Rəssam Fuad Tahir: “İncəsənətin bütün sahələri Bakı ilə vidalaşıb”
- 08 Fevral 2021
- comments
- Novator.az
- Posted in AktualManşetTribuna
Rəssam Fuad Tahir Novator.az saytının suallarını cavablandırıb.
– Fuad bəy, rəssamlıq da peşədir?
– Rəssamlıq heç vaxt peşə olmayıb. Bu, şüuraltının fərdi qaydada əks etdirilməsi üsuludur. Fikir vermisinizsə, hər kəs uşaq vaxtı nəsə cızır, öz duyğularını nəyəsə bənzətməyə çalışır. Bu, getdikcə kimlərdəsə təkmilləşir, kimlərdəsə sadəcə cızma-qara kimi qalır. Peşə kimi rəssamlıq formal xarakter daşıyır.
– Sizə görə həmişəyaşar, əbədi rəng hansıdır?
– Bu sualı mənə çox veriblər. Bəlkə də nə vaxtsa konkret rəng adı çəkərdim. Amma indi tam əksinə. Təsəvvür edin, insan öz əzalarının və orqanlarının qədrini onlardan hansınınsa funksiyasını itirəndən sonra bilir. Rənglər də belədir. Hər rəngin əsərdə mütləq diktəsi var. Bir əsərin ərsəyə gəlməsində bir rəngin hakimiyyəti hər zaman hiss olunur.
– Sizi klassik rəngkarlıq məktəbinin nümayəndəsi hesab etmək olarmı?
– Mən bunu tamaşaçıların ixtiyarına buraxıram. Ən doğru qərarı tamaşaçı verir. Klassik məktəbə Qərb rəngkarlığı da daxildir. Amma bizim Azərbaycan məktəbinin öz dəst-xətti var, öz rəng çalarları var. Qərbdə bunu görməzsiz. Onlar artıq öz pessimist rəng çalarlarından beziblər. Şərq hər zaman Qərb üçün maraqlı olub. Özləri də bunu etiraf edirlər artıq.
– Rəsm çəkmək qədər zövq aldığınız başqa bir məşğuliyyətiniz də varmı?
– Bu yaxınlarda torpağa bağlı olduğumu hiss etdim. Deyəsən, yaşa doluram, ondandır. Bağçılıqla məşğul olmaq xüsusi zövq verir. Məşğuliyyətin insanın ruhunu oxşaması onun həyat tərzindən irəli gəlir. Deyim ki, hamı kimi idmanla məşğul oluram, gəzintini xoşlayıram – bu, məşğuliyyət deyil. Bu, enerjinin bərpası və rahatlaşmaqdır. Məşğuliyyətdə gərək gərginlik, həyəcan hiss edəsən.
– Fırçanızdan çıxan əsərləriniz sanki sizi mental düşüncəli “köhnə kişi” obrazında təqdim edir. Özünüzü köhnə adam hesab edirsiniz?
– “Köhnə kişi” deyəndə ki, mən yaşadıqlarımı, gördüklərimi çəkirəm. Əsərlərim on illlər qabaq cərəyan edən mühiti əks etdirir. Yaxşı, bəs mən folklorumuzu çəksəm, onda necə təsəvvür yaradacam?
– Rəsmlərinizə baxıram, 1960-70-ci illərin Bakısı ovcumuzun içindəki kimi görünür…
– Bəli, mən məhz 60-70-ci illərin Bakısını çəkirəm. Maraqlansanız görəcəksiniz ki, o illər tək Bakıda, Azərbaycanda deyil, bütün dünyada çiçəklənmə dövrü idi. Hər sahədə yenilik, ixtiralar olurdu. Bakı isə öz mistik ab-havasını qoruyub saxlaya bilmişdi. Yadınıza salın, nəyə görə kinematoqraflar Bakıya üstünlük verirdi? Memarlıq abidələri? Xeyr. Özünüz bilirsiniz ki, o qədər də çox deyil. Bəs onda nə? Bax, bunun cavabını yalnız o vaxtkı Bakıda tapa bilərdiniz. Yüksək intellekt, mədəniyyət, səmimilik Bakını gözəlləşdirirdi. Hətta günəş də o zaman başqa cür şölələnirdi.
