Rusiyadakı etirazlarda gənclərin rolu – “Le Figaro”
- 11 Fevral 2021
- comments
- Novator.az
- Posted in Dünyanın səsiŞərh
Fransanın “Le Figaro” qəzetində rusiyalı gənclərin ölkədə baş verən siyası proselərə münasibətini əks etdirən məqalə dərc olunub. “Rusiya: gənclər artıq bezdiklərini, dəyişikliklər istədiklərini bəyan edirlər” başlıqlı məqalənin müəllifi Estel Levresdir.
Novator.az saytının məlumatına görə, məqalədə qeyd olunur ki, son həftələrdə on minlərlə rusiyalı birlik nümayiş etdirərək ölkədə etiraz hərəkatının simvoluna çevrilmiş Aleksey Navalnının azad olunması tələbi ilə mitinqlərə axışıb: “Bu onu göstərir ki, artıq Navalnı ölkə gənclərinin də hərəkətverici qüvvəsinə çevrilib”.
Məqalədə rusiyalı yeniyetmələrin də ölkədə gedən proseslərdən kənarda qalmadığı qeyd olunur.
Moskvada yaşyan 15 yaşlı Saşa 8-ci sinif şagirdidir. Saşa sosial şəbəkələrdə çoxlu məlumat paylaşır. Onun sosial şəbəkə fəallığı Moskvada həyata keçirilən çoxsaylı həbslərdən sonra başlayıb.
Hərəkatçı yeniyetmə – Saşa bütün Rusiyanı silkələyən son mitinqdən iki gün sonra fikirlərini “Le Figaro” ilə bölüşüb: “Mən ölkəmdə baş verənlərə biganə qala bilmirəm. XXI əsrdə yaşasaq da, məndə belə bir təsəvvür yaranır ki, sanki biz sovet dövrünə qayıtmışıq”.
Məqalədə qeyd olunur ki, rusiyalı yeniyetmə ilk dəfə etiraz aksiyasına bu il yanvarın 23-də Navalnıya azadlıq tələbi ilə keçirilən mitinq zamanı qatılıb. Saşa deyir ki, hakimiyyətin qadağalarına baxmayaraq bəxti gətirib, çünki arxasında onu dəstəkləyən ailəsi var: “Aksiyaya atamla bərabər getmişdim. Atam çox həyəcan keçirirdi, ancaq məni dəstəkləməyə davam edirdi”.
Məqalənin müəllifi Estel Levres 21 yaşlı Anastasiyanı da oxuculara tanıdır.
Anastasiyanın valideynləri onun siyasi baxışlarını bölüşmürlər. Bu gənc qız marketinq şirkətində çalışsa da, boş vaxtlarını qadın hüquq və azadlıqları uğrunda mücadiləyə həsr edir.
Valideynlərindən söz açarkən Anastasiya deyir: “Onlar qətiyyən mənim mövqeyimi başa düşmək istəmirlər. Valideynlərim ölkədə baş verə biləcək dəyişikliklərdən elə qorxurlar ki… Atam-anam düşünür ki, Putin bizlərə stabillik bəxş edib. Qəribə məntiqdir: yeməyin, geyimin var, daha sənə nə lazımdır? Ancaq sadalananlar mənim üçün azdır. Mən seçim azadlığı istəyirəm. İstəyirəm ki, ölkəni idarə edəcək rəhbərlə bağlı fikirlərimi azad ifadə edə bilim”.
Məqalədə mövzu ilə bağlı ekspert rəyi də yer alıb.
Sosioloq Ella Paneyax “Le Figaro”ya açıqlamsında gənc nəsillə yaşlı təbəqə arasında fərqə toxunub: “Sosioloji araşdırmalara görə, ayrı-ayrı nəsillərdən olan insanlar ayrı-ayrı mənbələrə istinad edir və etimad göstərirlər. Yaşlı nəsil üçün etibarlı mənbə televiziya hesab olunur. Gənclər isə alternativ mənbələrə üstünlük verirlər. Bu da onlara səhih xəbər əldə etmək imkanı yaradır. Rusiya hakimiyyətinin təbliğat kampaniyası artıq iflasa uğrayıb. Bu kampaniya indi əvvəlkindən daha bəsit və passiv görünür. Məsələyə bu konteksdən yanaşsaq, sosial şəbəkələrin nə qədər əhəmiyyətli rol oynadığını görərik”.
Sosioloqa görə, sürətli informasiya mübadiləsi formalaşdıqca onun senzura ilə toqquşma ehtimalları da yüksək olur. Davamlı proses gəncliyin yaşlı nəsilə qalib gəlməsi ilə nəticələnir.
