Qarabağ məsələsi cümhuriyyət parlamentində (7)
Solmaz Rüstəmova-Tohidi
Tarix elmləri doktoru
IV hissə
Cümhuriyyət parlamentinin 1919-cu ilin iyulunda özünün üç iclasında hökumət başçısının iştirakı ilə Qarabağ məsələsini müzakirəyə çıxarması ilk nəzərdə sual doğurmasa da, bu müzakirələri şərtləndirən məsələnin özü – Şuşanın erməni və azərbaycanlı əhalisi arasında cəmi bir günlük atışma və 3 erməni kəndinə basqın həmin dövr bölgənin ümumi mənzərəsi qarşısında elə də mühüm əhəmiyyətli hadisə deyildi. Hələ 1918-ci ilin əvvəllərindən başlayaraq erməni nizami qoşunları, Daşnaksütunun silahlı qüvvələri və 1915-ci ilin məlum hadisələrindən sonra Osmanlı ərazilərindən qaçan 450 minlik qəzəbli erməni əhalinin İrəvan quberniyası, Zəngəzur və Qarabağda Azərbaycan kəndlərini və yerli müsəlman əhalini qırğınlara məruz qoyması, 1918-ci il mart hadisələrindən sonra kütləvi qırğınların Bakı və Şamaxı şəhərləri daxil olmaqla Bakı və Yelizavetpol (Gəncə) quberniyalarının qəzalarını əhatə etməsi günün siyasi reallığı idi. Azərbaycan hökumətinin bu hadisələrin araşdırılması üçün yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının üzvləri 1919-cu ilin mart-aprel aylarında təhlükəsizlik baxımından hələ də Qarabağın qırğınlara məruz qalmış bütün kəndlərinə gedib çıxa bilməmişdi, Zəngəzur faciələri barədə isə yalnız Cəbrayıla sığınmış qaçqınlardan alınan ifadələrlə kifayətlənməli olmuşdu. Bu komissiyanın ən ümumi rəqəmlərinə görə, həmin dövr Cəbrayıl, Cavanşir və Şuşa qəzalarında azərbaycanlılar yaşayan 40-dan artıq kənd, Zəngəzurda isə 115 müsəlman yaşayış məntəqəsi dağıdılmış, talan edilmiş, yandırılmış, sayı minlərlə ölçülən əhali qətlə, qarətə və öz torpaqlarından qovulmaya məruz qalmışdı. Bölgədə qarşıdurma və silahlı münaqişə davam edir, dinc əhalinin təhlükəsizliyi və əmin-amanlığına heç bir təminat verilmirdi.
Belə bir halda Azərbaycan parlamentinin ən azı Qarabağda yaranmış ümumi vəziyyəti deyil, 3 erməni kəndində baş verənləri gündəmə gətirməsi üçün, əlbəttə, çox ciddi səbəblər olmalı idi…
Qarabağa parlament nümayəndə heyətinin göndərilməsi təşəbbüsünü və onun tərkibini hökumətin irəli sürməsi də yəqin ki, təsadüfi deyildi. Erməni deputat, daşnak Poqos Çubaryan yalnız müzakirələr bitənə yaxın bu fakta diqqət yetirəcək, “Anlamıram, məsələ nə üçün bu qayda ilə müzakirə olunur, bizi parlaman göndərməmişdi…” soracaq.
Nümayəndə heyətinə parlamentin iki aparıcı qurumunun – Müsavat və İttihad təmsilçilərinin, eləcə də biri Daşnaksütundan olan iki erməni nümayəndənin daxil edilməsi, heyətin rəhbəri kimi isə daim hökumətə tənqidi mövqedə duran və ona etimad göstərməyən İttihad fraksiyasının lideri Qara bəy Qarabəyovun təyin olunması da Nəsib bəy Yusifbəylinin bütün bu məsələləri hərtərəfli götür-qoy etməsindən xəbər verirdi.
