Qarabağ məsələsi cümhuriyyət parlamentində (3)
Solmaz Rüstəmova-Tohidi
Tarix elmləri doktoru
II hissə
Cümhuriyyət parlamentinin Qarabağda vəziyyətə dair 20 dekabr 1918-ci il iclasında hökumət başçısının hesabat çıxışının heç də birmənalı razılıqla qarşılanmaması Fətəli xan Xoyskinin bəzi məsələlərə dair bir neçə dəfə təkrar etdiyi “deyə bilmirəm”, “deməyi lazım bilmirəm”, “burada demək istəmirəm” kimi ifadələrlə də bağlı idi. Bu ifadələrin arxasında hökumətin müxtəlif səbəblərdən hələ, yaxud ümumiyyətlə açıq səsləndirə bilmədiyi məqamlar dururdu. Əslində parlament üzvlərinin əksəriyyəti bu məqamlardan xəbərsiz deyildi və Fətəli xanın qırıq cümlələrinin ardıcıllığından sözün nədən getdiyini rahat təsəvvür edə bilərdi. Məsələn, Bakı alınandan sonra hökumətin dərhal Qarabağa “əsgəri dəstə” göndərməsi və “Andranik qaçdı” sonluğu ilə bitən əməliyyatdan sonra vurğuladığı “bundan artıq yürüşümüzü davam etdirə bilməzdik”, “bu, oktyabr ayında idi” kimi məlumatlar “demək istənilməyən” səbəblərə özlüyündə aydınlıq gətirirdi.
Qarabağa göndərilən qüvvə Bakını azad etmiş Nuru paşanın türk qoşunları idi, Şuşa, Ağdam və Cəbrayıla təyin edilən komendantlar da türk zabitlər idilər. Azərbaycan hökumətinin Qarabağın erməni əhalisinə qan tökmədən təslim olmaq və Azərbaycan hakimiyyətini tanımaq təklifini də Bakının necə alınmasından yaxşı xəbərdar olan erməni milli komitələri bu səbəbdən qəbul etmişdilər. Amma həmin hakimiyyəti qəzaların başdan-ayağa silahlanmış erməni kəndlərində bir-bir bərqərar etmək lazım gəlirdi. Zəngəzurun “bir çox yerlərini” Andranikin silahlılarından azad edən bu qoşunun öz “yürüşlərini davam etdirə bilməməsi” isə yalnız yerli səbəblər deyil, artıq Osmanlı dövlətinin özündə və beynəlxalq miqyasda gedən mühüm siyasi proseslərlə bağlı idi.
Bütün bu məqamları Fətəli xanın “Sonra vəziyyət dəyişdi…Türk əsgərləri Azərbaycanı tərk etdi…” cümlələri də izah edirdi. Yenidən Qarabağa qayıtmış Andranikin üstünə göndərilən “əsgəri qüvvə” isə türkləri əvəz etmiş ingilislərin Bakıdan çıxardığı Azərbaycan hərbi hissələri idi. Yaranmış şəraitdə Xoyski hökuməti general Tomsonu bu haqda ən azı məlumatlandırmalı idi, nəticədə isə onun simasında özünə yeni müttəfiq əldə etmişdi.
Əslində Fətəli xanın xronologiyanı gözləməklə sadaladığı bu işlər arxasında Azərbaycan hökumətinin hansı mürəkkəb şərtlər daxilində fəaliyyət göstərdiyi açıqlanırdı. Parlament fraksiyalarının “xarici qüvvələrə güvənməmək”, “öz qüvvəmizi yaratmaq” tələblərini də bu şərtlər daxilində yerinə yetirilmək lazım gəlirdi.
