Qarabağ məsələsi cümhuriyyət parlamentində (5)
Solmaz Rüstəmova-Tohidi
Tarix elmləri doktoru
III hissə
Parlamentin 7 iyul 1919-cu il iclasının ikinci yarısında məclisə sədrlik edən Həsən bəy Ağayev gündəlikdəki məsələnin müzakirəsini saxlayaraq hökumət başçısı Nəsib bəy Yusifbəylinin iclasa gəldiyini və söz istədiyini bildirir.
Nəsib bəy son ayda Qarabağda baş vermiş və yalnız Azərbaycanda və Ermənistanda deyil, xaricdə geniş əks-səda doğurmaqla beynəlxalq fikrin Azərbaycana qarşı yönəlməsinə hesablanmış hadisələri xatırladır, hökumətin bir müddət qabaq bu məsələləri araşdırmaq üçün Qarabağa göndərdiyi parlament heyətinin məruzələrini, daha sonra hökumətin bu məsələyə dair münasibətini dinləməyi xahiş edir.
Əslində parlamentdə bu məruzələrin müzakirəsi hələ iki həftə əvvəl, nümayəndə heyəti Qarabağdan qayıdandan dərhal sonra gözlənirdi. Lakin Qara bəy Qarabəyovun sədrliyi ilə Şəfi bəy Rüstəmbəyli və erməni deputatlar Poqos Çubaryan və İsaq Xocayevdən ibarət heyətin Qarabağa 10 günlük səfərinin yekunları haqda fikirləri üst-üstə düşmədiyindən vahid məruzə hazırlamaq mümkün olmamış, parlamentə iki müxtəlif yazılı məruzə təqdim edilmişdi. İndi də heyətin üzvləri – azərbaycanlılar və ermənilər ayrı-ayrı məruzələrlə çıxış edəcəklər. Söz Qara bəy Qarabəyova verilir.
Bu müzakirələrin çox gərgin keçəcəyi elə ilk dəqiqələrdən bəlli olur. Qarabəyov qarşı tərəfin də anlaması üçün rus dilində yazılmış məruzəsini həmin dildə oxumağı təklif edərkən Şəfi bəy Rüstəmbəyli etiraz edir, parlament dilinin türkcə olduğuna istinadən “öz qaydalarımıza əməl olunmasını” istəyir. Qara bəy öz təklifinin “hökumətimiz və əhalimiz əleyhinə olduğunu” etiraf etsə də, məruzənin rusca oxunmasına dair arqumentini əsaslandırır, Həsən bəy Ağayev onun təklifini səsə qoyur və lehinə – 34, əleyhinə – 11, səs verməyən – 1 nisbəti ilə məruzənin rusca oxunmasına icazə verilir.
Nümayəndə heyətinin rəhbəri Xosrov bəy Sultanovun başçılığı ilə yaradılmış general-qubernatorluğun bütün səylərinə baxmayaraq Qarabağda vəziyyətin ağır olduğu, ermənilərin Azərbaycan hakimiyyətini tanımaq istəmədiyi və reallıqda “iki hökumətin” fəaliyyət göstərdiyi haqda ümumi məlumat verir.
Qarabağda son dərəcə gərgin, Azərbaycan dövləti üçün tam dözülməz sayılacaq bir reallıq hökm sürürdü. Hələ 1917-ci ilin sonlarından başlayaraq ölkədə və bölgədə gedən hadisələrin gedişində Qarabağın erməni əhalisini öz ətrafında toplamış Erməni Milli Şurası 1918-ci ilin iyulunda “I kəndli qurultayı” keçirərək əvvəlcə ümumerməni siyasi-hərbi qüvvələri, daha sonra Ermənistan hökuməti ilə birbaşa əlaqədə olmaqla özünün müstəqil inzibati-hərbi idarəçilik hakimiyyətini yaratmışdı. Bölgə keçmiş erməni məliklikləri (Xaçın, Dizaq, Vərəndə, Crabert, Gülüstan) və Şuşa nümunəsində hər birinin öz hərbi qüvvələri olmaqla inzibati rayonlara bölünmüşdü. Andranikin Zəngəzurda və Qarabağda yerli azərbaycanlı əhaliyə qarşı apardığı, soyğunçuluq, talan, qətllərlə müşayiət olunan əməliyyatları Erməni Milli Şurasının hakim mövqeyini xeyli qüvvətləndirmişdi. Sonralar hər dəfə vəziyyət dəyişdikcə, məsələn, Azərbaycan hökumətinin Qarabağa və Zəngəzura göndərdiyi türk-Azərbaycan hərbi qüvvələri qarşısında müxtəlif manevrlərlə güzəştli addımlar atsa da, Erməni Milli Şurasının bu dövrlərdə keçirdiyi qurultaylarında qəbul etdiyi əsas qərar – Azərbaycanın hakimiyyətini tanımamaq qərarı dəyişməz qalmışdı.
