Qarabağ məsələsi cümhuriyyət parlamentində (6)
Solmaz Rüstəmova-Tohidi
Tarix elmləri doktoru
Qarabağ erməniləri bu hadisələri dərhal Ermənistana, oradan da xaricə yayır, Qaybalıdakı meyitlərin şəkilləri erməni mətbuatında dərc edilərək ən müxtəlif şərhlərlə Azərbaycan hökumətinə, şəxsən Qarabağ general-qubernatoruna və qismən də “azərbaycanlıları dəstəkləyən” ingilislərin əleyhinə görünməmiş əks-səda doğurur. Təbii ki, Azərbaycan hökuməti bu olaylara dərhal reaksiya verir və prokuror, istintaq, polis heyətləri ilə yanaşı Azərbaycan parlamenti nümayəndələri də vəziyyəti öyrənmək üçün Qarabağa göndərilir.
10 gün ərzində yerli azərbaycanlı və erməni əhali, ingilis zabitlər, Azərbaycan hərbçiləri və təbii ki, Xosrov bəy Sultanovla görüşüb sorğular aparan parlament üzvləri xeyli yazılı sübut – ifadələr, şikayət ərizələri, rəsmi göstəriş və əmrlərin surətlərini və s. yığırlar, parlament rəhbərliyinə 58 sənəd və fərqli mövqeləri əks etdirən 2 məruzə təqdim edirlər. Hadisələrin yuxarıda təsvir edilən gedişi, kiçik istisnalarla, hər iki məruzədə təsdiq edilir, fərqlər isə azərbaycanlı və erməni deputatların həmin hadisələrin qiymətləndirməsində üzə çıxır.
Qarabəyovdən sonra söz alan erməni deputat Poqos Çubaryan dərhal belə bir xəbərdarlıq edir ki, “erməni və daşnak olduğu üçün” məruzəsinin onun əleyhinə çevriləcəyinə əvvəldən əmindir, bununla belə, hadisələrin gedişini təsvir edən azərbaycanlı həmkarları ilə razılaşmadığı məqamları Azərbaycan parlamentinə çatdırmağı öz vəzifəsi hesab edir. Bu məqamlar – Qaybalı kəndinin məhv edilməsinin elat köçünün ermənilərin hücumuna məruz qalmasının nəticəsi olması və Xankəndidəki Azərbaycan qüvvələrinin bu hadisənin qarşısını almaqda imkansızlığı ilə razılaşmama, Qaybalı sakinlərinin meyitlərinin uzun müddət yollarda, meşədə, çayda qaldığı və onların xristian qaydası ilə dəfn edilməsi üçün vaxtında tədbirlər görülməməsi kimi iddiaları əhatə edir.
Qeyd olunmalıdır ki, parlamentin ertəsi gün keçirilmiş iclasında Şəfi bəy Rüstəmbəylidən sonra çıxış edən erməni fraksiyasından İsaq Xocayev də Çubaryanın irəli sürdüyü bütün arqumentləri təsdiq etməklə yanaşı öz iradlarını da bildirir. Onun məlum “əsgər hadisəsi”nin “qəsdən şişirdildiyini” bildirərkən işlətdiyi “müsəlman könüllüləri” ifadəsi iclas salonunda etirazla qarşılanır, yerlərdən: “könüllünün deyil, əsgərin silahını almışlar” sədaları ucalır və bu bir daha həmin hadisənin yalnız Şuşada deyil, Bakıda, parlamentin azərbaycanlı deputatları üçün də nə qədər həssas məsələ olduğunu göstərir.
Xocayev sənədlərə – erməni və müsəlman şahidlərin dindirilməsi əsasında özünün tərtib etdiyi protokola və Şuşadakı ingilis missiyasının polkovniki Kletenberqin ifadəsinə istinad edəcəyini bildirir. Protokol çox uzun olduğundan Xocayev yalnız ermənilərin şikayətlərini səsləndirir və onların Şuşa-Yevlax yolunda qoyulmuş postlarda axtarılmaq bəhanəsi ilə soyulduğunu iddia edir. İngilis polkovnikə istinad edilən sənəd iclasın stenoqramında əks olunmadığı üçün onun məzmunu açılmır, lakin ingilis zabitin də postlarla bağlı nəsə mənfi fikir bildirdiyi güman edilir, belə ki, bu zaman salonda bir canlanma yaranır və “düz deyil, bütün bunlar yalandır” səsləri ucalır.
Xocayev də Çubaryan kimi Qaybalı kəndindəki qırğınlarda Xankəndidən gələn azərbaycanlı əsgərlərin iştirak etmədiyini şübhə altına alır və nümunə olaraq Azərbaycan ordusuna məxsus bir çin nişanı (poqon) tapıldığını göstərir. Şəfi bəyin onun əsgəri nişan deyil, məhkəmə məmurunun fərqlənmə nişanı olduğunun sübut edildiyi cavabını qəbul etməyən Xocayev bu dəfə müsəlmanların ifadələrinə istinadla yerli əhalinin özünün silahlı müdafiə komitələri olduğu faktına diqqət çəkir, bunu ermənilər və ümumən qanuni asayişin bərpası üçün təhlükə hesab edir.