– Mənim yaddaşımdakı Bakı isə ağ-qara rəngdəydi. Sizin təqdimatınızda Bakı rəngarəngdir. İndi dediklərinizdən belə çıxır ki, bu, keçmişin rəngləridir?
– Bakının bir adəti var idi. Hər ilin mart ayında mütləq evlərin divarları ağ və çəhrayı rənglə boyanardı. Qapılar yaşıl və ya mavi, pəncərələrin taxta çərçivəsi ağ, dəmir çərçivəsi isə ya göy, ya da firuzəyi olardı. İl ərzində günəşin istisindən və qışın soyuğundan bu rənglər tam başqa rəng çalarlarına dönürdü. Biz uşaq ikən səbirsizliklə yazı gözləyirdik ki, evləri, divarları rəngləyək. Bir-birimizə rəng çırpmaqdan üst-başımız al-əlvan olurdu. Əksinə, Bakı indi iki rəngə boyanıb: boz və qara. Artıq heç ağdan da istifadə etmitlər.
– Qızılı rəngə çalan Bakı, göyərçinlərin səmanı rənglədiyi Bakı, çəhrayı səhərə göz açan Bakı… Həmin şəhəri tapmaqdan ötrü XXI əsrin Bakısında bir yer qalıbmı? Elə bir yer varmı ora ayaq basanda ötən günlərə qovuşursunuz?
– Elə yerlər lap az qalsa da, müasir tikililərin əhatəsində itib-batır. Bilirsiniz, rəssam üçün işığın düşmə bucağı və onun yaratdığı isti kölgə çox önəmlidir. Çoxmərtəbəli binalar günəşin qarşısını elə tutub ki, heç bir kontrastlı effekt alınmır. Hətta insanlar da cılızlaşıb orda. Onların yaşayışı hündür binalardan ovuc içi kimi görünür, hərəkətləri müşahidə edilir. Bax bu da onları sıxır. Bizim zamanlarda kiminsə həyətinə baxmaq nəinki ayıb, deyərdim əxlaqsızlıq sayıldığından belə tikililər mümkün deyildi. İndi hər şey sadələşib, bəsitləşib.
– Bir az da köhnə məhəllənizdən danışın…
– Məhəlləmizdən bir az danışmaq qeyri-mümkündür. Nə deyə bilərəm… Pis günlərimiz də olub, xoş günlərimiz də, əsas odur Bakının adətləri ilə böyümüşük. Bu isə, kimsə inciməsin, fərqlidir. Bizim məhəllədən çox məşhur adamlar çıxıb. Məsələn, Kərim Kərimov, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə… Rəssamların, artistlərin çoxu bizim məhəllənin yetirməsidir. Bəlkə nə vaxtsa mən də bu siyahıya düşdüm (gülür).
Şərt bizim məhəllə deyil. Ümumilikdə Bakının elə bil mistikası var ki, burada yaratmamaq mümkün deyil. Əlbəttə, bu, indiyə aid deyil. İndiki Bakı sıxılır. Bakı yorulub. Onun bizə verdiyini biz qaytara bilmədik…
– “Oxu tar”, “Karvan” və “İki qoca”… Bu əsərləriniz arasında sanki anlaşılmaz bir əlaqə mövcuddur, bütün çəkdikləriniz bir hekayətin davamıdır elə bil.
– Əsərlər boşu-boşuna yaranmır təbii ki. Məsələn, “Oxu tar” kompozisiyası. Məhəlləmizdə tar müəllimi var idi. Hər dəfə tarı dilləndirəndə dama çıxıb sakitcə ona qulaq asardım. Uşaq idim, yaşıdlarım mənə gülsələr də, tarın səsi məni özünə çəkirdi. Və yaxud “İki qoca”. Qonşumuz həmişə nədənsə tək oturardı o ağacın yanında, kimsə ilə ünsiyyət qurmazdı, öz-özünə nəsə danışardı. O, vəfat edəndən sonra ağac qurudu. Buna bənzər əsərlər çoxdur.
