“EUvsDisinfo” portalında Rusiyanın başqa ölkələrdə istehsal olunan vaksinlərə qarşı apardığı qarayaxma kampaniyaları barədə məqalə yerləşdirilib. “EUvsDisinfo” 2015-ci ildə Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin layihəsi çərçivəsində yaradılmış portaldır, redaksiyası Belçika paytaxtı Brüsseldə yerləşir. Portalın əsas məqsədi Rusiyanın yaydığı, Avropaya və qonşularına təsir göstərən dezinformasiyaları ifşa etməkdir. Novator.az saytı portalın dərc etdiyi yazını ingiliscədən çevirərək kiçik ixtisarla təqdim edir.
2021-ci il başlanandan Kreml “Sputnik V” vaksininin üstünlüyü barədə reklam kampaniyası aparmaq üçün diplomatik əlaqələrdən, dövlət nəzarətində olan KİV-lərin, eləcə də ikinci dərəcəli və alternativ media şəbəkələrinin dəstəyindən istifadə edir.
Rusiya hakimiyyətinin səyləri tək bununla yekunlaşmır. “EuvsDisinfo”nun məlumatına görə, Kreml eyni zamanda digər vaksinləri, xüsusilə də “Pfizer”-“BioNTech”, “Moderna” və “AstraZeneca” vaksinlərini gözdən salmaq üçün kütləvi kampaniyaya start verib.
Rusiya bu cür qarayaxma kampaniyalarını xüsusilə “Şərq tərəfdaşlığı” ölkələrində həyata keçirir. O, məqsədinə çatmaq üçün Ukrayna, Gürcüstan, Moldova və Ermənistanın əlçatan media bazarlarından istifadə edir.
Kampaniyaların təsiri KİV üzərində daha güclü nəzarətin olduğu Azərbaycan və Belarusda zəif hiss olunur.
Kremlin maraqlarına xidmət edən xəbərlərə təkcə Rusiyanın media orqanlarında rast gəlinmir, onun dezinformasiya xarakterli xəbərləri “Şərq tərəfdaşlığı” ölkələrinin media orqanlarında da dərc olunur. Bu xəbərlərin əhatə dairəsi ölkədən-ölkəyə fərqlənir.
Ümumən xəbərlər bu tezisləri ifadə edir:
– “Sputnik V” vaksini tam effektli, heç bir yan təsiri olmayan ilk vaksindir.
– “Sputnik V” vaksininin hazırlanması qlobal uğurdur. ABŞ və Avropa İttifaqı ölkələri də daxil olmaqla dünyanın əksər dövləti “Sputnik V” vaksinini alır, yaxud ona maraq göstərir.
– Qərb dövlətləri (ABŞ və Avropa İttifaqına daxil olan ölkələr) “Sputnik V” vaksinini almamaq və ya istifadə etməmək üçün bir çox ölkənin hökumətinə təzyiq göstərir.
– Sərt karantin rejimi, eləcə də Avropa İttifaqı ölkələrindəki bürokratiya və zəif vaksinasiya proqramları Avropada vəziyyətin daha da pisləşməsinə gətirib çıxarır.
Ukraynada Kremlin maraqlarına xidmət edən media orqanları əsasən üç tezisi işıqlandırır: 1) “Sputnik V” vaksini effektiv və təhlükəsizdir; 2) Qərbdə istehsal olunan vaksinlər, xüsusən də “Pfizer”-“BioNTech” vaksini təhlükəlidir; 3) Ukrayna hökumətinin Rusiyanın təklif etdiyi “Sputnik V” vaksinindən imtina etməsi ukraynalılara qarşı “soyqırımı”dır.
Gürcüstanda bəzi yerli media orqanları “Pfizer”-“BioNTech” vaksininin insan DNT-sini dəyişdiyi barədə xəbərlər dərc edir. Bu xəbərlərdə Avropa İttifaqının “Sputnik V” vaksinini gözdən salmaq üçün qərəzli şəkildə dezinformasiya yaymasından bəhs olunur.
Moldovada Kremlin maraqlarını güdən xəbərlərdə başlıca olaraq “Sputnik V” vaksininin effektivliyi və təhlükəsizliyindən söz açılır, eyni zamanda Qərbdə hazırlanan vaksinlərin, xüsusilə də “Pfizer”-“BioNTech” vaksininin təhlükəli olması barədə saxta məlumatlar verilir. Bu dezinformasiyanı yayan media orqanları iddia edir ki, Avropa İttifaqı vaksindən imtina edən şəxslərin “reyestrini” aparır, vətəndaşlar isə COVİD vaksininə şübhə ilə yanaşır. Mətbu orqanlar bəzi məqalələrdə Avropa İttifaqını Qərbin əczaçılıq şirkətlərini müdafiə etmək üçün “Sputnik V” vaksininə qarşı “informasiya müharibəsi” aparmaqda günahlandırır.
Belarusda hökumət KİV üzərində ciddi senzura həyata keçirdiyinə görə burada uydurma fərziyyələr və vaksin əleyhinə materiallar minimum həddədir. Bununla belə, ölkədə Kremlin maraqlarına xidmət edən media orqanları Rusiya istehsalı olan vaksinləri reklam edir, eyni zamanda Avropa İttifaqının çarəsiz və parçalanmış vəziyyətdə qaldığını və totalitar imperiyaya çevrilməkdə olduğunu yazır.
KİV-ə ciddi nəzarətin olduğu Azərbaycanda hökumət artıq Çin istehsalı olan “CoronaVac” vaksinindən dörd milyon doza alacağını bəyan etdiyinə görə bu ölkədə vaksinə qara yaxan fərziyyələr o qədər də geniş yayılmayıb.
Mənbə: Euneighbours.eu