Məruzələrdə daha bir neçə məsələdə azərbaycanlı və erməni deputatların mövqeyi qəti şəkildə üst-üstə düşmür. Onlardan biri 4-6 iyunda baş vermiş Qaybalı, Kərkicahan və Bəhlul olaylarında kürdlərin iştirakı məsələsidir. İlk dəfə bu məsələyə toxunan Qarabəyov kürdlərin yalnız iyunun 6-da, Qaybalıda talanlar qurtardıqdan sonra gəldiyini, Şuşanın altındakı Daşaltı, Daşkənd kəndlərini və başqa erməni kəndlərini dağıtmaq istəsələr də qubernatorun buna mane olduğunu, onların qarşısına qoşun və pulemyot göndərib qayıtmaq tələbi qoyduğunu vurğulayır. Qara bəy bununla bölgənin digər erməni kəndlərinin və ümumən erməni əhalinin xilas edildiyini nəzərə çatdırır, belə ki, Mıxtökən adlı dağda dayandırılmış 3000-dən artıq silahlı kürd dəstələrinin qarşısı alınmadığı halda nə baş verəcəyini təsəvvür etmək çətin deyil. Şəhərə girə bilmiş 50-60 kürdün tezliklə Şuşadan çıxarılması da onlara bu imkanın verilmədiyinə bir sübutdur.
Şəfi bəy Rüstəmbəyli kürdlərin Şuşaya “dava qurtardıqdan sonra gəlib çıxdıqlarına” dair xeyli dəlil olduğuna, yerli ermənilərin də kürdlərin həmin vuruşda iştirakına dair heç bir xəbər vermədiklərinə diqqət çəkir.
Erməni deputatlar bu məsələdə birmənalı mövqe tutaraq kürdlərin iyunun 6-da deyil, 5-də gəldiyini və “hadisələrə qatıldığını” israr edirlər. Çubaryan dediklərinə sübut kimi Üçmıx postunda atışmada Azərbaycan ordusunun birinci pulemyot bölüyünün komandanı – rus Maksimoviçin “…ətraf kəndlərdən kürdlər və başqa müsəlmanlar bizə köməyə gəlirdilər” kimi şəhadətlərinə istinad edir.
4-6 iyun hadisələrində kürdlərin fəal iştirakı məsələsi erməni və Avropa mətbuatında, eləcə də ingilis komandanlığının məlumatlarında yer almışdı. İri erməni burjuaziyasının Tiflisdə rus dilində buraxdığı “Кавказское слово” qəzeti Qaybalı kəndinə basqın edənlərin Xosrov bəy Sultanovun mülklərində yaşayan kürdlər olduğunu və bu kürd-azərbaycanlı dəstələrinə Xosrov bəyin qardaşı Sultan bəy Sultanovun rəhbərlik etdiyini yazırdı. Zaqafqaziyada Britaniya qüvvələri komandanı general-mayor Korrinin Ermənistan hökumətinin başçısının həmin hadisələrlə bağlı şikayət və tədbirlər görmək tələbi ilə yazdığı məktuba verdiyi cavabda “təəssüf doğuran” toqquşmalar zamanı dağlardan enərək qonşu kəndlərə hücum etmiş kürd dəstələri haqda söz açılır, eyni zamanda birmənalı şəkildə bildirilirdi ki, Ermənistan dövlətinin Qarabağda baş verən hadisələrə qarışmağa heç bir haqqı yoxdur, sərhədlər artıq müəyyən edilib və Qarabağ diyarında yalnız Azərbaycan hökumətinin səlahiyyətləri tanınır.
Parlamentin Qarabağa göndərilmiş nümayəndələri arasında güclü fikir ayrılığı doğuran daha bir məsələ müsəlmanların Şuşanın erməni əhalisini ərzaqla boykot etməsi və general-qubernatorun bu işdə tutduğu mövqe idi. Hələ Xosrov bəy Şuşaya gəlməzdən əvvəl Qarabağın müsəlman əhalisi Erməni Milli Şurasının hakimiyyəti ələ almaq, müsəlman əhalisini hər mənada sıxışdırmaq, yolları bağlamaq və həyatlarına təcavüz etmək əməlləri qarşısında ermənilərə ərzaq satmaq istəmirlər. Ermənilər hər qiymətə razı olsalar da, müsəlman tacirlər güzəştə getmirlər. Xosrov bəy qışda Qarabağa gələndə aranla əlaqəsi kəsilmiş “ermənilər çox fəna halda olub, hətta acından ölənləri” varmış və “Qarabağın erməni hissəsi şiddətli aclıq təhlükəsi altında idi” (Şəfi bəyin məruzəsindən). General-qubernator dərhal ermənilərə taxıl verilməsi haqqında tədbirlər görür, o zaman “taxılın pudu Bakıda 200 manatdan yuxarı olduğu halda Qarabağda 30 manata düşür”. Lakin əvvəllər ucuz qiymətə küllü miqdarda taxıl alıb öz quldur dəstələrini təmin edən ermənilərə taxıl az və kiçik miqdarda satılır. Erməni deputatların Xosrov bəyi Qarabağ ermənilərinə qarşı iqtisadi boykotda günahlandırmasına cavab olaraq Şəfi bəy Rüstəmbəyli bu boykotu camaatın özünün etdiyini Şuşanın erməni xadimləri keşiş Vahan, Şahnazarov, Kələntərov və digərlərinin təsdiqlədiyini bildirir.
Qara bəy də öz növbəsində boykot haqda Xosrov bəyin yazılı və şifahi əmrinin olmadığını, əksinə, Qarabağın müsəlman əhalisinin general-qubernatorun simasında hökumətdən “hadisələrə çox loyal baxıb… erməniləri müdafiə etdiyinə görə” narazı qaldıqlarını vurğulayır.
Erməni deputat Çubaryan bu sübutlar qarşısında boykotu hökumətin etdiyini qəti surətdə müəyyənləşmədiyini etiraf etməyə məcbur olsa da, “Fəqət hökumət bu boykota mane olmayıb” deyə öz mövqeyində qalır.
(Ardı var)