Qarabağ məsələsi cümhuriyyət parlamentində (8)
Solmaz Rüstəmova-Tohidi
Tarix elmləri doktoru
V hissə
Azərbaycan parlamentinin 1919-cu il iyulun 17-də Həsən bəyin sədrliyi, Əhməd Cövdətin katibliyi ilə keçən 56-cı iclasının gündəliyində Qarabağ məsələsi Zəngəzur və İrəvan qaçqınlarına yardımla bağlı məsələlərdən sonra qoyulmuşdu. Qaçqınlar probleminin, eləcə də İrəvanda müsəlman əhalinin ağır vəziyyətinin müzakirələri zamanı Qara bəy Qarabəyov “Baxınız, Qarabağda kiçik məsələ olmuş, hələ də üstündə əlləşirik” deyə belə hadisələrin İrəvan quberniyası qəzalarında gündəlik hal olduğuna diqqət çəkir, “Hər gün müsəlmanlar kəsilir, evləri dağılır, ermənilər onların yerlərini zəbt edib hətta çörək də vermirlər” kimi müqayisə aparır.
Rəsulzadə də istəkləri olmadan ingilislərin müvəqqəti olaraq Ermənistanın idarəçiliyinə verdiyi Naxçıvan və Şərurdakı müsəlman əhalinin vəziyyətini Azərbaycandakı ermənilərin halı ilə müqayisə edir, “Bu xüsusda Azərbaycan Ermənistandan daha çox çalışıb və ədalət göstərib” deyir. Bu ərazilərdə müsəlman əhalinin durumunun real üzücü mənzərəsini təsvir etməklə Müsavat fraksiyasının lideri bir növ Ermənistanın hökumət başçısı Xatisyanın “Azərbaycandakı ermənilərin halı Ermənistandakı müsəlmanların halı qədər xoş keçsə idi, iftixar edərdim” sözlərinə cavab verir.
Beləliklə, artıq müzakirə ediləcək mövzuya varid olmuş parlament üzvləri maraqla hökumət başçısının nitqini gözləyirlər. Tənəffüsdən sonra davam edən iclasda kürsüyə qalxan Nəsib bəy Yusifbəyli sözünə Qarabağa ezam olunmuş nümayəndə heyətinin təqdim etdiyi hər iki məruzə ilə yaxından tanış olduğunu, hər iki məruzənin ya “ifrat”, ya da “təfrit” (layiqincə qiymətləndirməmək) xarakteri daşıdığını bildirməklə başlayır. Belə ki, məruzələrin birində Qarabağda baş vermiş hadisələrdə kimsənin günahkar olmadığını göstərmək səyi nəzərə çarpır. Digərindən isə Qarabağda iki növ – zalım (müsəlman) və məzlum (erməni) adamlar olduğu, “zalımların məzlumlara son dərəcə zülm etdiyi”, məzlumlar – ermənilər tərəfdən isə “heç bir hərəkət olmadığı” təsəvvürü yaranır. Məsələn, dağıdılmış Qaybalı kəndinin “həzin, dəhşətli mənzərəsi” təsvir edilən məruzədə həmin kənddə müsəlmanların da evlərinin dağıdıldığı, müsəlman ailəsinin öldürüldüyü, 2 qadın meyitinin tapıldığı göstərilməyib.
Məruzələrin “müdafiə və hücum”, “müqəssir və təqsirsiz” mövqelərindən yazıldığına diqqət çəkən Nəsib bəy Qarabağa göndərilən heyətin qarşısına bu məqsədin deyil, “cinayətin üstünün açılması və günahkarların tapılması” vəzifəsi qoyulduğunu vurğulayır.
Burada hökumət başçısı yəqin ki, erməni nümayəndələrin general-qubernatorun şəxsində konkret “günahkar” tapdıqları faktından çıxış edərək “bu xüsusda hökumətin fikrini ərz etmək istəyir”.
