Qarabağ məsələsi cümhuriyyət parlamentində (2)
Solmaz Rüstəmova-Tohidi
Tarix elmləri doktoru
Fətəli xandan dərhal sonra çıxış edən Əhməd Cövdət məsələni üzvü olduğu sosialistlərin gündəmə gətirdiyini vurğulayaraq bölgədə yaranmış vəziyyəti geniş təsvir edir. Əvvəl Osmanlıda, sonra İrəvan, Naxçıvan, Ordubad mahallarında, sonra da İranda xarabalıqlar törətmiş Andranikin indi də Qarabağa gəldiyi, “Türkiyə ermənisi” olduğundan yerli ermənilərin “tökülən qanlarına, dağılan xanimanlarına” ürəyi yanmadığı, Qarabağ mahalının Ermənistana ilhaq edilməsinin daşnakların neçə illik projesi olduğu, indi də bunun “erməni hökumətinin məsələsi”nə çevrildiyi kimi müddəalardan sonra sosialist deputat belə bəyanat verir: “Bizim firqəmiz və ümum sosialistlər cəmaətin və bütün kəndlilərin mənfəətini nəzərə alır və belə məsələlərin də silah gücü ilə deyil, sülh ilə həll edilməsinə tərəfdardır. Erməni və müsəlman üçün Ermənistanda, ya Azərbaycanda yaşamağın heç bir təfavütü yoxdur”. O, “erməni ünsürünü Azərbaycandan ayırıb Ermənistana tabe etməyin” də “sülh yolu ilə” mümkünlüyünü məqbul sayır: “Lakin o cürə ki, Andranik başlamış, belə olmaz”. Qarabağ ermənilərinin də müharibə əleyhinə olduqları amilindən çıxış edən deputat bir daha məsələnin sülh ilə həlli təklifini irəli sürür.
Sosialist deputat digər məsələdə də hökumət başçısı ilə razılaşmayaraq bölgəyə göndərilən nümayəndə heyətlərinin heç də faydasız olmadığını hesab edir, onların vasitəsilə Andranikə təsir göstərib onun bölgədən çıxarılmasına, digər tərəfdən bu heyətlər vasitəsilə həmin sülh təşəbbüsünün ermənilərdən gəlməsinə nail olmağa çağırır.
Lakin çıxışının sonunda Əhməd Cövdət Qarabağda hazırda “qanlar axıdıldığı, evlər dağıdıldığı” faktını nəzərə almalı olur və müsəlmanları müdafiə üçün “qüvvə” amilini qəbul edir. Lakin “ingilis” deyil, “Azərbaycan qüvvəsinin hazır olmasını” istəyir.
Sözünü “Biz nə qədər hərb tərəfdarı olmasaq da, bu vaxtda qüvveyi-cəbriyyənin bütün-bütünə Qarabağda icra olunmasını rədd etməyir, istəriz”lə bitirən sosialist deputat son nəticədə məsələnin hərblə həllini ən mümkün vasitə sayır.
Kürsüyə çıxan Müsavat fraksiyası üzvü Mustafa Mahmudov eşitdiyi bütün nitqlərdən fərqli nəticələr anlaşıldığını vurğulayır: “Əgər Andraniklə guya erməni xalqı arasında heç bir əlaqə yoxdursa və Andranik “bir Türkiyə təbəəsidir ki, işi bir çetə düzəldib müharibə etməkdir”in anlamı varsa, bəs kimdir o” sualı ortaya çıxır. Yerlərdən səslənən “daşnak” kəlməsi müqabilində Mustafa Mahmudov “Belə olanda onun tutulub öldürülməsi lazımdır. Bu bir quldur, bir asidir” deyə cavab verir və belə bir adamla müttəfiqlər nümayəndəsinin görüşüb danışmasını heç bir halda məqbul saymır.
Hökumət başçısının Tomsonun məktubu ilə bağlı qəzetdə yayılmış xəbərin yalan olduğuna dair bəyanatı, parlament sədri Həsən bəyin də “ingilislərin Andranikə sakit olması əmrini verdikləri” kimi replikası qarşısında Mahmudov bu barədə mübahisə açmayaraq Andranikin “özünün sakit olmayacağı” qənaətini bildirir. Bundan sonra təmsil etdiyi Müsavat fraksiyası adından parlamentə təklif olunan qərarnaməni oxuyur. Qətnamədə hökumət başçısının verdiyi izahatı dinləyərək bu vaxta qədər görülən tədbirlərin qənaətbəxş sayıldığı və Azərbaycan hökumətinin daha güclü və daha qəti siyasi və hərbi tədbirlərinin daim himayə olunacağı bəyan edilir.