Türk qoşunları getdikdən sonra artıq məqsədlərinə çatmış olduqlarını düşünən Erməni Milli Şurası və Ermənistan hökuməti Azərbaycan hökumətinin Qarabağ general-qubernatorluğu yaratması və bu işin bölgədə hakim qüvvə sayılan ingilis komandanlığında birmənalı dəstəklənməsindən hədsiz narazı qalmış, bununla bağlı saysız ünvanlara etiraz məktubları, ultimatumlar, diplomatik notalar göndərmiş, bir neçə dəfə ingilis komandanlığının nümayəndələri ilə görüşərək qəti müqavimət göstərəcəklərini bildirmiş, ancaq ingilislərdən Paris sülh konfransının bu məsələdə son qərarına qədər Azərbaycan hökumətinə tabe olmaq əmrini eşitmişdilər. Bu əmr qarşısında belə Erməni Milli Şurası 4 tələbdən birinin qəbulunda israr edirdi: Erməni Qarabağının (Dağlıq Qarabağın) dərhal, yaxud sülh konfransının qərarınadək müvəqqəti Ermənistana birləşdirilməsi; Qarabağda türk ordusu gələnə qədərki vəziyyətin, yəni Qarabağın erməni idarəçiliyinin bərpa olunması; yerli idarəçilik saxlanmaqla Qarabağın erməni hissəsinə ingilis general-qubernatorunun təyin edilməsi (müsəlmanlara hüquqi təminat verilməklə); yaxud da bütün Qarabağa ingilis general-qubernatoru təyin etməklə özünüidarə forması yaradılması.
İngilis komandanlığının da inad göstərdiyi, bütün bu tələblər qarşısında birmənalı şəkildə Azərbaycan general-qubernatorunun şəxsində hökuməti tanımaq şərtindən geri çəkilmədiyi, hətta bu əmrə göstəriləcək düşmənçilik münasibətinin ingilis hökumətinə qarşı düşmənçilik kimi qiymətləndiriləcəyi sayaq cavabları xüsusi qeyd etmək lazımdır.
Bununla belə, fevralın əvvəllərində Şuşaya gələn Xosrov bəy Sultanov ondan əvvəl Qarabağa yollanmış ingilis hərbi nümayəndələrinin vəziyyəti nəzarətə götürməsinə baxmayaraq Erməni Milli Şurası və erməni əhalinin tam itaətsizliyi ilə qarşılaşır. Erməni təmsilçilərinin heç biri onun dəvətini qəbul edib görüşünə gəlmir. Şuşanın orta təbəqə erməni məmurları və hətta müəllimlərini tanış olmaq, maaşlarını vermək və vəziyyəti öyrənmək məqsədilə ilə dəvət etdikdə belə Erməni Milli Şurası onlara qubernatorla görüşməyi yasaqlayaraq maaşları bundan sonra özlərinin verəcəklərini elan edir.
Bu addım qarşısında Xosrov bəy şəhərin erməni hissəsində olan xəzinəni və poçt-teleqraf idarəsini müsəlman hissəsinə köçürür, Azərbaycan hərbi qüvvələrini erməni hissəsindəki kazarmalarda yerləşdirir və digər əməli tədbirlər görür. Bütün bunları təşvişlə izləyən ermənilərin ingilis zabitlərinə şikayətləri nəticəsiz qalır.