Parlament üzvlərinin iddialarına cavab olaraq Tomsonun Andranika qəzetdə yayılmış məzmunda məktub yazmadığı və “buna çox sübutlar olduğu” halda özünün “sizə söyləmək istəmirəm” sözlərinə isə Fətəli xan başqa cür aydınlıq gətirmişdi. Görünür ki, elə həmin gün iclasdan sonra ingilis generalını məsələnin ciddiliyinə inandıraraq bu “sübutlardan” ən başlıcasını – Tomsonun öz dilindən təkzib cavabını yalnız parlamentə deyil, bütün ictimaiyyətə təqdim etmişdi. Dövlətin qeyri-rəsmi sözçüsü olan “Azərbaycan” qəzeti 22 dekabr 1918-ci il sayında belə bir xəbər yerləşdirmişdi: “Qarabağ əhvalı ətrafında. General Tomsondan Azərbaycan Rəisi-Vükəlası Fətəli xan Xoyski həzrətlərinə 20 qanuni-əvvəldə (dekabrda) böylə bir məktub gəlmişdir:
“Rəisi-Vükəla Fətəli xan Xoyskiyə.
Dövlətli əfəndim!
“Znamya truda” qəzetəsinin 17 qanuni-əvvəl nömrəsindəki – general Tomsonun Qarabağın mühafizəsini general Andranikə verdiyi xəbəri həqiqətə müvafiq degil və əsasdan xalidir.
Bakı müttəfiqlər qoşunu komandanı naminə general Tomson”.
Bu məktubun dərci özlüyündə hökumət başçısının parlament fraksiyalarında səslənən tənqidlərə nə qədər məsuliyyətlə yanaşdığını göstərməklə yanaşı Fətəli xan Xoyskinin parlamentlə münasibətlərində daha həssas nöqtələrin olduğundan da xəbər verirdi. Adıçəkilən iclasdan bir həftə əvvəl baş vermiş hadisə bunu bariz əks etdirirdi. Azərbaycan parlamenti açılandan sonra qaydalara uyğun olaraq Fətəli xanın rəhbərlik etdiyi 2-ci hökumət kabinəsi buraxılmalı, 3-cü kabinə formalaşmalı idi. Parlament sədrinin əvəzi Həsən bəy Ağayev baş nazir kimi yeni hökuməti təşkil etmək təklifi ilə dekabrın 13-də Fətəli xana yazdığı məktuba rədd cavabı almışdı. Əslində bu vəzifədən imtina daha əvvəl, parlamentin açılışı ərəfəsində yaranmış fövqəladə vəziyyətlə bağlı Milli Şuranın 3 dekabr iclasında baş vermişdi. Həmin gün Tomsonun qəbuluna çağırılan Fətəli xan Xoyskiyə bildirilmişdi ki, ingilis komandanlığı koalisiyalı hökumət elan edilməyənə qədər Bakıda parlamentin açılmasına icazə verməyəcək. Milli Şuraya bu haqda məruzə edən Fətəli xanın fikrincə, Tomsona yalnız Azərbaycan parlamentinə qərəzkar yanaşan ruslar və ermənilər deyil, bəzi müsəlman şəxslər də güclü təsir göstərir, bütün vasitələrdən və böhtanlardan istifadə edilərək Azərbaycan Milli Şurasını Tomsonun gözündə nüfuzdan salmaq və əhəmiyyətini azaltmaq üçün cəhdlər edilirdi.
İngilis generalla söhbətində Fətəli xan Xoyski ən qəti şəkildə hökumətin təşkilinin yalnız parlament yolu ilə formalaşması prinsipi üzərində israr etməklə yanaşı Tomsonu Milli Şura haqqında deyilən böhtan və iftiraların əsassız olduğuna, Milli Şuranın xalqın böyük əksəriyyətinin etimadını qazandığına, hökumətin ona arxalandığı və onun qarşısında məsuliyyət daşıdığına inandıra bilmişdi. Generalın parlamentdən əvvəl koalisiyalı hökumət yaratmaq təklifini də Fətəli xan inandırıcı məntiqlə təkzib etmiş, Azərbaycan müsəlmanlarının bütün ümidlərinin hazırda parlamentə çevriləcək Milli Şurada ifadə olunduğunu bildirərək Tomsonu bu amillə hesablaşmağa çağırmışdı.
Xoyski eyni zamanda yeni hökumətin Avropa ölkələrinin ənənələri, adi məntiq və məqsədəuyğunluq amilindən çıxış edərək yalnız parlamentdə yaradıla biləcəyini, təyin olunmuş koalisiyalı hökumətin ölkədə qayda və asayiş bərpa edə bilməyəcəyini, xalqın hüquqlarını pozacağını və ingilislərin də nüfuzuna xələl gətirəcəyini diqqətə çatdırmışdı.
