Qarabağ məsələsi cümhuriyyət parlamentində (4)
Solmaz Rüstəmova-Tohidi
Tarix elmləri doktoru
4-cü hökumətin təşkili Müsavat Partiyasının rəhbərlərindən, əvvəlki hökumətlərdə maarif naziri olmuş Nəsib bəy Yusifbəyliyə tapşırılır. Aprelin 14-də, parlamentin 29-cu iclasında yeni hökumət başçısının mə’buslar qarşısında bəyanat xarakterli elə ilk çıxışı zamanı Qarabağ məsələsi gündəmə gətirilir. Nəsib bəy hökumətin hələ “yabançılar” əlində olan Lənkəran qəzası, eləcə də Tiflis və İrəvan vilayətlərinin Azərbaycana aid hissələrinə dair görüləcək işlərdən danışarkən yerdən “Qarabağ! Qarabağ!” sədaları səslənsə də, o, sözünə davam edir.
Yeni hökumət başçısı parlament qarşısındakı proqram məruzəsini sanki öncədən hiss etdiyi bir xəbərdarlıqla bitirir: “Əfəndilər! Təşkil etdiyim hökumət aramızda bulunan bütün firqələri ehtiva etmir. Onun üçün, təbii, müxalifətdə qalanlar dəxi sizin aranızda olacaq. Mən ancaq bir şeyə əminəm, o da istiqlaliyyət məsələsində olan birliyinizdir. Və bunun üçün də var qüvvəmlə, böyük inamımla çalışacağımı vəd edirəm”.
Zaldan qopan “ümumi və sürəkli alqışlar” içində bir daha “Qarabağ! Qarabağ məsələsi?” səsləri gəlir. Lakin Nəsib bəy bu sədalara da münasibət bildirməyərək kürsüdən enir, tənəffüs elan edilir.
İclas yenidən işinə başlayanda Rəsulzadə yeni kabinənin “demokratik ünsürlərdən ibarət heyətinin gənc olmasına” baxmayaraq elan etdiyi bəyannaməsini yerinə yetirəcəyinə böyük ümidlər verdiyini vurğulayaraq, eləcə də hökumət böhranını daha uzatmamaq məqsədilə parlament üzvlərini hökumətə etimad göstərməyə çağırır.
İttihad fraksiyası özünün hökumət tərkibində iştirak etmədiyi, siyasi partiyaların bu hökumətə münasibət bildirmədiyi və s. kimi səbəblər gətirərək “məsuliyyəti öz üzərinə almır” və yeni heyətə etimad göstərmir.
Bu zaman maraqlı bir hadisə baş verir. Müsavat və bitərəflər fraksiyası artıq yeni hökumətə etimad haqda müştərək təklif verdikləri halda bitərəflərdən Cəlil bəy Sultanov hökumət başçısının bəyannaməsində “Qarabağ məsələsi üstüörtülü keçdiyindən” fraksiyasının səs verməkdən imtina etdiyini bildirir.
Həsən bəyin bitərəflərin artıq müştərək təklif etdiyi qeydinə İttihad lideri Qarabəyov “Bu başqa motivdir” deyə Sultanovu dəstəkləyir.
İclas sədri bitərəfləri öz aralarında razılığa gəlməyə çağırarkən bu dəfə Qarabağdan nümayəndə Behbud xan Cavanşir söz alaraq kürsüyə qalxır. Yeni hökumət başçısının öz nitqində müxtəlif yerlərin adını çəksə də “ən mühüm Qarabağın” adını çəkmədiyini və onda olan məlumata əsaslanıb bu məsələnin bəyannamədə olduğunu, lakin sonra çıxarıldığını bildirir. Cavanşir Qarabağ əhlinin indiyədək çox əzablara düçar olduğunu, qarabağlıların “arxasında duran” 3-cü hökumətin ora general-qubernator göndərdiyini və “Qarabağ müsəlmanlarını düşməndən xilas etmək üçün ona böyük ixtiyarlar verdiyini” vurğulayır: “Bu gün isə hökumət rəisi bu barədə bir söz danışmadı. Elə nəzərə gəlir ki, guya Qarabağ məsələsi qurtarıb…”
Bu sonuncu cümlə yerlərdən: “Qurtarıb. Əlbəttə, qurtarıb” sədaları ilə kəsilir.
Cavanşir dərhal cavab verir: “Sizdən ötəri ola bilər ki, qurtarıb, amma bizdən ötəri qurtarmayıb”.
Sosialistlər fraksiyasından Səmədağa Ağamalı oğlunun yerindən “Mübahisəsizdir. Qurtarıb” replikasına əhəmiyyət verməyən Cavanşir sözünə davam edir. “Qarabağ əhlindən bir nəfər Şuşadan o yana adlaya bilmir… Qarabağ dağlarını keçmək mümkün deyil” deyə hökumətin bu haqda nə tədbirlər görəcəyini eşitmədiyi, eləcə də Qarabağ məsələsinə özlərinin fərqli münasibəti olduğu üçün bitərəflərin İttihad fraksiyasının “ümumi formulasını” qəbul etdiklərini və hökumətə etimadın da onun gələcək fəaliyyətindən asılı olacağını bildirir.