Son zamanlarda Zaqafqaziyada baş vermiş qırğınlarda həqiqətən yerli hökumət məmurlarının əlinin olduğunu təsdiqləyən Nəsib bəy indiki halda dinc sakinlərin, qadın və uşaqların öldürülməsində “general-qubernatorun əli olub-olmadığına” məntiqlə yanaşmağı və onun “talan düzəltmək üçün” nə dərəcədə münasib zaman və yer “seçildiyinə” diqqət yetirməyi təklif edir. “Bütün Qarabağ yolları köçərilərlə dolu olan bir zamanda talan fikrinə düşmək dəlilik olardı, çünki bu halda bütün köçərilərin həyatı təhlükə altına buraxılardı” deyə Nəsib bəy zaman amili baxımından qubernatora qarşı sürülən bu ittihamı ciddi rədd edir. Daha sonra “məqsəd yalnız talan qurmaq idisə”, general-qubernator “başqa bir yer tapmadı ki?” soran Nəsib bəy “elə gərək Avropa, ingilis və Amerika nümayəndələrinin gözü qabağında qura idi ki, gəlib o meyitlərin şəkillərini görsünlər və rəsmlərini alıb aləmə bildirsinlər?!” kimi dəlil gətirir.
Nəsib bəy cavabını yarımçıq qoymayaraq onu tam açıqlayır: “Əgər general-qubernator istəsə idi, bütün Yevlaxdan Şuşaya kimi öylə bir poqrom yapa bilərdi ki, bütün Qarabağ atəş içində qalardı!…General qubernatorun bunu edə bilmək qədər qüvvəti və nüfuzu var”.
Baş vermiş hadisədə “sui-niyyət” olmadığı qərarına gələn hökumət başçısı belə bir niyyətin yalnız iki halda edilə biləcəyini söyləyir: “Şuşanın iki verstliyində” qəsdən qırğın törədəcək bir məmurun “ya divanə, ya xain olması gərəkdir”, çünki “o zaman bütün “Azərbaycan əhlinin canı və malının tələf olmaq təhlükəsi yaranardı”.
Nəsib bəy bir daha bu işin qəsdən törədilmədiyini qeyd edir, Xosrov bəyi yaxşı tanıdığını deyir, onun haqqında “iyi, ya fəna adam” deyənlər ola bilər, “lakin heç bir kimsə ona xain deyə bilməz!” qənaəti ilə bu söhbəti bağlayır.
Hökumət başçısı erməni deputatların Azərbaycan ordusu haqda dediklərinə, azərbaycanlı əsgərləri qırğınlarda müqəssir saymalarına da münasibət bildirir. Hər orduda pis adamlar olduğunu deyən, hətta öz mühafizəsində cinayət işlətmiş iki əsgərin asıldığı faktını səsləndirən Nəsib bəy bunu da qəti şəkildə bəyan edir: “Söyləmək ki, Qarabağ əsgərləri nizamı pozub, cinayət yapmışlar, bu mümkün deyil, yalandır”.
İclas zalından “Yalandır, biz qoymarıq, rədd edirik” kimi səslər ucalır.
Şuşa od içində yandığı, bütün Qarabağın alovlanmaq təhlükəsi yarandığı bir şəraitdə Azərbaycan hərbi qüvvələrini parçalamayaraq ayrı-ayrı kəndlərdə iğtişaşları yatırtmağa göndərməməkdə general-qubernatorun haqlı olduğunu bildirən hökumət başçısı, “Az bir zamanda yetişmiş əsgərlərimizin” nizam-intizama əməl etdiyinə xüsusi diqqət çəkir.
Erməni deputat Çubaryanın “Bizim cəmi ümidimiz, şübhəsiz ki, qoşunadır… Fəqət bizim ümidimiz sağlam orduyadır…” kimi eyhamlarına bir növ cavab olaraq Azərbaycan hərbi qüvvələrinin erməni məzlumların müdafiəçisi olduğunu bildirən Nəsib bəyin: “Şuşada əsgərlərimiz asayişi təmin və təcdid etməyə çalışmışlar. Mən böylə əsgərlərlə yalnız iftixar edirəm” sözləri zalda alqışlarla qarşılanır.
“Hər halda bir kənd məhv olub” deyə bir daha Qaybalı hadisəsinə qayıdan hökumət başçısı bu kəndin faciəsinin qırğınlara məruz qalmış Bakı, Şamaxı, Şəki, İrəvan, Zəngəzur və Naxçıvan kəndləri ilə müqayisədə “ufaq” (kiçik) göründüyünə dair Şəfi bəyin fikri ilə qismən razılaşsa da, “üç-dörd yüz arvad-uşaq məhv edildiyi” bu hadisəni rəzalət və “müsəlmanları ləkələyən hadisə” sayır, “qədimdə arvad-uşağa əl vuran olmazdı, indi özlərini kişi hesab edənlər silahsız və pənahsız arvad-uşaqları məhv edirlər” deyə bu kimi cinayətlərin qarşısının alınmasını vacib bilir.