Bu görüşündə Fətəli xan Tomsonun koalisiyalı hökumətdə 5 nəfər azərbaycanlı, 5 nəfər isə azlıqda qalan başqa millətlərin (3 rus, 2 erməni) nümayəndələri olması kimi təklifi ilə də razılaşmamış, bu nisbəti ölkə əhalisinin əksəriyyətini təşkil edən müsəlmanlara qarşı yanlış və ədalətsiz hesab etmiş, ingilis generala 7 azərbaycanlı, 3 erməni və 2 rus, yaxud 8 azərbaycanlı, 3 erməni və 3 rusdan ibarət hökumət təşkil etməyi məsləhət görmüşdü. Son nəticədə Tomsonla bu məsələdə də razılıq əldə edilmişdi.
Həmin danışıqlar zamanı Fətəli xanın söhbətarası sorduğu “Parlament xaricində yeni hakimiyyət yaratmaq olarmı” sualına Tomsonun verdiyi cavabdan məlum olmuşdu ki, ingilis generala yeni hökumət təşkil edə biləcək iki nəfərin – Mirzə Əsədullayev və Məmməd Həsən Hacınskinin adını çəkiblər. Tomson Əsədullayevlə görüşərək 2 saat söhbət edib və onun yeni hökuməti təşkil etmək təklifinə cavab olaraq Əsədullayev 2 gün vaxt istəyib. Həmin şəxslər haqqında təklifi ermənilər də ediblər. Bu məlumatın müqabilində Fətəli xanın “Əlbəttə, hökumət təyin də oluna bilər, lakin təyin olunmuş hökumətə xalqın münasibətinin necə olacağı barədə gərək generalın özü də düşünsün” deməsi Tomsonu fikrindən daşındırıb. Sonda ingilis general parlamentin işini tamamilə müdafiə edəcəyini və onun açılacağı gün baş verə biləcək hər hansı xoşagəlməz halların qarşısını alacağını vəd edib.
Beləliklə, Azərbaycan parlamentinin öz işinə başlaması yolunda kifayət qədər ciddi olan bu maneə Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyskinin qəti və prinsipial mövqeyi, yüksək professionallığı və diplomatik məharəti nəticəsində aradan götürülmüşdü. Parlamentin açılışı ərəfəsində qəsdən hökumət böhranı törədilməsi cəhdinin qarşısının alınmasında Fətəli xanın bu müstəsna xidmətini həmin iclasda Milli Şura üzvləri yüksək qiymətləndirmiş, Əhməd bəy Pepinov “Nə ingilislərin gücü, nə də öz şəxsi maraqları ilə hesablaşmayan” hökumət başçısının bu ağır şəraitdə öz mövqeyini müdafiə etdiyinə görə Fətəli xana minnətdarlığını bildirmişdi.
Lakin Fətəli xanın məlumatında səsləndirilən bir sıra məsələlər – ingilis komandanlığının Milli Şuradan və Azərbaycan hökumətindən xəbərsiz yeni hökumət yaratmaq təşəbbüsü, baş nazir postuna da mümkün namizədlər kimi Əsədullayev və Hacınskinin adlarının çəkilməsi, xüsusilə bu namizədləri ermənilərin təklif etməsi iclas iştirakçıları arasında geniş müzakirələrə səbəb olmuş və az qala hökumət böhranı yaratmışdı. Bu zaman daxili işlər naziri Behbud Xan Cavanşir məsələyə aydınlıq gətirmiş, Mirzə Əsədullayevin Tomsonla söhbətində Milli Şura haqqında mənfi fikir söyləmədiyi, Tomsonun baş nazir postuna ümumiyyətlə qeyri-müsəlman bir şəxs nəzərdə tutduğu, sonra bu post Əsədullayevə təklif edilərkən onun həmin vəzifədə yalnız Fətəli xanı gördüyünü bildirməsini və digər bu kimi məqamları açıqlamışdı.