Erməni deputatların dönə-dönə “məsələnin siyasi cəhətini atıb”, yalnız “əməli cəhətinə diqqət etdikləri” kimi bəyanatlarına baxmayaraq onların milli təəssübkeşlik mövqeyindən çıxış edəcəkləri gözlənilən idi. Hazırladıqları məruzəni parlament qarşısında oxumağa cürət etməsələr də, erməni nümayəndələrin öz çıxışları ilə azərbaycanlı həmkarlarını dərhal müdafiə mövqeyinə qoya bildikləri tezliklə üzə çıxdı. Lakin Qara bəy Qarabəyovun və Şəfi bəy Rüstəmbəylinin də haqqını vermək lazımdır. Ermənilərin bütün dediklərinin arxasında Dağlıq Qarabağda baş vermiş olaylarda yalnız general-qubernatoru müqəssir bilmək və onun geri çağırılmasına nail olmaq məqsədi durduğunu anlayan azərbaycanlı nümayəndələr Xosrov bəy Soltanova qarşı sürülən ittihamları layiqincə cavablandıra bilirlər. Bu zaman Şəfi bəy özünün bütün dəlillərini həm də general-qubernatorun yazılı əmrlərini oxumaqla təsdiq edir.
Erməni deputatların general-qubernatoru “fəaliyyətsizlik və səhlənkarllıq”dan tutmuş “cinayətə” qədər təqsirləndirdiyi ən mühüm məsələ məhz onun tabeliyində olan Azərbaycan ordu qüvvələri ilə bağlı verdiyi əmrlər idi. Bu “siyahıda” birinci yeri Xosrov bəyin Erməni Milli Şurasına heç bir məktub, hətta “ingilis komandanlığından təslim haqqında tələb” təqdim etmədən şəhərin erməni hissəsindəki kazarmaları boşaltdıraraq orada Azərbaycan hərbi qüvvələri yerləşdirməsi tuturdu. Bu zaman həmin kazarmalarda yaşayan 1500 nəfərədək erməni qaçqını bayıra atması xüsusi vurğulanırdı.
Şəfi bəyin həmin kazarmaları “şəhərin erməni hissəsində nizam və asayişi bərpa etmək və hərc-mərcliyi yatırtmaq üçün” tutulduğu cavabı qarşısında Poqos Çubaryan ilk baxışda məntiqi görünəcək və artıq hamıya məlum bir məqama diqqət çəkirdi. Bütün sonrakı silahlı münaqişələrdə – istər Üçmıx postunda və Şuşanın özündə gedən döyüşlərdə, istərsə Qaybalı və digər erməni kəndlərinə basqınlar zamanı Azərbaycan hərbi qüvvələri kazarmalarda saxlanmış, onlara heç bir halda atəş açmamaq əmri verilmiş, erməni hissələrindən atılan güllələrdən kazarmanın içində əsgərlərdən itki verilsə belə, bu qüvvələr səngərlərə buraxılmamışdı. Bu əmrlərin əsas səbəbi kimi erməni deputatlara belə bir şərh verilir: general-qubernator son dərəcə qarışıq, mürəkkəb və qarşıda hələ hansı hücumların gözlənildiyi bilinməyən bir vəziyyətdə Azərbaycan hərbi qüvvələrini ayrı-ayrı cəbhə meydanlarına parçalamağı, şəhəri boş qoymağı qeyri-məqbul sayıb.
Xosrov bəyin öz şəxsi mühafizə dəstəsinin əsgərlərinin və Xankəndidən gələn azsaylı hərbi qüvvələrin Qaybalı və Kərkicahan hadisələrində bilavasitə iştirakı, yaxud “öz əhalisinə güllə atmayacağını” bildirərək erməni kəndliləri qorumaqdan imtina etməsi kimi digər irad və töhmətlərə də onların həqiqətə uyğun olmadığını sübut edən müddəalar və zaldan gələn güclü etiraz səsləri ilə bərabər cavablar verilir.
Təbii ki, bu izahları qəbul etməyən erməni deputatlar öz əsas ittihamlarını irəli sürürlər: general-qubernator Xosrov bəy Soltanov bütün bu silahlı qarşıdurmaları və talanları qəsdən törətməkdə günahlandırılır!