“Ən böyük günah nədir” sualına Nəsib bəy ya Ermənistanda, ya Azərbaycanda “kimsə canilərin əleyhinə qalxıb onları tənbeh etməyib” cavabını verir. Bu zaman o, Qaybalı hadisəsi ilə İrəvanda və Ermənistandakı müsəlman kəndlərində törədilən faciələri “bir-birinə əvəz” kimi qiymətləndirir və Ədliyyə Nazirliyinə bu hadisənin tam ciddiyyətlə araşdırılması və canilərin cəzaya çatdırılması barədə göstəriş verildiyini bildirir.
Burada Nəsib bəy Yusifbəyli yəqin ki, bütün bu müzakirələrin ən mühüm nöqtəsinə yetişir. Hökumətin vəziyyətdən çıxış üçün digər yollar aradığını, bu yollardan birinin də məsələləri “Qarabağ əhalisi nümayəndələri ilə bilavasitə həll etmək təşəbbüsü” olduğunu göstərir. Bu işə artıq başlandığını vurğulayan hökumət başçısı Qarabağda VI erməni qurultayının çağırıldığını, qurultay nümayəndələrindən bir neçəsinin Bakıya gəlib hökumətlə müzakirələrə başladığını, işlərin sülh yolu ilə həll olunduğunu bildirir və “Qarabağ ermənilərinin, hamı olmasa da, dörddə üç hissəsi sülh konfransına qədər Azərbaycanın istiqlaliyyətini etiraf edib özlərini Azərbaycan təbəəsi elan etməyə qərar verirlər” kimi olduqca mühüm bir məlumatı parlament üzvlərinə çatdırır.
Nəsib bəy Yusifbəyli həmçinin Azərbaycanda və Ermənistanda dinc əhaliyə qarşı törədilən cinayətlərin araşdırılması üçün bu respublikaların hər birindən 2 parlament üzvü, 2 nəfər də bitərəf – ingilis, ya italyan nümayəndələrindən ibarət bir heyətin Qarabağa və Ermənistana ezam edilməsi kimi daha bir təşəbbüsün olduğunu və onun Ermənistanda da qəbul edildiyini bildirir: “Azarı təyin etsinlər ki, davası tapılsın”.
Nəsib bəy talanların harada baş verməsindən asılı olmayaraq onun hökumətin əleyhinə yönəldiyini, bu səbəbdən həmin hadisələri törədənlərə ciddi cəza verilməsi tərəfdarı olduğunu bir daha nəzərə çatdırır: “Əgər hökumət bunu yapa bilməzsə bir dəqiqə də iş başında qala bilməz”.
Hökumət başçısının alqışlarla bitən bu çıxışından sonra sədr məruzələr və hökumət bəyanatı xüsusunda danışmaq istəyən olmadığını elan edərkən sosialistlər fraksiyasından Əhməd Cövdət danışmaq üçün söz istəyir.
Məhz hökumət bəyanatı haqqında danışacağını bildirən sosialist deputat Nəsib bəyin Qaybalı hadisələrinə görə günahkarların cəzalandırılması haqda dediklərini təqdir edir. İki millət arasında illərlə davam edən ədavət və küdurətə son qoymaq üçün hər bir tərəfin caniləri cəzalandırmasını labüd bilən Əhməd bəy Azərbaycanı ilk olaraq öz “canilərini tənbeh etməyə” çağırır və yalnız o halda erməni tərəfdən belə bir addım atmağı “tələb etməyə haqqımızın çatdığını” vurğulayır.
Lakin müzakirələr bununla bitmir. Bu dəfə İttihad fraksiyasının lideri Qara bəy Qarabəyov kürsüyə çıxır və onun elə ilk cümləsindən Nəsib bəyin tənqidindən narazı qaldığı məlum olur.
