Qarabağ məsələsi cümhuriyyət parlamentində (9)
Solmaz Rüstəmova-Tohidi
Tarix elmləri doktoru
VI hissə
1920-ci il cümhuriyyət tarixində çox əlamətdar bir hadisə ilə başlayır. Yanvarın 11-də öz işini bitirməkdə olan Paris sülh konfransının əsas söz sahibləri – Müttəfiq Dövlətlərin Ali Şurası İngiltərənin təklifi ilə Azərbaycanın müstəqilliyini de-fakto tanıyır.
Beləliklə, 1917-ci ilin baharında hələ yalnız “Azərbaycan muxtariyyəti” şüarı ilə milli dövlət quruculuğu yolunda ilk əməli addımlarını atan azərbaycanlı xadimlər cəmi 3 il sonra, Rəsulzadənin ibarəsi ilə deyilərsə, “öz istiqlalını dünyaya qəbul etdirirlər”. Bu münasibətlə yanvarın 14-də Azərbaycan parlamentində keçirilən təntənəli iclasda xarici işlər naziri Fətəli xan Xoyski Əlimərdan bəy Topçubaşovun Parisdən göndərdiyi təbrik teleqramını oxuyur və birinci Azərbaycan hökuməti təşkil olunduğu vaxt onun başında durmasını, indi isə respublikanın müstəqilliyinin tanınması haqqında xəbəri xalqa çatdırmasını böyük xoşbəxtlik saydığını vurğulayır.
Azərbaycan parlamentinin açılışı zamanı Fətəli xanın söylədiyi “yatsaydıq, yuxumuza girməzdi” sözləri də (Üzeyir bəy vasitəsilə “Azərbaycan” qəzetində açıqlanmışdı) xatırlanarsa, bu xoşbəxtlik etirafı heç də təsadüfi deyildi. Fətəli xan Xoyski də, Parisdən təbrik göndərən Topçubaşov da, parlamentin təntənəli iclasında ən alovlu çıxış edən Rəsulzadə də, digər cümhuriyyət xadimləri də müstəqilliyin hansı çətinliklər, qurbanlar, fədakarlıqlar hesabına başa gəldiyini yaxşı bilirdilər.
Çətinliklər isə davam edirdi. Hər gün, hər saat yeni problemlər gətirir və cümhuriyyət parlamenti mütəmadi olaraq öz qanunvericilik fəaliyyətinə “fasilə” verərək ölkədə və regionda yaranmış ekstremal vəziyyəti və onun həlli yollarını müzakirə edirdi.
Qarabağ məsələsi 1920-ci ilin ilk iki ayında hələ “ön sıraya” çıxmasa da, digər oxşar məsələlərin müzakirələri zamanı daim xatırlanırdı. 1919-cu ilin iyul müzakirələrindən keçən müddət ərzində Qarabağdakı vəziyyəti əsasən nəzarətə götürməyə nail olmuş general-qubernator Xosrov bəy Sultanov bütün diqqətini və səylərini həmin uğurların Zəngəzurda təkrar edilməsinə, Azərbaycan hakimiyyətinin bu qəzada da sülhlə bərqərar olunmasına yönəltmişdi. “Azərbaycanın yarıdan çoxunu təşkil edən ərazilər probleminin” dövlət üçün “birinci yerdə durduğu” zərurətindən çıxış edən Xosrov bəy hətta ona təklif olunan daxili işlər naziri vəzifəsindən imtina etmiş, Zəngəzur məsələsinin birdəfəlik həllini həm də Azərbaycanın cənub-qərb torpaqlarının taleyi və Qarabağda sülhün təminatı kimi qiymətləndirərək “hazırkı siyasi zamanda özünün general-qubernator postunda fəaliyyətini cümhuriyyətimiz üçün daha faydalı” saymışdı.