Azərbaycanlı nümayəndələr bu ittihamları da bir sıra məntiqi cavablarla təkzib edirlər. Belə ki, Şuşada silahlı münaqişə baş verən gün – iyunun 4-də müsəlman uşaqlar səhərdən şəhərin erməni məhəlləsində yerləşən məktəbə gedib, müsəlman məhəlləsindəki bazarda erməni tacirlər öz azərbaycanlı şərikləri ilə alver edib, Üçmıx postunda atışmalar başlayan vaxt yollar azərbaycanlı köçlərlə dolu olub.
Qara bəy Qarabəyov hələ ilk iclasdakı çıxışında belə nümunələr üzərində ətraflı dayanaraq “Biz təkid edirik ki, general-qubernatorun qabaqcadan düşünülmüş, təyin edilmiş talan planı yoxmuş” deyə bu məsələyə birdəfəlik nöqtə qoymaq cəhdi etmişdi. Lakin erməni tərəfin Xosrov bəyi açıq ittiham etməsi qarşısında Şəfi bəy bu sübutlarla kifayətlənməyərək müzakirəni başqa müstəviyə keçirir. Qarabağda, Şuşada, Zəngəzurda baş verən hadisələri Azərbaycan, Ermənistan və Tiflisdəki erməni başçılarının və Daşnaksütun Partiyasının rəhbərlərinin təşkil etdiyi halda Çubaryanın siyasi qərəzlə yazılmış bəyannaməsində onların haqqında heç bir söz açılmadığı qeyd edilir. “Mətbuatda general-qubernatorun namı (adı) ətrafında qaldırılan səs-küy provakasiyadır” deyə Şəfi bəy bunun yalnız Azərbaycanda bir “fəna” hadisə baş verdiyini aləmə göstərmək niyyəti ilə edildiyini bildirir: “Köhnə Qarabağ məsələsi qaldırılır. Bu məqsədlə də Zaqafqaziya həyatında İrəvan quberniyası və Axıska qəzasında görmüş olduğumuz hadisələrə nisbətən xırda bir məsələ ətrafında bunca gurultular qopardılır”.
Rüstəmbəyli daha sonra çıxışının yəqin ki, ən mühüm hissəsinə keçir: “Məclisi Məbusan və bütün azərbaycanlılar Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi deyə qəbul ediblər”. Sonra bu işdə ermənilərlə müsəlmanlar arasında vasitəçi rolu oynayan xarici qüvvələrin də razılığına baxmayaraq Qarabağın dağlıq hissəsinin hələ də Azərbaycanın nəzarəti xaricində qaldığına diqqət çəkərək açıq bəyan edir: “Şübhəsiz, dövlət və beynəlmiləl hüquq nöqteyi-nəzərdən bu işə müsəlləh (silahlı) üsyan kimi baxılmalı və bunun müqabilində hər bir hüquqi dövlət qüvvə işlətməyə qədər qəti tədbirlər görməlidir”.
Şəfi bəyin bu sözləri parlamentdə “doğrudur, doğrudur” sədaları ilə dəstəklənir.
Azərbaycan parlamenti və hökumətinin bu məsələni sülh yolu ilə həll etmək istədiyinə baxmayaraq cümhuriyyət yaranan gündən bəzi qüvvələrin Qarabağı Azərbaycandan ayırmağa çalışdığını, az qala onu “bolşevik Rusiyasının bir hissəsi elan etmək dərəcəsinə” vardıqlarını vurğulayan Rüstəmbəyli general-qubernatorluq yaradılmaqla Qarabağ məsələsinin “yeni səhifəsinin başlandığını” bildirir. Qarabağ “ermənilərinin və türklərinin birgə yaşamaq istədikləri, siyasi və iqtisadi rabitəsiz yaşaya bilməyəcəklərini” anladıqları halda Şuşa erməni milli dairələrinin erməni əhalisini Azərbaycan dövləti əleyhinə qızışdırdığı faktına diqqət çəkən Rüstəmbəyli bu şuranın özünə bütün qüvvə və pulun İrəvandan göndərildiyi söyləyir.