Həmin hökumətdə xarici işlər naziri Məmməd Həsən Hacınski də özünün bütün bu məsələyə aidiyyəti olmadığını, onun adını ermənilərin deyil, bəlkə də Əsədullayevin özünün çəkdiyini bildirməklə hökumətdə ümumiyyətlə hər hansı vəzifə tutmaqdan imtina etmişdi. Fətəli xan özü də bütün bu söhbətlərdən sonra hökumətdə qalmayacağını bəyan etmişdi.
Parlamentin açılışından 3 gün əvvəl yaşanan bu gərginliyi son nəticədə Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə aradan qaldırmış, dekabrın 7-də Azərbaycan parlamenti görünməmiş bir təntənə və ruh yüksəkliyi ilə açılmış, Tomson söz verdiyi kimi onun təhlükəsizliyini təmin etmiş, Fətəli xan Xoyski bu iclasda hökumət adından hesabat nitqi söyləmiş və yeni hökumət kabinəsi yaradılana qədər 2-ci hökumətin öz vəzifəsini icra edəcəyini bildirmişdi.
İndi onun yeni, 3-cü hökumətə başçılıq təklifini rədd etməsi parlamentdə böyük narahatlıqla qarşılanmışdı. Bunu Həsən bəy Ağayevin təkrarən Fətəli xana ünvanlanmış 18 dekabr məktubundan da görmək olardı: “…İkinci dəfə cəmaət namindən sizə müraciətlə təvəqqe edirəm Vətənimizin böylə ağır günlərində hökumət təşkili kimi məsuliyyətli bir işdən boyun qaçırmayıb müştərək kabinə təşkilini öhdənizə alasınız. Ümidvaram təvəqqemə əməl edərsiniz. Bilxassə ki, parlamanın ümumi fraksiyaları bir səslə sizin namizədliyinizdə ittifaqi-rəy hasil edərək bu mənsəbdə sizi görmək istəyirlər”.
Fətəli xan Xoyski bu və digər müraciətlər qarşısında bir daha yeni hökuməti təşkil etməyə razılıq verir, parlamentin növbəti, 26 dekabr iclasında ölkədəki vəziyyət və qarşıdakı vəzifələr haqda dəfələrlə alqışlarla qarşılanan çox məzmunlu bir nitq söyləyir və son nəticədə yeni yaradılan hökumət, İttihad istisna olmaqla, bütün parlament fraksiyalarının etimadını alır.
İttihad fraksiyasının lideri Qara bəy Qarabəyovun “…Biz etimadnaməmizi cibimizə qoyub saxlayırıq, nə vaxt hökumət layiqli olduğunu göstərsə, biz də o vaxt etimadımızı bəyan edərik” deyir, sabiq hökumətin “milləti Andranik macərasından” azad etmədiyi kimi bir iddia da səsləndirir.
Fətəli xan bu iddiaya yəqin ki, yenə açıq deyə bilmədiyi səbəblərdən cavab vermir. Lakin cəmi 3 həftədən sonra, 1919-cu il yanvarın 13-də Azərbaycan hökumətinin Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları əsasında müvəqqəti general-qubernatorluq vəzifəsinin təsis edilməsi, yanvarın 29-da isə Xosrov Paşa bəy Sultanovun həmin vəzifəyə təyin olunması haqqında çıxardığı qərarlar ən layiqli cavablar olur.
Təbii ki, belə bir qurum tələsik, yaxud tənqidlərə cavab kimi deyil, hərtərəfli düşünülərək və hələ də ölkədə söz sahibi ingilis komandanlığı ilə razılaşdırılaraq yaradılmışdı. Sadəcə “Andranik macərası” olmayıb əslində Azərbaycan və Ermənistan arasında gedən və müharibə həddinə çatan bu münaqişənin həlli üçün Qarabağ və Zəngəzurun ayrıca inzibati-ərazi hüdudlarına ayrılması və burada xüsusi idarəçilik forması yaradılması çox mühüm addım idi. Bu quruma ingilis komandanlığından hərbi nümayəndə daxil edilməsi isə Ermənistandan gözlənən güclü müqavimət qarşısında zəruri bir dəstək sayıla bilərdi.