Lakin Dağlıq Qarabağ məsələsində özünü yarı uduzmuş hesab edən Ermənistan hökuməti general-qubernatorun Zəngəzur istiqamətində gördüyü işlərdən və apardığı hərbi əməliyyatdan hədsiz təşvişə düşərək Azərbaycan birləşmələrinə güclü silahlı müqavimət göstərməklə yanaşı xarici qüvvələri bu işə cəlb etməyə, məsələni Paris sülh konfransına çıxarmağa nail olmuşdu. Nəticədə ABŞ və İngiltərənin Qafqazdakı nümayəndələri Azərbaycan və Ermənistan hökumətlərinə mübahisəli məsələləri öz aralarında dinc yolla həll etmək tələbi qoymuşdular. Bu məqsədlə 1919-cu ilin noyabrın 20-22-də Tiflisdə hər iki respublikanın hökumət başçıları Yusifbəyli və Xatisyan 5 maddədən ibarət, əsas məzmunu hərbi toqquşmaların dayandırılması və Zəngəzur yolunun açılaraq əhalinin təhlükəsizliyinin təmin edilməsi olan saziş imzalamışdılar.
Zəngəzur məsələsində Azərbaycan hökuməti və ordusunun planlarını bu yolla qismən dayandırmağa müvəffəq olmuş Ermənistan hökumətinin nəzarətindəki bölgələrdə vəziyyət isə ağır olaraq qalır, azərbaycanlı əhaliyə qarşı görünməmiş təcavüzlər davam edirdi. Bu təcavüzlərə iki respublika arasında sərhədlərin müəyyənləşməsi ilə son qoyulacağı prinsipindən çıxış edən Azərbaycan hökuməti 1919-cu ilin 14-21 dekabrında Bakıda keçirilən Azərbaycan-Ermənistan konfransında ilk növbədə ərazi və sərhəd problemlərinin həllini ön plana çəksə də, Ermənistan bunun üçün hələ lazımi şərait və vaxtın yetişmədiyini bəhanə edərək iqtisadi-maliyyə məsələlərinin müzakirəsinə üstünlük verir. İrəvan quberniyası, Zəngəzur, Qars, Ərdəhan və digər bölgələrdə kompakt halda yaşayan müsəlman əhalini qorumaq imkanı əldə etmək üçün Cənubi Qafqaz respublikaları konfederasiyası ideyasını irəli sürən Azərbaycan tərəfinin təklifi də eşidilməmiş qalır. Mümkün qədər yeni ərazilər ələ keçirmək niyyəti güdən Ermənistan hökumətinin hətta imzalanan sazişlərə belə əməl etməməsi isə onların qəbulunu əvvəlcədən mənasız edirdi.
Regionda olan xarici nümayəndələrin də iştirak etdiyi bu dövlətlərarası konfranslar ermənilərin müxtəlif yollarla öz nəzarəti altına götürdüyü və hələ rəsmi statusu olmayan bölgələrdə müsəlman əhalinin təqib, talan və qətllərə məruz qalması, öz tarixi torpaqlarından qovulması, onlara məxsus ərazilərin boşaldılması fonunda keçirilirdi.
Gündən-günə dərinləşən böhranlı vəziyyəti və hökumətin bu istiqamətdə gördüyü işləri diqqətlə izləyən Azərbaycan parlamenti 1920-ci il martın əvvəllərində Qars vilayətindən gələn son dərəcə ağır xəbərlərdən sonra – 24 müsəlman kəndinin tamamilə yerlə yeksan olunması, əhalisinin bütünlüklə məhv edilməsi – bu işlərə müdaxilə etməli olur. Müsavat fraksiyasının sorğusu əsasında martın 9-da parlamentin fövqəladə iclası (132-ci) çağırılır və Azərbaycan hökumətindən bu məsələlərə dair hesabat istənir. Qars faciəsi Azərbaycan cəmiyyətində geniş əks-səda doğurduğundan insanlar bu müzakirələri dinləmək üçün parlament binasına axışırlar.