Bununla belə, azərbaycanlı nümayəndə hazırda “Qarabağda erməni camaatının təcavüzkaranə niyyəti olduğu, Zəngəzurda təcavüzün hələ də davam etdiyi” kimi məqamları gördüyü halda belə Azərbaycan hökumətinin məsələləri sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edir.
Çıxışının sonunda Şəfi bəy parlamentə bunu elan etməyi özünə borc bilir ki, hazırda Dağlıq Qarabağ “ən ciddi bir vəziyyət altındadır və əgər hökumət qəti tədbirlər görüb möhkəm hökumət idarəsi qurmasa, bu vəziyyət bütün Qarabağa yayılar”…
Azərbaycanlı həmkarının artıq “bir cinayətin çözülməsi” hüdudunu aşan və siyasi xarakter alan bu açıq bəyanatından həyəcanlanan Çubaryan bir gün əvvəl çıxış etdiyinə baxmayaraq bir daha kürsüyə qalxır, öz ünvanına “siyasi qərəzlə” bağlı deyilən töhmətlərlə razılaşmır, Şəfi bəyin ünsiyyətdə olduğu, “daşnakların siyasətindən narazı” erməni ziyalı xadimlərini kəskin tənqid edir.
Maraqlıdır ki, əvvəlki çıxışını Azərbaycanın müxtəlif yerlərində “bəlkə azlıqda qalan” ermənilərin “ümum vətəndaşlarla bərabər hüquqa malik olmaları” arzusu ilə bitirən Çubaryan ikinci çıxışının sonunda artıq öz konkret mövqeyini tam açıqlayır. Şuşanın Erməni Milli Şurasından söz açaraq “Həzərat, vaxt yetişmişdir ki, biz siyasi düşmənlərimizlə namusla rəftar edək” çağırışı edir, “Azərbaycan hökumətini qəbul etməyənlərin başqa məqsədlər, başqa arzular təqib edənlərin” hamısını “əşqiya” (cani) saymağın düzgün olmadığını bildirir və bunu “siyasi mübarizədə öz qarşısında namuslu düşmən görməmək” kimi qiymətləndirir.
Çubaryanın bu sözləri salonda təlatümə səbəb olur, hər tərəfdən “Namuslu düşmən yoxdur! Namuslu düşmənimiz olsaydı!” sədaları eşidilir.
Tribunaya qalxan ikinci erməni deputat Xocayev üzvü olduğu nümayəndə heyətinin yığdığı sənədlərin iki suala cavab verməli olduğunu qeyd edir: baş vermiş hadisələrin səbəbini aydınlaşdırmaq və həmin hadisələrdə yerli hökumətin, yəni general-qubernatorun rolunu təyin etmək. Xocayev özü “səmimi və insaf üzərinə” əvvəlcə birinci suala cavab verir:
“Bir tərəfdən Qarabağ ermənilərinin Azərbaycan Cümhuriyyətini qəbul etmək və tanımaq istəmədikləri; digər tərəfdən də Azərbaycan Cümhuriyyəti və onun nümayəndəsinin… nə yolla olur-olsun Qarabağ ermənilərini Azərbaycana tabe etdirməyə çalışması. Bu hadisatın əsil səbəbi iştə budur!”.
Xocayev azərbaycanlı deputat nümayəndələrin erməni əhalisinin bu işlərdə təqsiri olmadığı və onların Azərbaycan hökumətini qəbul etdikləri, lakin bəzi qruplar, təşkilatlar, dəstələrin buna mane olduqları kimi fikirlərini general-qubernatorun da müdafiə etdiyini vurğulayaraq bu fikirlərin yanlış olduğunu qeyd edir. Daha sonra zalda qopan ümumi səs-küyə məhəl qoymadan Xosrov bəyin bütün bu işlərdə müqəssir bildiyi Şuşa Milli Şurasına qarşı barışmaz münasibətini və gördüyü tədbirləri kəskin tənqid edir. Erməni deputat hazırda Dağlıq Qarabağda erməni əhalisi arasında yaranmış ümumi mənfi əhval-ruhiyyənin erməni təbliğatında deyil, yerli hökumətin üsuli-idarəsində görür. Bu zaman hər halda həmin təbliğatın rolu olduğunu etiraf etsə də, “deleqasiya rəisi doktor Qarabəyovun general-qubernatorun bütün tədbir və hərəkətlərini” haqlı bilməsi ilə qəti surətdə razılaşmır.