Azərbaycanlı nümayəndələrin məruzəsinin guya birtərəfli yazıldığına, müdafiə xarakteri daşıdığına dair qeydlərə cavab olaraq Qarabəyov Qarabağda baş vermiş cinayətləri və həqiqətləri gizlətmədən, həqiqəti layiqincə təsvir etdiklərini bildirir və bu zaman hər hansı müdafiəyə lüzum olmadığını bəyan edir: “Gördüyümüz şeylər bir tərəfdə qalıb, yalnız əsassız şeyləri ortalığa salaraq millətimizi və hökumətimizi ittiham etməyə çalışıblar, biz də onlara cavab verməyə məcbur olduq… Bu məsələ müsəlmanları ittiham etmək üçün qaldırılıb. Onlar zənn edirlər ki, müsəlmanlar bunu anlamayacaqlar, onlar da ittiham edəcəklər”.
Müzakirə olunan məsələlərə fərqli yanaşma meydana çıxdığından mübahisə böyüyür və Əhməd Cövdət bəy yenidən söz alaraq Qarabəyovun haqlı olmadığını, hökumətin özümüzünkülərə caza verməsindən qorxduğunu deyir. Sosialist deputat bütün müqəssirlərin, hətta “məmurlardan da varsa”, cəzalanmasını tələb etməklə bunu hökumətin “bütün Azərbaycan xalqının” mənafeyini gözlədiyinin sübutu kimi qiymətləndirir: “Avropa da bilsin ki, bizim adilanə bir hökumət qurmağa haqqımız var. Bunu isbat etdikdən sonra onlardan haqqımızı tələb edə bilərik və isbat edə bilərik ki, biz millətlər içərisində müstəqil yaşamağa qadirik”.
Əhməd bəy daha sonra hökumət başçısına istinadən Qaybalı hadisəsinin həm də başqa səbəblərə, ilk növbədə sərhədlərin təyin olunmasına söykəndiyinə diqqət çəkir: “Biz Qarabağı öz torpağımız hesab edərkən İrəvan hökuməti də Qarabağı öz yeri hesab edib oraya qüvvə və kömək göstərir və sərhəd məsələsini belə qarışığa salır…”
Sərhədlər məsələsinə həsr olunmuş Tiflis konfransında verilmiş təkliflərin heç birini qəbul etməyən Ermənistanın bu məsələni Parisdə, “başqalarının əli ilə həll etmək” istədiyini vurğulayan Əhməd Cövdət bu problemin həllini yalnız sülh yolunda, lakin digər müstəvidə görür: “Biz Avropaya bildirməliyik ki, heç bir kənar hökumətə rəy verməyəcəyik və sərhəd məsələsini özümüz tezliklə həll edəcəyik”.
Əhməd bəyin çıxışından açıq-aydın narazı qalmış İttihad fraksiyasının lideri Qarabəyov Qarabağın 4 qəzasının hələ Azərbaycanın tabeliyini qəbul etmədiyini nəzərdə tutaraq deyir: “…Buyursunlar, tabe olsunlar, biz günahkarları taparıq və cəza verərik. Amma cəzanı məndən istəyirsən, nədir müsəlman əhali yolla gedəndə onu qırsın, polis gələndə tüfəngi götürüb dağılışsın, sonra da desin ki, kəndimizi dağıtdılar, cəza ver? Buna sosialist nəzərimi, başqa bir nəzərmi deyirsiniz, bilmirəm. Hər iki tərəfin canilərinə cəza verilməlidir…”
Söhbətin böyüdüyünü görən sədr Həsən bəy Ağayev çıxışların bitməsini təklif edir və müzakirələrin yekununa dair Rəyasət Heyətinə iki qərar layihəsi təqdim olunduğunu bildirir. Qarabağda iyul ayında baş vermiş hadisələr üzrə Azərbaycan parlamenti üzvlərinin məruzələri və hökumətin bəyanatları əsasında erməni və Müsavat fraksiyalarının verdiyi hər iki qərar-təklif oxunur və bir-bir səsə qoyulur.
Erməni fraksiyası həmin hadisələrə görə general-qubernatorun işdən kənar edilməsi şərti ilə istintaq təyin olunmasını və müqəssirlərin məhkəməyə verilməsini təklif edir.