Parlament sədrinin yeni müavini, bir ay əvvəl istefa vermiş Həsən bəy Ağayevin yerinə seçilən Məmməd Yusif Cəfərov iclası açaraq onun Qars məsələsinə dair hökumətin hesabatını dinləmək üçün çağırıldığını elan edir və bu müzakirəni şərtləndirən səbəblər barədə məlumat vermək üçün əvvəlcə Müsavat fraksiyasının üzvü Şəfi bəy Rüstəmbəylini kürsüyə dəvət edir.
Azərbaycanın indiyədək sərhəd məsələlərinin dinc yolla həlli tərəfdarı olduğunu, Ermənistan hökumətinin İrəvanda və Zəngəzurda törədilən müsəlman qırğınlarına son qoyacağına ümid edildiyini bildirən Şəfi bəy vəziyyətin dözülməz həddə çatdığını və Azərbaycan xalqının öz soydaşlarının taleyinə soyuqqanlı baxmağa haqqı olmadığını vurğulayaraq hesabat üçün sözü hökumət başçısı Nəsib bəy Yusifbəyliyə verir.
Çox gərgin şəraitdə keçən müzakirələrdə Ermənistan hökumətinin təcavüzkar siyasətinin ümumi xarakteri və yaratdığı təhlükələrdən bəhs edilən məqamlara və çıxış yolu kimi verilən təkliflərə diqqət yetirək.
Hökumət başçısı məruzəsinin sonunda Qars faciələri daxil olmaqla ermənilərin nəzarəti altında olan bölgələrdən gələn xəbərlərin tam təsdiqi və Ermənistan hökumətinə rəsmi etiraz verilməsi üçün ermənilərlə birlikdə həmin bölgələrə getməyin vacibliyini vurğulayır və bu səfərə izn verilməsi ilə əlaqədar Ermənistan rəhbərliyinə müraciət edildiyini bildirir.
Nəsib bəydən sonra çıxış edən Müsavat fraksiyasının lideri Rəsulzadə Birinci Dünya müharibəsi başlanan vaxtdan bölgədə yaranmış ümumi vəziyyətin dərin təhlili verilən geniş nitqinin yekununda Qars hadisələrinin kökündə ermənilərin Parisdə guya artıq “vahid Ermənistan məsələsini” həll etdikləri, “Qarsa da onun mərkəzi kimi baxdıqları” kimi planlardan yararlanaraq “süni bir Ermənistan düzəltmək məqsədi” ilə “Qars vilayətində erməni əksəriyyəti təşkil etmək” niyyəti durduğunu qeyd edir. Bölgədə müsəlman əhalinin artıq milli azlığa çevrildiyi faktından çıxış edən Rəsulzadə bütün dövlətlərin tərkibində həmişə azlıqda qalan millətlərin olduğunu və olacağını bildirərək onların hüquqları məsələsinə diqqət çəkir, Azərbaycanda erməni, Ermənistanda müsəlman azlıqların vəziyyətini müqayisə edir və müsəlman xalqlarının üzləşdiyi qanlı faciələrin sorağının “nədənsə” Avropanın ictimai rəyinə “çatmadığını” vurğulayır. Bir müddət əvvəl Dağlıq Qarabağda müsəlmanların hücumuna məruz qalmış Qaybalı kəndi ətrafında Azərbaycana qarşı qaldırılmış beynəlxalq qınaq kampaniyasını xatırladan Rəsulzadə: “Zaqafqaziyada bir Qaybalı köyü dağılır, bütün dünya hərəkətə gəlir, hərgah Qarsda böyük bir müsəlman kütləsi qırılır, qonşu məmləkətlər belə ondan məlumat ala bilmir” deyə erməni zülmünün qarşısının alınması üçün məsələni beynəlxalq səviyyədə qaldırmağı vacib sayır.