Maraqlıdır ki, Xocayev öz erməni həmkarı Çubaryanın Şuşada baş verən hadisələri qubernatorun qəsdən, guya “şəhərdə erməniləri qırmaq üçün təşkil etdiyi” fikrinin yanlış anlaşıldığını bildirir və özü belə bir versiya irəli sürür: “…Bu ancaq geniş dairədə icra edilmiş (bəlkə ingilislərin də rizasıyla) bir nümayiş idi ki, erməniləri qorxudaraq Azərbaycan Cümhuriyyətinə tabe olmağa, general-qubernatoru qəbula məcbur etmək məqsədi ilə baş verib”. Qubernatorun bu “qorxutmaq məqsədinin” erməni əhalisi arasında “qırğına hazırlıq” kimi başa düşülərək böyük həyəcan doğurduğu, son nəticədə hərbi iğtişaşlara və qurbanlara gətirib çıxardığını dəfələrlə vurğuladıqdan sonra erməni deputat “Biz demirik ki, bu cinayətdir, biz deyirik ki, bu ehtiyatsızlıqdır” kimi bir nəticə alır. Bu ümumiləşdirmədən sonra isə sanki sadəlövhcəsinə “Nə üçün general-qubernator bunu danır” kimi sual qoymaqla əslində Xosrov bəy Sultanovu Şuşa hadisəsini “nümayiş məqsədi ilə ehtiyatsızlıq”, Qaybalı hadisəsini isə yerli hökumətin “fəaliyyətsizliyi və səhlənkarlığı” olduğunu etiraf etməyə çağırır.
Eyni zamanda Xocayev bu hadisələrin hüquqi baxımdan təftiş edilməsini lazım bilir, Şuşada olarkən istintaq qrupunu görmədiklərini nəzərə çatdırır. Lakin az sonra onun bu istintaqı konkret olaraq azərbaycanlı əhalinin özünümüdafiə dəstələrinin fəaliyyətini araşdırmaq və cəzalandırmaq məqsədi ilə tələb etdiyi məlum olur: “Məncə, bu iş Qaybalı qırğınından bədtərdir. Çünki cəza verilmədikdə camaat elə güman edər ki, insanın kefi nə istəsə edə bilər”.
Xocayevin bu tələbin sonunda Qarabağda olan bəzi kəslərin son nəhayətdə nəinki “Denikinin – rus dövləti hakimiyyətinin, hətta şeytanın gəlməsinə sevinəcəyi” kimi fikirlər səsləndirməsi və çıxışını da “Bu bir ləkədir – hüquqsuzluq və qayda-qanunun olmaması” ifadəsi ilə bitirməsi parlament zalında görünməmiş hay-küy doğurur, yerlərdən “İrəvanda yaxşı qaydalar var” sədaları gəlir.
İclasın sədri Həsən bəy Ağayev bu gərginlik qarşısında artıq gec olduğunu bildirərək müzakirələr açılmasını lazım bilmir. Eyni zamanda Qarabağ hadisələrinə dair hələ hökumətin şərhinin olacağını nəzərə çatdıraraq dinləmədən əvvəl müzakirələrə yekun vurmağı məqbul saymır.
Diqqətəlayiqdir ki, Qarabağ müzakirələrinin gözlənilən yekun iclası yalnız 10 gündən sonra baş tutur. Bu arada parlament üzvləri iki dəfə öz iclaslarına yığışaraq müxtəlif məsələləri müzakirə edir, qərarlar çıxarırlar. 14 iyul iclasında “Hökumətin Qarabağ hadisəsi xüsusunda əxbarı” məsələsi gündəliyə salınsa da “növbədən götürülür, bəzi səbəblərə görə natamam olduğundan gələcək iclasa qalır”. Həmin “bəzi səbəblər” açıqlanmasa da, Nəsib bəyin 3 gündən sonra parlamentdəki çıxışından onların nədən ibarət olduğu aydınlaşacaq.
(Ardı var)