Daha sonra slavyan-rus fraksiyasından söz alan Vinoqradov çıxışların mənasını tam anlamasa da onları ürək ağrısı ilə dinlədiyini, Qarabağda qan tökülməsinə son qoyulmasını, sülhün bərqərar olmasını istədiyini bildirir. Rus deputat da bu məsələnin həllində sülhməramlı komissiyalara üstünlük verir və lazım gələrsə öz xidmətlərini təklif edir.
Həsən bəy Ağayev çıxışların bitdiyini bildirərək Müsavat fraksiyasının təklifini səsə qoymaq istəyərkən sosialistlər fraksiyasının daha bir üzvü – Əkbər ağa Şeyxülislamov söz istəyərək kürsüyə qalxır. “Bizim sosialistlər mənə ağır bir vəzifə verib. Bu vəzifə bir milləti təqsirləndirib o birini müdafiə etmək deyil, borcum deməkdir ki, həqiqəti ayaqlayırlar” sözləri ilə çıxışa başlayan Şeyxülislamov Qafqaz millətləri arasında şovinizmin baş qaldırdığı, bunun günahsız qanlar tökülməsinə səbəb olduğu və əgər qabağı alınmazsa “Qafqaz qitəsinin də Balkan yarımadası kimi qan dəryaçasına dönə biləcəyi” kimi təhlükələrin kökündə erməni daşnakların proqramının durduğunu göstərir. Azərbaycan torpaqlarının bu proqrama əsasən Ermənistana verilməsinə razı olmadığını bildirsə də, məsələlərin “qan tökülmədən, sülh yolu ilə” həllinə çalışmağın labüdlüyünü qeyd edir. Bu məqsədlə sosialist deputat hökuməti ermənilərlə əlaqə qurmaq, bir-birinə səfirlər göndərmək, “burada olan millətlərin fikirləri ilə həmrəy olmaq” kimi təkliflərlə yanaşı vəziyyətdən çıxış yolu kimi Qafqaz millətlərinin öz münasibətlərini tənzimləyərək bir konfederasiya halında birləşməsi məsələsini gündəmə gətirir.
Bu çıxışdan sonra digər fraksiyaların nümayəndələri də müzakirələrə qoşulur. Müsavatdan sonra ən böyük fraksiya olan İttihadın sədri və eyniadlı partiyanın lideri Qara bəy Qarabəyov öz çıxışında Azərbaycan hökumətinin Qarabağ xüsusunda imkanları daxilində çalışdığını təsdiq etsə də, hökumət başçısını bunların bir daha təkrarlanmayacağına təminat vermədiyini deyir, “verə də bilməz idi” vurğulayır və vəziyyətin gərginliyini indiyə qədər Azərbaycanın əlində “lazımi qüvvə” olmadığında görür. İngilislərin göndərdiyi nümayəndələrin nəyəsə nail olacaqlarına o qədər də inanmayan İttihad lideri “Bizim öz qüvvəmiz olmalıdır” deyə hökumətin Andranikin qabağını saxlaya biləcək qədər hərbi qüvvəyə malik olması tələbini irəli sürür.
Əhrar (Müstəqillər) fraksiyasının nümayəndəsi Abdulla bəy Əfəndiyev də söz alaraq yaxın keçmişə üz tutur, ermənilərin Qafqazda ixtilaflı məsələləri həll etmək üçün keçirilən bütün tədbirləri pozmasından nümunələr gətirir, sonra hökumətdən əvvəlcə sülh, bu mümkün olmazsa digər çarələr axtarmağı tələb edir. Əhrarçı deputat əvvəlki natiqlərin “qüvvəmiz yoxdur” fikri ilə razılaşmır: “Millət böyük bir qüvvədir. Millət görsə ki, Vətən və İstiqlalın müdafiəsinə durmaq lazımdır, dərhal çeteçilərin müqabilinə cümhuriyyətimizi müdafiə və mühafizə etməyə hazırdır. Hökumətimiz millətin belə hazırlığına istinad edərək məsələni sülhlə həll etmək mümkün olmasa, qüvvə müqabilinə qüvvə çıxara bilər”.
Parlament üzvlərinin çıxışlarında hökumətin gördüyü işlərin kafi hesab edilmədiyi qarşısında Fətəli xan Xoyski yenidən kürsüyə qalxır. Sosialistlərin tənqidi qarşısında əlavə olaraq daha nə işlər görüldüyünü sadalayır, “bəlkə də nəticələrin hələ gözə çarpmadığını” da mümkün saymaqla yanaşı bir daha bəzi səbəblərdən müfəssəl məlumat verməyi lazım bilmədiyini vurğulayır. Fətəli xan Qarabəyovun hökumətin “əsgəri işlərə” diqqət vermədiyinə dair tənqidi ilə də razılaşmır, bu sahədəki işlər barədə hələ parlament qarşısında danışa bilmədiyini təkrarən nəzərə çatdıraraq yalnız onunla kifayətlənir ki, hərbi-təşkilati işlər məşhur general Mehmandarova tapşırılıb və lazımi tədbirlər üçün pul məhdudiyyəti qoyulmayıb.