Rusiyadakı son mitinqlərdən danışan Ella Paneyax Kremlin dözümsüzlüyünə toxunur: “Navalnıya azadlıq tələbi ilə keçirilən mitinqlər bütün sosial şəbəkələrdə, o cümlədən “TikTok” və “İnstagram”da yayımlandı. Həmin platformalar gənclər arasında daha populyardır. Nəticədə Kreml bəyan etdi ki, yeniyetmələri “qorumaq” məqsədilə sosial şəbəkələrə, gənclərin paylaşımlarına, mitinqə çağırış edənlərin səhifələrinə qadağalar tətbiq olunacaq. Hakimiyyətin qadağalarına baxmayaraq vaxtının çoxunu sosial şəbəkələrdə keçirən gənclərin əksəri küçələrə hamıdan qabaq çıxdı. Moskvanın Puşkin meydanında toplaşanların 42%-i məhz gənclər idi. Bu, həqiqətən böyük göstəricidir. Çünki əvvələr bu göstərici 20%-i ötmürdü”.
Ella Paneyaxın fikrincə, 2019-cu ilin etiraz aksiyaları ilə müqayisədə hazırda nümayişlərə cəmiyyətin daha geniş təbəqələrini əhatə edən insanlar çıxırlar: “Onlar sosial təbəqənin ali mənsubları deyil, sadə və hətta heç bir təhsili olmayan vətəndaşlardır. Artıq cəmiyyətin davranış tərzi dəyişir. Böyük və kiçik şəhərlər etirazlara qoşulur, insanlar müxtəlif mənbələrin köməyilə məlumatlandırılır, hakimiyyət isə baş verən dəyişiklikləri anlamaq istəmir. Navalnının azad olunmasını tələb edən nümayişçilərin əksəri əslində ədalətsizlikdən bezdiklərini deyirlər. Onlar narazılıqlarını hakimiyyətə çatdırmaq və öz fikirlərini ifadə etmək üçün meydanlara toplaşırlar”.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib.
Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib.
Hazırda Aleksey Navalnı Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir.
Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.
Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Həmin gün o, paytaxt Moskvaya uçarkən özünü pis hiss edib, huşunu itirib, Omsk şəhərində təcili eniş zərurəti yaranıb. Omskda reanimasiya şöbəsinə yerləşdirilən Navalnı avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub.
Müxalif siyasətçinin sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran Navalnı bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
2021-ci il yanvarın 17-də Almaniyadan vətənə dönən Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub.
Yanvarın 18-də Ximki Şəhər Məhkəməsi sınaq müddəti qaydalarını pozması ittihamı ilə Navalnı barəsində 30 sutka həbs qətimkan tədbiri seçib.
Aleksey Navalnı paytaxt Moskvanın “Matrosskaya tişina” istintaq təcridxanasında saxlanır.
Ximki Şəhər Məhkəməsinin həbs qərarından bir gün sonra internetdə Aleksey Navalnının Rusiyanın Qara dəniz sahilində yerləşən dəbdəbəli malikanə haqda araşdırması yayılıb. “Putin üçün saray. Ən iri rüşvətin tarixçəsi” başlığı altında təqdim olunan araşdırmada malikanənin Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilib.
Araşdırmanı Navalnının həmkarları yayıblar. Onlar Rusiya vətəndaşlarını Navalnının həbsinə biganə yanaşmamağa, etiraz aksiyaları keçirməyə səsləyiblər.
Tutulduğu gün Navalnı özü də rusiyalıları despot rejimi qarşısında susmayıb etirazlara qalxmağa səsləyib.
Yanvarın 23-dən Rusiyanın bir çox şəhərində və regionunda kütləvi etiraz aksiyaları start götürüb. Həmin gün və ayın 31-də keçirilən aksiyalarda əsas tələb Aleksey Navalnının azadlığa buraxılması olub.
Fevralın 2-də Moskva Şəhər Məhkəməsi Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib. Hökm Cəzaların İcrası üzrə Federal Xidmətin iddiası əsasında çıxarılıb.
Xidmətin iddiasında bildirilib ki, Aleksey Navalnı 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilərkən məhkəmə qərarı ilə ona 5 il sınaq müddəti də təyin edilib. Sonradan isə sınaq müddəti daha bir il uzadılıb. Sınaq müddəti 2020-ci il dekabrın 30-dək qüvvədə olub.
Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasında vurğulanıb ki, sınaq müddəti başa çatanadək Navalnı hər ay iki dəfə müvafiq dövlət orqanında qeydiyyatdan keçməli idi, qayda belədir. Lakin Navalnı ötən ilin ikinci yarısından sonra qeydiyyatı aparan idarəyə gəlməyib.
Siyasətçinin müdafiəçiləri məhkəmənin diqqətinə çatdırıblar ki, Navalnı ötən ilin avqustunda zəhərlənib və Almaniyada müalicə olunub.
Cəzaların İcrası üzrə Federal Xidmətin təmsilçisi isə iddianı müdafiə edərək deyib ki, Navalnının Almaniyada müalicəsi sentyabr ayında başa çatıb, lakin bundan sonrakı dövrdə də o, qeydiyyatdan keçməli olduğu idarəyə gəlməyib.
Məhkəmə Navalnının 2020-ci ilin ikinci yarısında ən azı 6 dəfə qeydiyyatdan keçməli olduğu dövlət orqanına gəlmədiyini əsas götürərək Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasını təmin edib.
Mənbə: Lefigaro.fr