Dünyanın bir sıra alimləri qucaqlaşmanın insan orqanizminə təsirini araşdırıblar. Novator.az-ın məlumatına görə, bununla bağlı Almaniyanın “Die Welt” qəzetində məqalə dərc olunub.
Məqalədə deyilir ki, pandemiya dövründə insanların yaxın təmasına qoyulan məhdudiyyətlər, sosial məsafə saxlamaq məcburiyyəti adamlarda fiziki cəhətdən bir-birinə yaxınlaşmaq, qucaqlaşmaq həvəsini daha da artırıb.
Məqalədə elmi tədqiqatlara əsasən bildirilir ki, insanlar bir-birilərinə sarılanda özlərinə inamları artır, rəğbət, təhlükəsizlik və sakitlik kimi müsbət hisslər baş qaldırır: “Bu, həm psixoloji, həm də fiziki cəhətdən çox xeyirlidir. Biz bir-birimizi qucaqlayanda orqanizmdə “xoşbəxtlik hormonu” adlanan hormon – oksitosin yaranır. Oksitosin sakitləşdirici təsir bağışlayır, stresdən xilas olmağa yardım edir və insanlar arasında münasibətləri möhkəmləndirir”.
Məqalədə vurğulanır ki, ABŞ-ın Psixosomatika Cəmiyyətinin apardığı tədqiqat 20 saniyəlik qucaqlaşmanın insanda oksitosin hormonunun səviyyəsini artırdığını sübuta yetirib.
Amma əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün hökmən insanla qucaqlamaq şərt deyil. İsveçin Şevde Universitetinin mütəxəssisləri insanın itə sarılmasının da müsbət təsirini üzə çıxarıblar. İsveçli alimlər asta-asta yeyilən ləzzətli bir yeməyin də oksitosinin səviyyəsini yüksəltdiyini aşkarlayıblar.
Almaniyanın Bremen şəhərindən olan nevroloq Sebastyan fon Berq hətta ağacı qucaqlamağı məsləhət görür: “Adama gülməli gəlir, amma bunu bir dəfə sınaqdan keçirsəniz necə xoş və güclü təsir bağışladığını görəcəksiniz”.
Məqalədə deyilir ki, ideal qucaqlaşma modeli mövcud deyil. Ancaq alimlər ideal qucaqlaşmaya yaxın bəzi amillərin olduğunu da inkar etmirlər. Yaponiyanın Toxo Universitetinin tədqiqatçıları yeni doğulan körpələrin ürək döyüntülərini müşahidə etməklə belə nəticəyə gəliblər ki, uşağı ən çox sakitləşdirən valideynin qucağıdır. Onlar bunun təkcə uşağa deyil, ata-anaya da müsbət təsir etdiyini vurğulayırlar. Ancaq yapon alimlər uşağı 20 saniyədən artıq qucaqlamağı məsləhət görmürlər. Onlar hesab edirlər ki, bu, uşqaları narahat edə bilər.
“Die Welt” alman biopsixoloq Sebastyan Oklenburqun həmkarları ilə birlikdə apardığı araşdırmadan da bəhs edib.
Sebastyan Oklenburq və həmkarları hava limanındakı uçuş zonalarında yüzlərlə vida-görüş mənzərələrini müşahidə edərək belə bir qənaətə gəliblər ki, sarıldığı insana hissi olan şəxs adətən onu sol qolu ilə qucaqlayır.
Mənbə: Die Welt