– Sizin təsvir etdiyiniz bir qoca obrazı da var, mən “Hesab vaxtı” rəsmində təsvir etdiyiniz ağsaqqal kişini nəzərdə tuturam. Düşünürəm ki, bu rəsm sizin ən gözəl əsərinizdən biridir. Bu ixtiyarın simasında klassik Azərbaycan adamının cizgiləri var, bir az da sanki Füzuli babadan nişanələr var…
– Hə, çoxları bəyənib bu əsəri. Hətta dəfələrlə yenidən sifariş vermək istəyiblər, razılaşmamışam. Bu əsərə bütün enerjimi vermişdim. Çox yormuşdu məni. Sanki qocaltmışdı məni. Bilirsiz niyə? Çünki “Hesab vaxtı” əsərindəki qoca mən özüməm. Yəni özümü təsəvvür edib çəkmişəm. O üzdən bir daha o əsərə qayıtmaq məntiqsiz olardı. O əsər hazırda Amerikadadır.
– “Gözlənilməz qayıdış”, “Sonuncu pillə”, “Bakı göyərçinləri”… Demək olar, əsərlərinizin əksəri belə nostalji ovqatla yaradılıb. Ümumiyyətlə tənhalığa meylli, darıxan adamsınız?
– Tənhalıq, darıxmaq – bu hissləri özümdə hiss etmirəm. Əksinə, əsərlərimdə hər zaman şux əhval-ruhiyyə həmən hiss olunur. Məgər bu pisdir? Baxın nələr baş verir, insanların düşüncələri necə qarışıqdır, məişət problemləri hər sahədə özünü büruzə verir. Bəli, mənə tənhalıq lazımdır ki, bu əsərləri yarada bilim. Amma darıxmağa heç macalım da çatmır.
– Rəsmləriniz həm də sizin tanıdığınız Bakı ilə vida tarixini yaradır?
– Düz müşahidə etmisiniz. Tək mən yox, incəsənətin bütün sahələri Bakı ilə vidalaşıb. Fikir verin, son vaxtlar yaradılmış hansı musiqi o notlar üzərində bəstələnib? Hansı film ərsəyə gəlib? Ümumiyyətlə kino sənəti və aktyorluq bərbad haldadır. Siz bu son 15-20 ildə nə vaxt görmüsünüz ki, rəssam Bakının küçələrində nəsə etüd edir? Görməyəcəksiniz də. Çünki müasir Bakı sənət baxımından cəlbedici deyil.
– Dünya dəyişdiyi kimi bizim Bakı şəhəri də çox dəyişib. Göydələnləri, yeni parkları, Avropa dizaynı, müasir memarlıq üslubu ilə insanları özünə sevdirməyə çalışan, eyni zamanda dənizi, sahili hasarlanmış möhtəşəm villaların əsarətində inildəyən bu müasir şəhərin faciəsini, eləcə də boy verən gözəlliyini çəkmək istəmirsiniz?
– Dediyim kimi müasir Bakı sənət baxımından maraqsız şəhərə çevrilib. Daxildən o istək yoxdur. Yalnız sifariş olanda müasirliyi keçmişlə sintez edirəm. Əvvəllər ruhun qidası üçün məhəlləmizi, ya da İçərişəhəri gəzirdim. İndi belə gəzintiləri öz əsərlərimdə edirəm.
– Fuad bəy, sizə şux rəngli gələcək, xoş xatirələr əhvalında yeni-yeni gözəl əsərlər yaratmağı arzulayıram…
– Təşəkkür edirəm yaradıcılığıma diqqət ayırdığınız üçün. Siz də yaradıcı insansınız. Bizim öz aləmimiz var, həyat tərzimiz oxşardır. Məncə, yaradıcıılq bu amillərdən püxtələşir. Minnətdaram.
Oqtay Qorçu