Qarabağ məsələsi cümhuriyyət parlamentində (10)
Solmaz Rüstəmova-Tohidi
Tarix elmləri doktoru
VII hissə
1919-cu ilin payızında Azərbaycan hökumətinin və ordusunun Zəngəzur qəzasında öz hakimiyyətini tam bərqərar etməyə dair planlarını regiondakı xarici nümayəndələrin vasitəsilə dayandırmağa müvəffəq olmuş Ermənistan hökuməti dərhal Qarabağ məsələsinə qayıdır. Bu dəfə əsasən ermənilərin məskunlaşdığı Gülüstan ərazisinin inzibati idarəçiliyinin Qarabağa aid edilməsi məsələsi yenidən gündəmə gətirilir.
Dağlıq Qarabağın 5 məlikliyindən biri olmuş, Murovdağ silsiləsi, İncəçay və Kürəkçay kimi təbii sərhədlər daxilində 13 erməni kəndindən ibarət bu ərazi hələ çar hakimiyyəti dövründə 1868-ci ildə yaradılan Yelizavetpol quberniyasının eyniadlı qəzasına aid edilmişdi. İmperiya dağılandan və xüsusən cümhuriyyət yaranandan sonra bu “səhvi” düzəltmək qərarına gələn Gülüstanın erməni əhalisi coğrafi ərazi bağlılığını, dini-mənəvi baxımdan Qarabağın erməni kilsəsinə aidiyyətini əsas tutaraq Qarabağ ermənilərinin V qurultayında (aprel 1919-cu il) bu rayonun Dağlıq Qarabağın Çiləbört (Crabert) bölgəsinin tərkibinə daxil olmasını tələb edirlər və yalnız Dağlıq Qarabağın Erməni Milli Şurasının hakimiyyətini tanıdıqlarını bildirirlər. Həmin qurultayda iştirak edən ingilis komandanlığının nümayəndəsi general Şatelvort bu tələbi qismən yerinə yetirərək Gülüstanı Qarabağın xəritəsinə salır.
Lakin 1919-cu ilin məlum iyun hadisələrindən sonra Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun qətiyyətli siyasəti nəticəsində bu məsələ yenidən gündəmə gəlir. Qarabağ ermənilərinin VII qurultayında (avqust) Azərbaycan hakimiyyətini tanımaq haqda müqavilə imzalanarkən Gülüstan rayonunun inzibati aidiyyətini rəsmiləşdirmək şərti də irəli sürülür. Xosrov bəy Sultanov həmin məsələni müzakirələrdən çıxararaq bu haqda mütləq Gəncə qubernatoru ilə danışacağını və Gülüstanın Qarabağa aid edilməsinə nail olacağını vəd edir. Görünür, bu məsələnin həllinin zəruriliyi Azərbaycan hökumətində də nəzərə alınır, lakin verilən qərar heç də ermənilərin gözlədiyi kimi olmur. 1919-cu il sentyabrın ortalarında Gəncə qəzasının rəisi Bəhram bəy Gülüstanın rayon mərkəzi Çaykəndə gəlir, əraziyə daxil olan bütün kəndlərin başçılarını toplayır və rayonun rəsmən öz tabeçiliyində qaldığını bildirməklə bütün əhalinin dərhal tərksilah olunmasını tələb edir. Bu qərarı qəbul etməyən erməni başçıları geniş fəaliyyətə başlayırlar. Qarabağın və Gəncənin erməni milli komitələri işə qarışır, Ermənistan hökumətinə müraciətlər edilir, məsələ böyüyür, bu arada Gəncəyə gələn Nəsib bəy Yusifbəyli həmin tələblərə münasibət bildirməli olur və bölgənin Qarabağa birləşdirilməsi məsələsinin parlamentdə müzakirə və həll olunacağını bəyan edir.
