Dövlət Statistika Komitəsi 2021-ci il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayını 1 milyon 691 min 800 nəfər, orta aylıq nominal əməkhaqqını 707,3 manat göstərib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına görə, ilin əvvəlinə median əməkhaqqı məbləği (əhalinin ilk yarısı ilə ikinci yarısını birləşdirən məbləğ) 343 manat olub.
Novator.az bildirir ki, rəsmi hesabatları şərh edən iqtisadçı Qubad İbadoğlu yazır: “Qonşu ölkələrdə, o cümlədən Rusiyada median əməkhaqqı çoxdan açıqlanır, Azərbaycanda isə bu göstərici ilk dəfə 2021-ci il fevralın 16-da rəsmi dərc edilib. Müstəqil ekspertlər bu göstəricinin müntəzəm açıqlanması təklifini çoxdan verirdilər.
Median əməkhaqqı nədir və bu göstərici bizə nə deyir? Azərbaycanda muzdlu işçilərin sayı 1 milyon 691 min 800 nəfər, median əməkhaqqı 343 manat olduğuna görə demək mümkündür ki, işləyənlərin yarısının – 845 min 900 nəfərinin maaşı 343 manatdan aşağı, yerdə qalan yarısının maaşı 343 manatdan yuxarıdır. Yəni işləyənlərin ən azı yarısının əməkhaqqı orta aylıq əməkhaqqının (707,3 manat) 48,5 faizindən aşağıdır.
Orta aylıq əməkhaqqı bütün əmək haqlarının ədədi ortasıdır. Məsələn, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda orta aylıq əməkhaqqının 703,5 manat təşkil etməsi mədən sənayesində orta maaşın 3267,4 manat, maliyyə və sığorta sektorunda 1717,1 manat, peşə fəaliyyəti, elmi və texniki fəaliyyət sahəsində 1178,8 manat, informasiya və rabitə sektorunda 1071,7 manat olması hesabınadır. Ona görə də median əməkhaqqı mövcud gerçəkliyi daha yaxşı xarakterizə edir.
2020-ci ildə Azərbaycanda median əməkhaqqı orta aylıq əməkhaqqının 48,4 faizinə bərabər olub. Belarus, Rusiya, Ukrayna və Qazaxıstanda bu göstərici 70 faizdən yuxarıdır. Bu o deməkdir ki, həmin ölkələrdə əmək haqları işçilər arasında sosial baxımından daha ədalətli bölüşdürülür”.
İqtisadçı Rövşən Ağayev yazır ki, median əməkhaqqı iqtisadiyyatda maaş cədvəlinə qol çəkən bütün işçilərin sayını ikiyə böldükdə həmin bölünmə nöqtəsinə düşən məbləğə bərabərdir: “Azərbaycanda median əməkhaqqının 343 manat olması o deməkdir ki, 1,8 milyon nəfərə yaxın muzdlu işçinin az qala 900 min nəfərinin məvacibi 343 manat və ondan aşağı səviyyədədir. Hazırda orta maaşın 700 manatdan bir qədər yüksək olduğunu nəzərə alsaq, median maaş orta əməkhaqqının 48,4 faizinə bərabərdir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının statistikasına görə, median və orta məvacib arasında fərq inkişaf etmiş ölkələrdə və bir sıra Şərqi Avropa ölkələrində 10-25 faiz arasında dəyişir. Azərbaycanda bu göstəricinin iki dəfədən çox olması diqqət çəkir. Qonşu Rusiyada median maaş orta əməkhaqqının 71 faizinə bərabərdir.
Bir qayda olaraq yüksək maaşla minimum əməkhaqqı arasında fərqin böyük olduğu, eləcə də daha çox insanın aşağı maaşla çalışdığı ölkələrdə bizdəki mənzərə alınır – median maaş orta əməkhaqqından əhəmiyyətli dərəcədə aşağı, minimum maaşa daha yaxın olur”.
Azərbaycanda minimum maaş 250 manatdır.