Müsavat fraksiyası yerli hökumət, xüsusilə general-qubernatorun əməl və fəaliyyətində heç bir qanunsuzluq əlaməti görməyərək parlamentin bu hadisənin araşdırılması üçün nəzərdə tutulmuş tədbirləri dəstəklədiyini bəyan edir.
Lehinə – 8 səs (yalnız ermənilər), əleyhinə – 28, səs verməyən – 11 nəfər (sosialistlər fraksiyası) nəticəsi ilə erməni fraksiyasının təklifi qəbul edilmir.
Lehinə – 33, əleyhinə – 8 (yalnız ermənilər), səs verməyən – 10 (sosialistlər fraksiyası) nəticəsi ilə Müsavat fraksiyasının təklifi qəbul olunur.
Beləliklə, 3 gün davam edən və olduqca gərgin, əsəbi və yüksək emosional əhval-ruhiyyədə keçən Qarabağ müzakirələri Azərbaycan hökumətinin və şəxsən general-qubernator Xosrov bəy Sultanovun Qarabağdakı fəaliyyətinin təqdir edilməsi və dəstəkləməsi qərarı ilə başa çatır.
Azərbaycan parlamentində Qarabağ məsələsinin bu müzakirələri xüsusi əhəmiyyətə malik idi. Dağlıq Qarabağda Azərbaycan hakimiyyətinin bərqərar edilməsi üçün atılan əməli addımlar gedişində baş vermiş Qaybalı olayından istifadə edən Ermənistan hökuməti və Qarabağın erməni xadimləri bölgədə olan xarici hərbi missiyaların nümayəndələrini də cəlb etməklə regionda və beynəlxalq səviyyədə Azərbaycanın əleyhinə görünməmiş kampaniya açmışdılar. Qarabağda Azərbaycan hakimiyyətinin və general-qubernatorluğun ləğv edilməsi və Qarabağın Ermənistana birləşdirilməsi məsələsi Paris sülh konfransı, dünyanın aparıcı dövlətlərinin başçıları qarşısında qoyulmuşdu. Paris sülh konfransında Azərbaycanın müstəqilliyinin tanınması uğrunda gərgin diplomatik mübarizə aparan Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşov vəziyyətin son dərəcə ciddiliyi, Parisdəki erməni nümayəndə heyətlərinin bu məsələ ətrafında Azərbaycanın nüfuzuna çox xələl gətirən hədsiz fəallığını böyük narahatlıqla öz dövlətinin nəzərinə çatdıraraq ən tez bir zamanda tədbirlər görülməsini israrla xahiş edirdi.
Azərbaycan hökumətinə Cənubi Qafqaz və Azərbaycandakı ingilis və Amerika hərbi qüvvələrinin yüksək rütbəli nümayəndələri də təzyiqlər edir, ingilislərin Şuşadakı nümayəndəsi isə öz komandanlığına və Bakıya göndərdiyi məktublarda həmin hadisələrin bir qədər fərqli təsvirini verirdi. Belə ki, Azərbaycan hökumətinə ünvanlanan məktubda Xosrov bəy Sultanov bu qırğınların qarşısını almamaqda birmənalı günahkar sayılır və onun Azərbaycan hökuməti məhkəməsi qarşısında cavab verməli olduğu məsələsi qoyulurdu. Bu sırada hələ Ermənistan hökumətinin Azərbaycan hökumətinə göndərdiyi ultimatumlar, müraciətlər, notalar və s. haqda söz açmağa ehtiyac görülmür. Bütün bu rəsmi etirazlara cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi sərt bəyanatlara baxmayaraq vəziyyət nəinki sabitləşmir, daha da mürəkkəbləşir və dərinləşirdi.
Belə bir şəraitdə Azərbaycan hökuməti başçısının və parlament rəhbərliyinin birgə atdığı addımlar cümhuriyyət xadimlərinin hərtərəfli düşünülmüş və dəqiqliklə həyata keçirilmiş siyasi planı kimi qiymətləndirilməlidir.
Dağlıq Qarabağın Azərbaycana tabeliyi statusunun dəyişilə biləcəyi kimi ciddi təhlükə yarandığı şəraitdə cümhuriyyət parlamenti və Azərbaycan hökumətinin müvafiq manevrlər etməklə vəziyyətdən məharətlə çıxa bildikləri, əsas məsələdə heç bir güzəştə getmədikləri və bütün tələblərə baxmayaraq hətta general-qubernator postunda Xosrov bəy Sultanovu da başqa birisi ilə əvəz etmədikləri xüsusi vurğulanmalıdır.