Son nəticədə Azərbaycan parlamenti bu məsələni geniş müzakirəyə çıxarmağı lazım bilməyərək onun hökumət səviyyəsində həllini məqbul sayır. Noyabrın əvvəllərində iki rəsmi sənəd – Qarabağ general-qubernatorunun Cavanşir qəza rəisinə bundan sonra Gülüstan rayonunun işlərinə qarışmamaq, Gəncə qubernatorunun isə bu rayonunun Gəncə qəzasına daxil olduğu əmrləri Gülüstan əhalisinə təqdim edilir. Beləliklə, ermənilərin ən müxtəlif səviyyələrdə bütün təzyiq və təsirlərinə baxmayaraq Azərbaycan hökuməti problemlər yarada biləcəyi ehtimal olunan daha bir ərazi məsələsini öz dövlət maraqlarına uyğun şəkildə həll edir.
Bu rayonun tarixən mənsub olduğu Qarabağ regionuna birləşdirilməyib Gəncə qəzasının tabeliyində saxlanması dövrün reallıqları şəraitində çox düşünülmüş mühüm bir qərar idi və onun əhəmiyyəti sonrakı dönəmlərdə daha qabarıq şəkildə meydana çıxdı. Sovet dövründə Şaumyanın adını daşıyan bu rayon Dağlıq Qarabağ Muxtar Vilayətinə tabe edilməyərək Azərbaycan SSR tərkibində ayrıca inzibati ərazi vahidi kimi saxlanmışdı.
1988-ci ildə Qarabağ hadisələri başlanarkən DQMV və Şaumyan rayonu rəhbərləri Azərbaycan Ali Soveti qarşısında tabeçilik haqda bir daha vəsatət qaldırsa da, bu tələb təmin olunmadı, əksinə, 1991-ci ildə Şaumyan kənd rayonu ümumən ləğv edilərək Goranboy rayonunun tərkibinə qatıldı. Bu qərarla hesablaşmayan ermənilər həmin ilin sentyabrda “Dağlıq Qarabağ Respublikası”nın yaradıldığını elan edərkən keçmiş Şaumyan rayonunun ərazisini bu qondarma qurumun tərkibində “görsələr” də, 1992-ci ilin yayında qızğın Qarabağ döyüşləri zamanı rayonun bütün erməni əhalisi bölgəni ümumiyyətlə tərk etməli oldu.
Beləliklə, cümhuriyyət hökumətinin və parlamentinin böyük uzaqgörənliklə Gülüstan rayonunu Dağlıq Qarabağın inzibati idarəçiliyinə verməməsi, həmin ərazilərə (indiyədək davam edən) erməni iddialarını bütün sonrakı mərhələlərdə hər hansı hüquqi-qanuni əsaslardan məhrum etdi.
Lakin 1919-cu ilin sonları, 1920-ci ilin ilk aylarında ermənilərlə yaşanan problemlərin heç də hamısını belə qətiyyətlə həll etmək mümkün olmurdu. Zəngəzurdakı yerli erməni silahlıları və Ermənistanın hərbi birləşmələrinin yalnız bu qəzaya deyil, Dağlıq Qarabağın digər qəzalarına da nəzarəti öz əllərinə keçirmək cəhdləri qarşısında Xosrov bəy Sultanov artıq yalnız Zəngəzur-Qarabağ arasında deyil, Qarabağın ermənilər yaşayan qəzaları arasındakı sərhədləri də möhkəmləndirmək tədbirləri görməli olurdu. Fevralın əvvəllərində Nuru paşa, Xəlil bəy və digər türk zabitlərinin, general Novruzovun birləşmələrinin Şuşaya gəlməsi və bu istiqamətdə görülən hərbi hazırlıqlar Ermənistanın narahatlığını xeyli artırır. Parisdə erməni və kürd nümayəndələri arasında Cənubi Qafqazda ərazi məsələlərinə dair razılıq əldə edilməsi müqabilində Xosrov bəy Sultanovun bölgənin kürd əhalisini hərbi səfərbərliyə cəlb edərək ayrıca atıcı batalyon və süvari diviziya təşkil etmək tədbirləri də ermənilərin diqqətindən yayınmır. Birinci Dünya müharibəsinin gedişində Osmanlı ordusunun kürd döyüşçülərindən ibarət “həmidiyyə” polklarının uğurlu təcrübəsinə istinadən Qarabağın müdafiəsi üçün də yerli kürd hərbi hissələri yaratmaq barədə məsləhətləşmələr Azərbaycan ordusunun baş qərargah rəisi Süleyman bəy Sulkeviç və Xosrov bəy Sultanov arasında 1919-cu ilin ortalarından aparılırdı, müharibə şəraitində isə 20-40 yaşlı kişilər cəlb olunmaqla 4 kürd batalyonunun təşkili nəzərdə tutulurdu.
