İnsanların koronavirus peyvəndlərinə nə qədər etibar etdiyini öyrənmək üçün yeni sorğu keçirilib.
Novator.az saytı “Reuters” agentliyinə istinadla xəbər verir ki, sorğunu London İmperial Kollecinin Qlobal Səhiyyə İnnovasiyası İnstitutu ilə Britaniyanın “YouGov” təşkilatı birgə keçirib.
Sorğu bu il yanvarın 4-dən 24-dək 15 ölkənin əhalisi arasında aparılıb. Nəticələr fevralın 4-də açıqlanıb.
COVİD-19 əleyhinə peyvənd vurdurmaq istəyənlərin sayının artıdığı bəlli olub. Belə ki, respondetlərin yarıdan çoxu növbəti həftələrdə peyvəndlənmək niyyətində olduqlarını bildirib.
Sorğu peyvəndə münasibətin ölkədən-ölkəyə fərqləndiyini üzə çıxarıb.
Fransa əhalisinin peyvəndlərə çox etimadsız yanaşdığı aydınlaşıb.
Asiyanın bəzi ölkələrində peyvəndlərə etibar edənlərin sayı xeyli azalıb.
Avropa ölkələrində isə getdikcə vaksinlərə inam artır.
15 ölkə əhalisinin qatıldığı analoji sorğu 2020-ci ilin noyabr ayında da keçirilmişdi. Həmin sorğunun nəticələri ilə müqayisədə ümumən vaksinə etibar edənlərin sayı çoxalıb.
Noyabr sorğusuna hər ölkədən 13 min 500 respondent cəlb edilmişdi. O vaxt respondentlərin yalnız 40%-i peyvənd vurdurmaq istədiyini bildirmişdi.
Yeni sorğu göstərib ki, Britaniya əhalisi vaksinasiyaya daha çox maraq göstərir. Bu ölkədə respondentlərin 78%-i peyvəndlənmək niyyətindədir.
İkinci yerdə Danimarka gəlir. Peyvənd olunmaq istəyənlər 67% təşkil edir.
Vaksinə etiraz edənlər siyahısında birinci yerdə Fransa gəlir. Bu ölkədə respondentlərin 44%-i peyvənd vurdurmaq istəyir. Bununla belə, Fransada peyvəndlənmək qərarına gələnlərin sayı iki dəfə artıb. Ötən ilin noyabrında keçirilən sorğuda fransalı respondentlərin yalnız 15%-i peyvəndlənmək istədiyini demişdi. Yeni sorğu peyvəndlənməkdə qərarlı olanların sayının 30%-ə çatdığını göstərib.
Ötən ilin noyabrından bəri Avstraliya, Yaponiya, Cənubi Koreya və Sinqapurda peyvənd olunmaq istəyənlərin sayı azalıb. Yaponiya və Sinqapurda respondentlərin əksəri peyvəndlənməyə tam hazır olmadığını bildirib.
Qlobal Səhiyyə İnnovasiyası İnstitutunun direktoru və Dünya Səhiyyə Təşkilatının koronavirus infeksiyası üzrə eksperti David Nabarro peyvəndlərlə bağlı açıqlamasında vurğulayır ki, vaksinlər pandemiyanı nəzarətdə saxlamaqda mühüm rol oynayır: “Ona görə də ölkələrin liderləri koronavirus infeksiyası əleyhinə peyvəndlənmənin faydaları barədə əhali arasında maarifləndirmə işləri aparmalı, hər kəsin bu kampaniyaya qoşulmasını təmin etməlidirlər”.
Belə sorğuları Dünya Səhiyyə Təşkilatı və digər orqanlar pandemiya dövründə ictimai rəyi izləyə bilmək üçün təşkil edir.
2020-ci ilin aprel ayından tədqiqatçılar dünyada 470 mindən çox insanın iştirakı ilə sorğular keçiriblər.
2021-ci ilin yanvarında aparılan son sorğu respondentlərin üçdə ikisində peyvəndlərə tam və ya qismən inamın yarandığını üzə çıxarıb.
Yanvar sorğusunda iştirakçıların yalnız 12%-i vaksinlərə qəti etibar etmədiyini vurğulayıb. Respondentlərin 66%-i isə vaksinin sağlamlıq üçün vacib olduğunu bildirib.
Mənbə: Reuters.com