Qarabağın general-qubernatoru bu hadisələrdən sonra da özünün qətiyyətli mövqeyindən geri çəkilmir və Milli Şura, daşnak rəhbərlərini yaxına buraxmamaq, əhalinin loyal hissəsi ilə etibarlı əlaqələr yaratmaq siyasətini davam etdirir. Məhz bu addımlar sayəsində Xosrov bəy iyunun son günlərində Dağlıq Qarabağ ermənilərinin VI qurultayının çağırmasına nail olur, onlara öz şərtlərini təqdim edir, qurultay hələ işini bitirməmiş məsləhətləşmələr üçün Bakıya gəlir və yerli erməni əhalisinin sözü keçən 3 nümayəndəsini də hökumətlə danışıqlar aparmaq üçün Bakıya gətirdir.
Nəsib bəy Yusifbəylinin Azərbaycan parlamentində 10 günlük fasilədən sonra çıxış etməsi də həmin günlər erməni nümayəndələri ilə aparılan danışıqlarla bağlı idi. Azərbaycan hökuməti bu nümayəndələrin özləri ilə gətirdiyi şərtləri – danışıqların Ermənistan hökuməti ilə, heç olmazsa Dağlıq Qarabağın “rəsmi idarə orqanı” kimi Milli Şura ilə aparılması və bir sıra digər qəbuledilməz təklifləri qətiyyətlə rədd edir, öz şərtlərini irəli sürərək erməni nümayəndələri onları müzakirə və qəbul edilmək üçün Qarabağa göndərir.
Xosrov bəyin apardığı ardıcıl siyasət öz nəticələrini verməyə başlayır. General-qubernatorun bir tərəfdən mümkün güzəştlərə getməsi, digər tərəfdən öz dövlətinin maraqlarını qorumaq inadı qarşısında müqavimət göstərməyin mənasız olduğu anlamı getdikcə erməni əhalinin əhval-ruhiyyəsini dəyişirdi. Dağlıq Qarabağın taxıl və ərzaq məsələlərində tam şəkildə müsəlman əhalidən asılı olduğu, müsəlman qonşularla davamlı düşmənçiliyin gətirdiyi fəsadlar və s. reallıqlar da erməni ticarət zümrəsi, ziyalılar, orta və yoxsul təbəqə arasında Azərbaycan hakimiyyətini tanımaq meyillərini gücləndirirdi. Digər tərəfdən son ayların hadisələrində vasitəçi və qarant rolu oynamış ingilis qoşunlarının 1919-cu ilin avqustu üçün yalnız Qarabağı deyil, bütün Zaqafqaziyanı tərk etməsi ona gətirib çıxarır ki, avqustun 12-də Dağlıq Qarabağın 200-dən artıq erməni nümayəndəsi Şuşa yaxınlığındakı Şuşikənddə qurultaya yığılaraq sülh konfransının qərarına qədər müvəqqəti olaraq Azərbaycan hökumətinin idarəçiliyini tanıdıqları haqda 26 maddədən ibarət qətnamə qəbul edirlər.
Qarabağ ermənilərinin öz qurultayında Azərbaycan hökumətinin idarəçiliyini tanıdıqları haqda qəbul edilən bu sənəd mətbuatda yayılmaqla və geniş şərh edilməklə bərabər tez bir zamanda Fransaya, Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinə də çatdırılır. Və Əlimərdan bəy Topçubaşov erməni əhalinin Qarabağda öz suveren hakimiyyətini bərpa etmiş Azərbaycan hökumətinə tabe olması barədə öz qurultayında qəbul etdiyi bu qətnaməni, İrəvan quberniyasında müsəlman əhalinin adi insan hüquqlarından məhrum olduqlarına dair İrəvan Müsəlman Milli Şurasının bəyanatları ilə birlikdə Paris sülh konfransına, böyük dövlətlərin nümayəndəliklərinə, eləcə də Parisdəki erməni nümayəndəliklərinə təqdim edir.
Qarabağ məsələsi Azərbaycan parlamentində bir də 1920-ci ilin aprelində gündəmə gələcək…
(Ardı var)