Azərbaycan hökumətinin Qarabağda və Zəngəzurda öz mövqelərini möhkəmlətmək üçün gördüyü bütün işləri diqqətlə izləyən Ermənistan hökuməti 1920-ci ilin fevralından başlayaraq Parisdən tutmuş Azərbaycan hökumətinə və bütün mümkün ünvanlara Azərbaycanın Qarabağ ermənilərini “tamamilə tərksilah edərək Dağlıq Qarabağı öz hakimiyyətinə tabe etmək və Zəngəzuru tutmaq planları” haqda teleqramlar, etirazlar, notalar göndərir, siyasi münasibətdə olduğu bütün tərəfləri, xüsusilə Avropa ölkələri və regionda olan ABŞ, Britaniya və Fransa hərbi missiyalarının nümayəndələrini Azərbaycanın tezliklə Qarabağ və Zəngəzurda erməni əhalisinə qarşı geniş hərbi əməliyyatlara başlayacağına inandırmaq istiqamətində geniş təbliğat işi aparırdı.
Fevralın 22-də Ağdamda, Xankəndidə və Şuşa-Yevlax yolunda Azərbaycan hərbçilərinin ayrı-ayrı erməni silahlı dəstələrinin təxribatlarının qarşısını alması və tərksilah etməsini “əsas” götürərək Dağlıq Qarabağın Erməni Milli Şurası bu məsələni erməni əhalisinə qarşı yeni təhlükə kimi qiymətləndirir. 28 fevral-4 martda Şuşa qalası yaxınlığındakı Şuşikənddə Dağlıq Qarabağın Cavanşir, Xaçın, Vərəndə, Dizaq və Gəncə qəzasına daxil Gülüstan rayonlarından 96 nümayəndənin iştirakı ilə Qarabağ ermənilərinin VIII qurultayı keçirilir. Qurultay Azərbaycan hökumətinin bölgənin erməni əhalisinə qarşı iqtisadi “boykotdan” başlayaraq kütləvi “qırğınlar” törətmək ehtimalına qədər apardığı “siyasəti” qətiyyətlə “pisləyir” və onu Azərbaycan hakimiyyətinin tanınmasına dair VII qurultayda qəbul edilmiş müvəqqəti sazişin əsas müddəalarını mütəmadi olaraq pozmaqda ittiham edərək 5 maddədən ibarət yeni qətnamə qəbul edir. Hələ fevralın 26-da Ermənistan XİN-dən alınan teleqramdakı göstərişlər əsasında hazırlanan bu qətnamədə Azərbaycan hökumətindən müvəqqəti sazişin maddələrinə əməl olunması tələbləri və “baş vermiş qırğınları” (?) dünya ictimaiyyətinin diqqətinə çatdırmaq kimi çağırışlarla yanaşı “bu hadisələrin təkrarlanacağı təqdirdə Dağlıq Qarabağ ermənilərinin öz həyat və hüququnu müdafiə etmək üçün müvafiq əməllərə əl atacağı” kimi xəbərdarlıq da edilir. Azərbaycanın “türk əhalisini” də “öz etiraz səsini” Dağlıq Qarabağ ermənilərinin etirazına qoşmağa çağıran bu “qətnamə” mətbuat orqanlarından tutmuş regiondakı bütün siyasi-ictimai qurumlara göndərilir. Xarici nümayəndəliklərə ünvanlanan ayrıca müraciətlərdə Azərbaycan ordusunun Qarabağa hücumunun qarşısının alınması üçün təcili tədbirlər görülməsi və çıxış yolu kimi Dağlıq Qarabağın təcili olaraq Ermənistana birləşdirilməsi kimi tələblər irəli sürülür.