Çıxışının sonunda Müsavat fraksiyasının lideri Azərbaycan milləti, parlamenti və hökumətinin ilkin vəzifəsini müsəlman əhalinin yaşamaq hüququnun və insani haqlarının müdafiəsi tələbinin “bizə qarşı laqeyd qalmış Avropanın və dünyanın eşitməsinə” nail olmaqda görür. “Bütün Azərbaycanda yaşayan vətəndaşlar, bilafərq din və millət, azərbaycanlı olduqlarından və insaniyyət nöqteyi-nəzərindən mütləq Ermənistanda olan fəna işlərə qarşı etiraz etməlidilər” deyən Rəsulzadə bu hadisələrin qarşısı alınmasa, bütün Qafqazın qan içində boğulacağını, “o zaman əldə etdiyimiz istiqlalımızın əsla əldə qalmayacağını” vurğulayır.
Rəsulzadədən sonra sosialistlər fraksiyasından İbrahim İsmayılzadə söz alaraq bu məsələyə sinfi mübarizə nəzərindən baxdıqlarını qeyd edir. Milli mübarizənin həmişə sinfi mübarizəni “unutdurduğunu” vurğulayan natiq “təkcə Qars deyil, Zəngəzur var, Qarabağ var” deyə bugünkü məsələnin həlli yolu kimi “konfederasyon” fikri üzərində dayanır, “Avropa imperialistlərinə” güvənən ermənilərin bu birlikdə iştirak etməyəcəyini, amma Gürcüstanla ikilikdə qurularsa belə, bir çox mübahisəli məsələnin həll olunacağını bildirir. Qars məsələsində hökumətin verdiyi notanı dəstəklədiklərini bəyan edən İsmayılzadə çıxışını bir sıra təkliflər irəli sürməklə bitirir. “Erməni demokratiyasına vərəqələr paylamaq”, “milli münaqişəni qət etməyə çağırmaq” kimi təkliflərdən sonra sosialist deputatın səsləndirdiyi tələb zalda aramsız alqışlar qoparır: “Bir firqə ki, mərkəzi xaricdədir, onun şöbəsi Azərbaycanda olmaz… Daşnakları qovub buradan çıxarmaq lazımdır… Dünən İrəvanda xalqı məhv edən firqənin üzvlərini aradan çıxarmaq lazımdır. Bu əsasları hökumət həyata keçirsə, fəhlə və kəndlilər, sosialistlər yardım edəcəklər”.
Zal sakitləşəndən sonra müstəqillər fraksiyasının üzvü Baba bəy Qəbulov söz alır. Və onun elə ilk cümləsinin – “bu cür məsələləri “konfranslar” yolu ilə həll etmək olmaz” – yenidən alqışlar qoparması zalın hansı ovqatda olduğunu göstərir. Qəbulov bu alqışları saxlayır, özünün “bir azərbaycanlı kimi danışdığını” və heç də hissə qapılmadığını vurğulayaraq həmkarlarını bir daha aldanmamağa, həqiqətin üzünə dik baxmağa çağırır, vəziyyətdən çıxış kimi bütün daxili təfriqələri kənara qoyaraq ermənilərlə hərb etməyə üstünlük verir: “Yığışalım, tədbir edəlim və çalışalım, ölmək icab edərsə, nə eybi var, qoy desinlər ki, parlament əzasından da bir neçəsi gedib özünü millətə fəda etdi. Birdəfəlik bu zalimlərin qarşısına bir sədd çəkəlim”.
Müsavat fraksiyasının üzvü Əsədulla Əhmədov çıxışında müsəlmanlara qarşı törədilən bütün zorakılıq və təcavüzlərdə Daşnaksütun Partiyasının əsas rol oynadığını vurğulayır, 1918-ci il mart hadisələrini xatırlatmaqla hökumətlər dəyişsə və başlarına digər partiyalar – sosialist, menşevik, bolşevik – gəlsə belə, daşnakların məqsədinin daim müsəlmanları qırmaq olacağına diqqət çəkərək belə bir təklif irəli sürür: “…Biz də yığılıb bir daşnak firqəsi düzəltməliyik… Vəhşiliyə və canavarlığa qarşı kulturnu yol ilə heç çarə edəməz”.