Xosrov bəy başqa bir hərəkəti ilə də qətiyyət nümayiş etdirir. Şuşanın müsəlman hissəsində bir erməninin tapançasını almış Azərbaycan milisinə “cavab” olaraq erməni hissəsində 2 Azərbaycan əsgərini tərk-silah edib birinin atını, tüfəngini və tapançasını, o birinin tüfəng və xəncərini alırlar. Əsgərlərdən biri qaçaraq əhvalatı qubernatora çatdırır, 3-4 saatdan sonra ingilislərin vasitəsilə o biri əsgər də azad edilir, lakin onların silahları tam qaytarılmadığı üçün ultimatum verilir. Erməni Milli Şurası qaçırılan atın əvəzində başqa bir at və silahlar təqdim etməli olur. Ermənilərin hətta üzr istəmələrinə baxmayaraq bu hadisə həqarət kimi qarşılanır və şəhərdə gərginlik yaşanır.
Qara bəy öz məruzəsində bu fakta və Xosrov bəyin vəziyyəti dərhal tənzimləməsinə xüsusi önəm verir, Bakıda 1918-ci ilin mart hadisələrinin də belə bir bəhanə – azərbaycanlıların “Dikaya diviziyasının” tərksilah edilməsi ilə başladığına diqqət çəkir.
General-qubernatorun addımları ən müxtəlif əks-addımlar və müqavimətlə rastlaşsa da, Xosrov bəyin yaranmış vəziyyətdən çox tez baş açdığını və müvafiq hərəkət planı cızdığını Erməni Milli Şurası da təsdiqləyir. Bu planın tərkib hissələrinin – Erməni Milli Şurasını və yerli hərbi dəstələri təlimatlar, pul və silahla təmin edən Ermənistan hökumətinin göndərdiyi emissarların yolunu bağlamaq, Milli Şura üzvlərinin və komandirlərin Dağlıq Qarabağdan çıxarılmasına nail olmaq, orta və yoxsul təbəqə ermənilərlə münasibət qurmaq və onların rəğbətini qazanmaq niyyətlərinin çətinliklə də olsa ingilis qüvvələrinin böyük dəstəyi sayəsində həyata keçirilməsinə başlanır.
Parlamentə məruzə edən Qara bəy bütün bu vəziyyəti təfərrüatları ilə açıqlamasa da, Xosrov bəy Şuşaya gəldikdən keçən 4 ay ərzində ayrı-ayrı kiçik münaqişələrə baxmayaraq Şuşada və qəzalarda sülh və əmin-amanlığın hökm sürdüyünü təsdiq edir.
1919-cu il mayın sonuna qədər Qarabağda vəziyyətin bu və ya digər şəkildə sabit olduğunu parlament nümayəndə heyətinin digər üzvləri – Şəfi bəy Rüstəmbəyli və erməni deputatlar da təsdiq edəcəklər.
Lakin mayın sonlarında vəziyyət kəskin surətdə dəyişir. Qarabağda ənənəvi olaraq müsəlman əhalinin dağlardakı yaylaqlara köçü başlayır. Bu dövr general-qubernatorun hələ də tam həll edə bilmədiyi əsas məsələ – yolların əmin-amanlığı bütün kəskinliyi ilə üzə çıxır. Şuşa-Yevlax yolu nəzarətdə ikən Şuşa-Gorus və Şuşa-Qaryagin yolları ermənilərin əlində olduğundan müsəlmanlar bu yollardan demək olar ki, rahat keçib gedə bilmirlər. Erməni hərbi dəstələri hətta Şuşa-Yevlax yolunu da öz nəzarətlərinə keçirməyə can atır, pusqular qurur, müsəlman faytonlarını gülləyə tutur, insanları öldürür və qarət edirdilər. Qarabəyov bu yolda Azərbaycan ordusunun rəhbəri general Səlimovun da atəşə tutulduğunu qeyd edir. Bununla belə, Xosrov bəyin müsəlmanlara yollarda ermənilərə silahlı cavab verməmək əmri olduğu və bununla onları özündən narazı saldığı vurğulanır.
Lakin Qarabağın üç qəzasından müsəlman əhalinin yaylaqlara köçü başlayanda general-qubernator əməli təhlükəsizlik tədbirləri görür. Üçmıxda və Şuşa-Gorus yolunun “Yarma” adlanan hissəsində hərbi mühafizə dəstələri qoyaraq şəhərə silahlı adamların gəlməsini yasaq edir. Şuşadakı “əsgər əhvalatından” sonra isə Üçmıxdakı post 18 piyada, 1 pulemyot və 9 pulemyotçu ilə qüvvətləndirilir.