Qeyd olunmalıdır ki, bütün bu hadisələr Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi məsələlərini araşdırmaq üçün yaradılan komissiyanın işi və çətin də getsə, aparılan danışıqların fonunda baş verirdi. Həmin komissiyada Azərbaycan nümayəndə heyətinin sədri, xarici işlər naziri Fətəli xan Xoyski də öz növbəsində faktlara əsaslanaraq müsəlman kəndlərinin dağıdılması, əhalisinin isə qırılması yolu ilə Ermənistan hökumətinin Zəngəzura və Qarabağa ərazi iddialarını hərbi yolla həll etmək cəhdlərinə diqqət çəkərək onların qarşısının diplomatik yolla alınmasına çalışır, Ermənistan hökumətinin emissarlarının Qarabağda üsyan hazırlamaq planlarını açıqlayaraq Azərbaycan hökumətinin öz ərazilərini və vətəndaşlarının həyat və əmlakını qorumaq üçün ölçülər götürəcəyi barədə xəbərdarlıqlar edirdi.
Hər iki tərəfdən eşidilən bu xəbərdarlıqlar əslində Qarabağda vəziyyətin getdikcə daha da gərginləşəcəyindən soraq verirdi. Tezliklə Ermənistanın yaydığı bütün “qətnamələr”, “müraciətlər” və s. kimi “ehtiyat” tədbirlərinin Qarabağda həqiqətən hazırlanan erməni qiyamını “əsaslandırmaq” üçün bəhanə olduğu üzə çıxdı. 1920-ci il martın 19-dan başlayaraq Zəngəzura toplanmış erməni silahlı dəstələri, Gəncə, Gülüstan rayonu və Dağlıq Qarabağın erməni əhalisinin neçə minlik silahlı qüvvələri eyni vaxtda Əsgəran, Xankəndi, Şuşa, Xocalı və Tərtər istiqamətlərində Azərbaycan qoşun bölmələrinin üzərinə hücuma başladı. Sonralar “Qarabağda erməni üsyanı” adlandırılacaq, müharibə miqyası almış bu döyüşlər öz hərbi yekunlarına görə cümhuriyyət ordusunun tarixinə parlaq səhifə yazmaqla bərabər Qarabağın sonrakı taleyi üçün mühüm siyasi əhəmiyyət kəsb edəcəkdi. Azərbaycanın ərazi bütövlüyünün bu həlledici mərhələsində cümhuriyyət ordusunun Qarabağ qələbəsi, bütün sonrakı hadisələrə baxmayaraq, aylardan bəri ciddi hazırlıqlar və “son qələbəyədək” inadı ilə müharibəyə başlayan Ermənistan hökuməti və yerli ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq planlarını bir daha boşa çıxaracaq və onun Azərbaycan cümhuriyyəti tərkibində qalmasını təmin edəcəkdi.
Azərbaycan parlamenti Qarabağ hadisələrini özünün 1 aprel iclasında müzakirəyə çıxardı. Bu vaxt Dağlıq Qarabağın və Gəncə qəzasının bir çox bölgələrində erməni qiyamı yatırılsa da, Əsgəran uğrunda döyüşlər hələ davam edirdi. Parlamentin Qarabağa həsr olunmuş bu iclasında isə cümhuriyyətin yalnız ərazi bütövlüyü üçün deyil, bütövlükdə varlığı üçün təhlükənin yalnız ermənilərdən gəlmədiyi açıqlanırdı…
(Ardı var)