Erməni fraksiyasından deputat, Qarabağa göndərilmiş nümayəndə heyətinin üzvü İsaq Xocayev kürsüyə qalxır və bütün bu məsələləri hisslərə və emosiyalara qapılmadan, soyuq başla, “dövlət və dövlətçilik” maraqları nəzərə alınmaqla həll etməyə çağırır. Nəsib bəyin məruzəsindəki məlumatların müxtəlif mənbələrdən gəldiyini və ziddiyyətli olduğunu bildirən erməni deputat hökumətin təklifini bəyənərək bölgəyə beynəlxalq tərkibdə komissiya göndərməyi və vəziyyəti yerində ətraflı araşdıraraq sonra müzakirəyə çıxarmağı təklif edir.
Sosialistlər fraksiyasından deputat Səmədağa Ağamalı oğlu öz çıxışında erməni-müsəlman qarşıdurmasını 1905-ci ildə rus hökumətinin müəyyən məqsədlə yaratdığını bildirərək milləti qızışdıranları “millətin böyük düşməni” hesab edir və “burada mətləbi böyütdülər”, məqsəd isə “tökülən qanların kəsilməsidir” fikrini bildirir.
Müsavat fraksiyasından Mustafa Mahmudovun yerindən “Ağacla donuz darıdan çıxmaz” replikasına “Ağac var, amma siz onu tapa bilməyəcəksiniz” cavabını verən Ağamalı oğlu 1917-ci ilin fevral inqilabını nəzərdə tutaraq onun erməni və azərbaycanlılar arasında azadlığa deyil, “bir-birini tələf etməyə” səbəb olduğunu, Ermənistanda və Azərbaycanda hökumət başında “inqilabın doğurduğu” adamların durmadığını, bu “kiçik burjua hökumətlərin militarizm” yolu ilə getdiyini, zərbələrin isə “füqəra üzərinə” gəldiyini bildirir. Bölgəyə komissiya göndərməklə məsələnin həll olunmayacağını, münaqişənin kökündə sərhəd məsələsinin durduğunu vurğulayan sosialist deputat bu məsələnin həllinin “arbitraj üsulunda” olduğunu, lakin Ermənistan hökumətinin buna getmədiyini təsdiqləyir. Amma bu halda da “hazırlaşın, vuruşaq” kimi çağırışları səhv hesab edərək “nizam və qaydaya düşmüş və hökumətlər sırasına daxil olmuş bir hökumət” üçün onları qeyri-məqbul sayır.
“İki hökumətin diplomatiya oyunlarının” Qars əhalisini məhv olmaqdan, Qafqaz xalqlarını düşdükləri çıxılmaz vəziyyətdən qurtarmayacağını deyən hümmətçi deputat yeganə xilasın “Zaqafqaziya demokratiyasının əlində olduğunu” bildirir, çıxış yolunu zəhmətkeş kütlələrin birləşməsində görür və öz fraksiya yoldaşının artıq bu yoldan – konfederasyon – bəhs etdiyini xatırladır. Beləliklə, Ağamalı oğlu Cənubi Qafqaz respublikalarının konfederasiyasının yaradılmasını sinfi nəzərdən daha məqbul sayır, bu zaman “sərhəd məsələsinin” də həll olunacağına əminlik bildirir.
Öz fraksiya yoldaşından sonra kürsüyə qalxan Əliheydər Qarayev də çıxışını müzakirə olunan problemin həlli yollarını milli müstəvidə deyil, siyasi-ideoloji nəzərdən aramağa yönəltməklə zaldakı onsuz da gərgin, əsəbi əhval-ruhiyyəni daha da qızışdırır. “Kimə lazımdır bu göz yaşları… bu xarabəyə dönən evlər…” kimi ritorik suallarla sözə başlayan Qarayev özündən əvvəlki natiqlərin “həqiqətin üstünü örtdüyünü”, daşnaklardan və Müsavatdan əlavə ortada üçüncü “şeytanın” da olduğunu deyir.