Qarabağ qubernatorluğunun fəaliyyəti üzərində dayanmadan qeyd edək ki, parlamentin müxtəlif fraksiyaları ilə hökumət arasında Qarabağ məsələsi üzərində yaranmış bu ilk qarşıdurma sonralar da müxtəlif şəkillərdə özünü büruzə verəcəkdi. Lakin 1919-cu ilin 14 aprelində parlamentin 29-cu iclasında Qarabağ məsələsi bir daha gündəmə gətiriləndə Fətəli xan Xoyski artıq hökumət başçısı olmayacaqdı.
3-cü kabinənin fəaliyyət göstərdiyi 3 ay yarım ərzində parlament və hökumət arasında yaşanan olaylar, hökumətə aramsız olaraq ən müxtəlif – mühüm və sıradan olan məsələlər haqda sorğular verilməsi, nazirlərin demək olar ki, günaşırı parlament iclaslarına çağırılması, hökumətin və onun başçısının mütəmadi şəkildə haqlı-haqsız tənqidlərə məruz qalması ölkədə onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdırırdı. Hökumət kabinələrində hər hansı nazir postunu tutmaqdan və onun işində iştirakdan imtina edərək açıq müxalifət mövqeyinə keçmiş İttihad fraksiyası və onun lideri Qara bəy Qarabəyov az qala psixoloji qarşıdurma forması almış bu parlament-hökumət münasibətlərində əsas rol oynayırdı. Onun hökumətə yönəlik saysız sorğularından biri – Tağıyev fabrikindən hökumətin icazəsi ilə ucuz qiymətə əhaliyə buraxılan malların (bez və ağın) möhtəkirlərin əlinə keçərək baha satılmasına dair sorğusu Fətəli xan Xoyskiyə xüsusilə ağır təsir etmişdi. Parlament iclaslarının birindəki çıxışını demək olar ki, bütünlüklə sorğular mövzusuna həsr edən hökumət başçısı “sorğunu hökumətə bir kömək” hesab etdiyini bildirməklə yanaşı onların əksəriyyətini “hökumətə badalaq vurmaq” kimi qiymətləndirmişdi. Ölkənin real xarici təcavüzlə (Denikin qoşunları) üzləşdiyi, “Azərbaycan istiqlalı hər dəqiqə təhlükədə olduğu… mühüm bir zamanda hökumət işlərini Tağıyev fabrikasının bezi ilə ölçmək olarmı” sualı qoyan Fətəli xan Xoyski dəfələrlə müraciətdən sonra hökumət başçısı olmağa razılıq verərkən parlament üzvlərinin “sidq ürəklə” hökumətin arxasında duracağına ümid etdiyini bildirmişdi. Çıxışının sonunda isə mə’buslara “bu danışılan dil hökumətlə danışılan dil deyil” deyə müraciət etməli olan Fətəli xan indi “hökumətlə parlament arasında qeylü-qal çıxarmaq vaxtı olmadığını” və “hökumət dəyişməklə” yaranacaq qarışıqlıqların məsuliyyətinin tamamilə “onu yıxanların öhdəsinə” düşəcəyini bildirmişdi. Xoyskinin parlament üzvlərindən birinin digərinə dediyi “hətta Biçeraxov və Denikinin köməyi ilə də olsa bu hökuməti yıxacağam” sözlərini misal gətirməsi özlüyündə çox mətləbdən xəbər verirdi: Parlamentin tərkibi heç də birmənalı şəkildə Azərbaycanın istiqlalı tərəfdarlarından və “belə qorxulu zamanda dalğalar arasında bulunan” Azərbaycan “qayığını salamatlıqla məqsədinə” çatdıranlardan ibarət deyildi!
Bu vəziyyət sonda ona gətirib çıxarır ki, hökuməti bütün imkanları ilə müdafiə edən parlament rəhbərliyinin, Müsavat fraksiyasının və şəxsən Rəsulzadənin səylərinə baxmayaraq 3-cü hökumət kabinəsini yaranmış böhrandan çıxarmaq mümkün olmur. Güclü əsəb sarsıntısı keçirən Fətəli xan Xoyskinin fiziki durumu qarşısında Məhəmməd Əmin bəyin də onun istefası ilə razılaşmaqdan başqa çarəsi qalmır.
(Ardı var)