Vəziyyətin belə şəkil aldığını görən Nəsib bəy Yusifbəyli yenidən kürsüyə qalxır və çox qısa şəkildə öz bəyannaməsində yalnız mübahisəli yerlər – Lənkəran, İrəvan, Tiflis – xüsusunda danışdığını, Qarabağ məsələsində mübahisə olmadığı üçün bu haqda söz söyləməyi artıq bildiyini qeyd edir.
Nəsib bəyin bu açıqlamasını kafi saymadığındanmı, yaxud Cavanşirin hökumətə etimadla bağlı təklifinin doğurduğu narahatlıqdanmı Rəsulzadə yenidən söz alır. Eşidilən məruzədə Qarabağ məsələsinin nə üçün olmadığını bir daha əsaslandıran Müsavat fraksiyasının lideri qarşıda hökumətin hələ də nəzarət etmədiyi Lənkəran məsələsinin, soydaşlarının problemlərini həll etməyə gücü çatmadığı Borçalı və İrəvan məsələlərinin durduğunu, bu torpaqlar başqa əllərdə olduğu halda Qarabağ məsələsinin bunlarla müqayisəyə gəlmədiyini vurğulayır. Qarabağa general-qubernator təyin olunduğu və bu əraziyə ixtiyaratın müəyyən mənada hətta beynəlmiləl dəstək aldığı faktı qarşısında “İrəvan quberniyasının davasını edən hökumətdən qalxıb da Qarabağ məsələsini sormaq yersizdir” qənaətini bildirən Rəsulzadə çıxışının sonunda yalnız hökumət üçün deyil, parlament üçün də “Qarabağ məsələsi yoxdur. Nəcə ki, Bakı məsələsi yoxdur” deyir.
Bu dəfə artıq erməni deputat, Daşnaksütun fraksiyasından Arşak Malxazyan ayağa qalxır, əvvəlcə qaydaların pozulmasına, çıxışlar bitdikdən sonra yenidən müzakirələr açılmasına etiraz edir. Daha sonra Qarabağ məsələsində yeganə rəhbər prinsipə – bütün mübahisələrin sülh yolu ilə həlli prinsipinə üstünlük verilməsini vacib sayır və bunun Cənubi Qafqaz xalqlarının ümumi maraqlarına uyğun olduğunu qeyd edir.
İclasın sədri Həsən bəy Malxazyanın etirazını qəbul etməyərək sonuncu natiqlərə məruzə ətrafında deyil, səsvermə təklifi ilə bağlı söz verildiyini nəzərə çatdırır, sonra bütün çıxışları bitirərək hökumətə etimad məsələsini səsə qoyur.
Beləliklə, Nəsib bəy Yusifbəylinin başçılıq edəcəyi yeni, 4-cü hökumət kabinəsi parlamentdə lehinə – 43, əleyhinə – yox, səs verməyən – 21 nəticələri ilə işə başlayır.
Nəsib bəyin hökumət başçısı təsdiq edildiyi bu parlament iclasında Qarabağdan söz açmaması yalnız göstərilən səbəblərlə izah edilmirdi. Behbud xan Cavanşirin dediyi kimi, Qarabağ məsələsinin əvvəldən hökumətin məruzəsinə salınıb sonradan çıxarılması da həmin məsələnin heç də gündəmdən getmədiyini və heç də “qurtarmadığını” göstərirdi.
Əlbəttə ki, Fətəli xan Xoyskinin hər üç hökumətində nazir olmuş Nəsib bəy Yusifbəyli də, parlamentdə müzakirə edilən bütün məsələlərin “nəbzini öz əlində tutan” Məhəmməd Əmin Rəsulzadə də Qarabağda cəmi 3 ay əvvəl fəaliyyətə başlamış general-qubernator Xosrov bəy Sultanovun hansı fövqəladə vəziyyətdə çalışdığından, bölgənin erməni əhalisi və Ermənistan hökumətinin bu qurum yaranan vaxtdan açdığı görünməmiş təxribatçı hərbi-diplomatik müharibə və müqavimətlə necə çarpışdığından yaxşı xəbərdar idilər, general-qubernatorluqdan şikayətlərin artıq Paris sülh konfransına gedib çatdığını da Əlimərdan bəy Topçubaşovun həyəcan dolu məktublarından bilirdilər. Amma yeni baş nazir də, parlamentin aparıcı fraksiyasının lideri də əvvəlki hökumətin bu sahədə başladığı və davam edən əməli tədbirlərin müzakirəsini parlamentin gündəminə çıxarmağı bir sıra digər səbəblərdən də lazım bilməmişdilər. Azərbaycan parlamenti Nəsib bəy Yusifbəyli hökumətinin Qarabağ məsələsinə dair hesabatlarını hələ müzakirə edəcəkdi…
(Ardı var)