“Denikindən əli üzülən” ingilislərin indi Zaqafqaziyaya əl uzatdıqlarını, “Qarabağda, Zəngəzurda, Qarsda, bu gün-sabah Naxçıvanda və Şərurda da erməniləri müsəlmanların üstünə qaldıraraq bu siyasətlə Azərbaycanın içini də tutacağını” vurğulayan Əliheydər Qarayevin fikrincə, “Bu bədbəxt meşşan daşnakların qabağını almaq asandır, lakin onların dalında duran böyük qüvvəni yıxmaq lazımdır”.
İttihad fraksiyasının sədri Qara bəy Qarabəyov öz çıxışına təcili tədbirlər görmək çağırışı ilə başlayır və Qars hadisələrinə daha geniş nəzərlə baxmağın zəruriliyini vurğulayır: “Millət öylə təhlükə qarşısındadır ki, xətti-hərəkətimiz bəlli olmazsa, bizim də Qarsdakı qardaşlarımızın gününə düşməyimizə bir şey qalmayıb”. Birinci Dünya müharibəsi başlanandan Avropa və Rusiyanın Osmanlı dövlətini parçalamaq planlarında erməni-daşnaklara ayrılan rolun mahiyyətini açıqlayaraq Qafqaz müsəlmanlarına bu siyasi oyunlarda “məhv olmaq” qisməti ayrıldığını qeyd edən ittihadçı deputat eyni zamanda “Avropa… zor ilə heç bir şey edə bilməz, həqq həmişə güc ilə alınır… bir neçə min nəfərdən ibarət daşnak firqəsi neçə milyon müsəlmanı məhv edə bilməz” qənaətini bildirir, hökuməti daha ciddi addımlar atmağa çağırır. Sülh arzusu ilə, Qarsa heyət göndərməklə məsələlərin həll olunmayacağını bildirən İttihad fraksiyasının lideri “biz daim hökumətimizə inanaraq sükut etdik, yol və çarə aramadıq” deyə adəti üzrə yenə hökumətin fəaliyyətini tənqid edir. Hökumət kabinələrində vəzifələr tutmaqdan həmişə imtina etmiş və daim müxalifətçi mövqedə durmuş İttihad fraksiyasının lideri “bu gün Zəngəzuru, Şuşanı, sabah Naxçıvanı-filanı ala-ala əmin olunuz ki, Bakıya da gələcəklər” kimi təhdidlər qarşısında konkret bir təklif verməyərək “Daşnak hökuməti tutduğu yolu buraxmalı, buraxmazsa, biz özümüz o vaxt onlarla hesablaşarıq” kimi bəyanat verir, “biz” kəlməsi arxasında kimi və ya nəyi nəzərdə tutduğunu belə açıqlamadan çıxışını ümumi xarakterli bir şüarla qurtarır: “…Bu xüsusda kimsədən müavinət istəməməliyik, kəndi-kəndimizi mühafizəyə çalışmalıyıq. Budur bizim şuramız və nicatımız”.
İclasda sonuncu çıxışçı, Əhrar fraksiyasının üzvü Muxtar Əfəndizadə də yaranmış mövcud şəraitdə Antanta ölkələrini müqəssir sayır. Ermənilərin adları çəkilən ərazilərdə törətdikləri vəhşiliklərdən ətraflı söz açaraq müsəlmanların istənilən vaxt “bir türk əvəzinə on nəfər onlardan öldürməyə iqtidarı olduğu”, amma “dinimizin” və “mənsub olduğumuz türk millətinə məxsus alicənablığın” belə vəhşiliklərə yol vermədiyinə diqqət çəkir: “Əks halda Bakıda, Gəncədə, Qarabağda, bəlkə İrəvanın özündə də bir nəfər erməni qalmazdı”. Bütün bu hadisələrin türklər bölgəni tərk edəndən və ingilislər gələndən sonra geniş vüsət aldığını vurğulayan Əfəndizadə “Şuşada, Zəngəzurda baş verən qətli-aminlərin önünü almağa nə bizi buraxdı, nə kəndisi bir çarə gördü” və “…bizi Şurayi-Ali ilə qorxutdu” kimi fikirlərlə bölgədəki ingilis komandanlığını və Müttəfiq Dövlətlərin Ali Şurasını ittiham edir.