Üçmıx postu ilə yolun nəzarətə alınmasından narahat olan bir dəstə silahlı erməni zabit Arzumanovun başçılığı ilə həmin postun 50 addımlığında öz postlarını quraraq azərbaycanlı hərbçilərdən səngəri boşaltmağı tələb edir. Dəfələrlə edilən tələblərə hər dəfə rədd cavabı alındıqda səngərlərlə atışma başlayır, 4 azərbaycanlı və erməni zabit Arzumanov öldürülür. Kimin əvvəl güllə atdığı müəyyən edilməsə də, az sonra atışma Şuşanı bürüyür. Hələ 1905-ci ildən Şuşada erməni-müsəlman qarşıdurması zamanı şəhərin müvafiq “sərhəd” hissələrində qazılmış və hər dəfə münaqişə düşən kimi gərək olan səngərlər dolur.
Atışma iyunun 4-də bütün günü davam edir. Yepiskop Vahanı vasitəçi salan Erməni Milli Şurası ingilis zabitlərini də cəlb etməklə general-qubernatoru atışmanı yatırtmağa çağırır. Xosrov bəy Azərbaycan əsgərinə edilən təcavüz və hökumətə tabe olmamaqda təqsirləndirdiyi Erməni Milli Şurasından şəhərdən çıxmağı tələb edir. Bunun müqabilində Xosrov bəy erməni hissəsindəki kazarmada olan əsgərlərə bu atışmada iştirak etməyə icazə vermir və öz tələbinin yerinə yetirilməsini gözləyir. İyunun 5-də səhər vəziyyətin ağırlaşdığını görən ermənilər Milli Şuranın üzvlərinin qaçdığını bildirərək Şuşadakı qalan 3 nəfəri ingilislərə təslim edir və onlar da şəhərdən çıxarılır. Şəhərdə atışma dayandırılır.
Həmin günlər Şuşaya gələn yolların mühafizəsini gücləndirən qubernator hərbçilərə ermənilərə güllə atmamağı tapşırır, bu zaman yolda olan köç geri qayıdıb öz əsgərlərinin mühafizəsinə sığınsa da, 5 ailə bütün əmlakı ilə ermənilərin əlinə düşür, iki qadın yerindəcə öldürülür, qalanları yoxa çıxır.
İyunun 5-i şəhərdə artıq sakitlik yaradıldığı halda Şuşanın yaxınlığında yerləşən Qaybalı kəndində ermənilərə hücum edilir. Hücumu əvvəllər Qaybalıda ermənilərin dağıtdığı 15 müsəlman evinin sakinləri ilə birgə Xəlfəli camaatının etdiyi aydınlaşır. Kənd bütünlüklə yandırılır, evlər talan və qarət edilir, ələ keçən erməni əhali öldürülür. Bu hadisədən xəbər tutan kimi Xosrov bəy özünün Şuşadakı mühafizə dəstələrini Qaybalıya köməyə göndərmək istəsə də, erməni səngərlərindən atəşə tutulduğu üçün bu qüvvələr dolama yollarla getməli olur, qırğının qarşısını ala bilmir.
Qaybalıdan sonra müsəlmanlar Kərkicahan və Bəhlul kəndlərinə də hücum edirlər. Bu kəndlərin əhalisi əvvəldən qaçdığı üçün insan tələfatı olmasa da, kəndlər dağıdılır və yandırılır. General-qubernatorun əmri ilə Xankəndidən Qaybalı kəndinə gələn azsaylı əsgər hissələri yalnız gizlənməyə və qaçmağa müvəffəq olmuş 57 nəfər ermənini yığaraq Xankəndiyə, oradan da qubernatorun yanına gətirirlər. Həmin əhali 2 gün yedirilib sakit edildikdən sonra erməni hissəsinə yola salınır.
İyunun 6-da Şuşadan 30-35 kilometr (verst) uzaqda yerləşən kəndlərdən 3 minə yaxın kürd hadisələrdən xəbər tutub köməyə gələndə Xosrov bəyin əmri ilə şəhərə buraxılmırlar və geri qaytarılırlar.
(Ardı var)