasətində birmənalı olaraq möhkəm iradə, qətiyyət və əzm göstərdiyi xüsusi vurğulanmalıdır. Azərbaycan parlamenti mövcud olduğu 17 ay ərzində Qarabağ məsələsini daim gündəmdə saxlayıb, onun Azərbaycana mənsubluğuna ən ciddi təhlükələr yarandığı vaxtlarda 4 dəfə bu mövzuya bir neçə gün davam edən ayrıca iclaslar həsr edib, bütün vasitələrdən – diplomatik, iqtisadi, hərbi, təzyiq və mümkün güzəştlər – istifadə edərək Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına imkan verməyib. Ermənistan hökumətinin, Qarabağın erməni əhalisinin və siyasi dairələrinin fəaliyyətinə dair sənədlərlə ən səthi tanışlıq belə cümhuriyyət parlamenti və hökumətinin hansı nəhəng qüvvələr qarşısında davam gətirdiyinin aydın təsəvvürünü yaradır.
1920-ci ilin aprelində, işğal ərəfəsində öz ordusunun möhtəşəm hərbi qələbəsi ilə bu ərazilərin Azərbaycan dövləti hüdudlarında qalmasını təmin edən Azərbaycan Cümhuriyyəti Qarabağı gələcək nəsillərə bir əmanət qoyaraq tarixə qovuşdu.