Bundan sonra baş verənlər Qarabağda Andranikin quldur dəstələrinin törətdiyi vəhşiliklərin qarşısının almaq məqsədilə hökumətin gördüyü işlərin qiymətləndirilməsində parlament fraksiyalarının mövqelərinin toqquşduğunu aydın göstərir. Müsavat fraksiyası bir daha öz təklifini səsləndirərək görülən işləri kafi hesab etdiyi və parlamentin hökuməti gələcək fəaliyyətində dəstəklədiyini bəyan etdiyi halda sosialistlər dinlədikləri hökumət tədbirlərini kafi bilməyib “həqiqi və qəti tədbirlər” görülməsini tələb edirlər.
Qarabəyov İttihad fraksiyasının sosialistlərin təklifini dəstəklədiyini elan edir.
İclasın sədri Həsən bəy Ağayev verilən təklifləri səs verməyə çıxararaq ilk olaraq Müsavatın adını çəkəndə sosialist Aslan bəy Səfikürdski buna etiraz edərək “məntiqə görə” sosialist blokun təklifinin əvvələ salınmasını istəyir.
Sədr bu tələb qarşısında Müsavatın təklifinin daha əvvəl irəli sürüldüyünü qeyd edəndə vəziyyətin gərginləşdiyini görən Şəfi bəy Rüstəmbəyli (Müsavat fraksiyası) “ümumi bir qərar çıxarmaq” ümidi ilə 5 dəqiqəlik tənəffüs elan olunmasını xahiş edir.
Tənəffüs elan olunur, fraksiyalar arasında danışıqlar başlanır və ümumi fikir hasil edilir. Tənəffüsdən sonra bütün iclas boyu susan, lakin görünür ki, həlledici məqamda işə qarışaraq yaranmış gərginliyi tənzim edən Müsavat fraksiyasının lideri Məhəmməd Əmin Rəsulzadə özü çıxış edərək bütün fraksiyaların razılığı əsasında qəbul edilmiş qərar layihəsini oxuyur. Qərarın məzmunundan aydın olur ki, ümumi məxrəc mətndə “qiymətləndirmə” hissəsinin çıxarılması nəticəsində əldə edilib: “Verilmiş sorğuya cavab olaraq Qarabağ vilayətində Andranikin etdiyi vəhşiliklər və hökumətin bunlara qarşı gördüyü tədbirlər haqqında hökumət başçısının verdiyi izahatı dinləyərək Azərbaycan parlamenti Vətənin ərazi bütövlüyü, cümhuriyyətin şərəf və ləyaqətinin müdafiəsi, ölkə əhalisinin təhlükəsizliyinin təmini və azadlığına aid məsələlərdə hökumətin daha qətiyyətli və daha güclü siyasi və hərbi tədbirlər görməsini qeyd edərək belə tədbirlərin icrasının parlamentdə daim himayə olunacağını bəyan edir”.
Cəmi 2 həftə əvvəl təşkil olunmuş Azərbaycan parlamentinin bu fövqəladə iclası istər çağırılması və gedişi, istərsə də konkret olaraq Qarabağ məsələsinin müzakirəsi baxımından parlamentarizm nümunəsi olmaqla tarixi baxımdan da çox ibrətamiz sayıla bilər. Qarabağ bölgəsindən olan bir deputatın və müxalif mövqeli solçu fraksiyanın sorğusu ilə təcili bilinən məsələ ətrafında parlament fövqəladə iclasa toplanır. Hökumət başçısı nazirləri ilə birlikdə parlamentin iclasına gəlir və sorğu ətrafında geniş izahat-cavablar verir. Müzakirələrdə iştirak edən aparıcı fraksiyaların nümayəndələri müzakirə olunan məsələ – Qarabağda baş verən olaylar haqqında tam məlumatlı olmaqla yanaşı bütün hadisələrə daha geniş, regionda və hətta dünyada baş verən siyasi proseslər kontekstində baxırlar və Azərbaycanın ağır və mürəkkəb durumunu obyektiv qiymətləndirirlər. Bununla belə, parlament üzvləri onsuz da məhdud imkanlar dairəsində fəaliyyət göstərən Azərbaycan hökumətinə kifayət qədər tələbkar yanaşır və onu tənqid etməkdən çəkinmirlər.
Bu qısa yazıda həmin iclasın gedişində deyilənləri tam əhatə etmək mümkün deyil, lakin onun gərgin ab-havası, Fətəli xanın öz çıxışları zamanı keçirdiyi həyəcan, hökumət başçısı kimi duyduğu məsuliyyət hissi və insani narahatlığı həmin iclasın həm Azərbaycan, həm də rus dillərindəki stenoqramlarında çox aydın əks olunub.
Nəhayət, Qarabağ məsələsinin həlli yolları – sülh, ya hərb?
(Ardı var)