İclasın sədri Cəfərov müzakirələrə yekun olaraq iki qərar layihəsi təqdim edildiyini bildirir. Səsvermə zamanı təklifi keçməyən erməni fraksiyasının bitərəf qalması ilə bu məzmunda qərar qəbul edilir: “Qars vilayəti və İrəvan quberniyasında baş vermiş qanlı hadisələr haqda Azərbaycan hökumətinin ətraflı məruzəsini dinləyən parlament… Ermənistan Respublikasının… təcavüzkar siyasətini pisləyir, müstəqil Zaqafqaziya respublikaları arasında sərhəd və ərazi məsələlərini bu yolla həllini məhvedici, demokratiya prinsiplərinə zidd, inqilabın nailiyyətləri, bu respublikaların müstəqilliyi üçün təhlükəli hesab edir, dünya, o cümlədən Cənubi Qafqaz demokratiyası qarşısında Ermənistan hökumətinin hərəkətlərinə qəti etirazını bildirir”.
Parlamentin rəyasətinə İrəvan hökumətinə lazımi təsir göstərmək üçün dünyanın mədəni xalqlarının parlamentlərinə müraciətlər etmək səlahiyyəti verilir və Azərbaycan hökumətindən zərər çəkmiş insanların həyatını, hüquq və əmlakını təmin etmək üçün ən qətiyyətli ölçülər götürmək tələb edilir.
Azərbaycan parlamentinin fövqəladə iclasında çox mühüm, bununla belə, ilk baxışda taleyüklü görünməyən, yəni bilavasitə öz ərazi hüdudlarında baş verməyən hadisələrin bu qədər yüksək gərginlik, həyəcan və təşviş dolu müzakirəsi təsadüfi deyildi. Qarsda müsəlman, əslində XIX əsrin əvvəllərində müharibələr, məcburi miqrasiya prosesləri nəticəsində kütləvi şəkildə bu bölgələrə köçmüş azərbaycanlı əhalinin taleyi ilə bağlı narahatlıqla yanaşı erməni ekspansiyasının Azərbaycanın qanuni əraziləri və son nəhayətdə dövlətçiliyi üçün törədə biləcəyi təhlükə ehtimalı ən ciddi surətdə gündəmə gəlirdi. Beynəlxalq qurumlara müraciətdən tutmuş konfederasiya, siyasi-diplomatik tədbirlərdən tutmuş Ermənistanla açıq müharibə, etnik əhalinin dəyişdirilməsindən tutmuş daşnak-ermənilərin ölkədən çıxarılmasına qədər irəli sürülən təkliflər də parlamentin istisnasız olaraq bütün fraksiyalarının nümayəndələrinin bu təhlükənin nə qədər real ola biləcəyini anladığını göstərirdi. Sosialist fraksiyası üzvlərinin təkliflərinin bu sıradan fərqlənməsi isə artıq başqa, daha ciddi bir təhlükənin yaxınlaşdığından xəbər verirdi.
Hadisələrin inkişafı, cəmi iki həftədən sonra erməni silahlılarının öz fəaliyyətini yenidən Qarabağa keçirməsi və aprelin ilk günü Azərbaycan parlamentinin bir daha Qarabağ hadisələrinin müzakirəsinə yığışması narahatlığın nə qədər əsaslı olduğunu təsdiqləyəcək. Aprelin son günləri isə sosialist deputatların öz təkliflərində “əminliyinin” haradan qaynaqlandığını açıqlayacaq…
(Ardı var)