Prezident İlham Əliyev fevralın 2-də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər”i təsdiqləyib. Sənəddə beş milli prioritet yer alır: dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Nazirlər Kabinetinə milli prioritetlərə uyğun olaraq 2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf strategiyasının layihəsini doqquz ay müddətində hazırlamaq tapşırılıb.
Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev yazır ki, ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinin müəyyən edilməsi, bu prioritetlərə uyğun strategiyaların işlənməsi çox vacibdir: “Strategiyalardan da müxtəlif proqram və altproqramlar çıxmalıdır. Bu iyerarxiyanın ən aşağısında bütün qurumların strateji planları dayanmalıdır. Sənədlər paketi ən sonda ölkənin nəticə və proqram əsaslı büdcə sistemini təmin etməlidir. Həmin sənədlər olmasa, hökumətin 2021-ci ildən keçmək istədiyi nəticə əsaslı büdcə mexanizmi alınmayacaq.
Ekspert qrupumuz uzun dövrdür strategiyaların hazırlanması, proqramlaşdırma, bu sənədlər dəstinin büdcə ilə inteqrasiyası sahəsində araşdırmalar aparır. Xeyli ölkənin təcrübəsinə də baş vurmuşuq.
Bu məsələdə vacib olan bir neçə məqam var. Əvvəla, prosesin əvvəlindən sonuna kimi bütün maraqlı qrupların iştirakı təmin edilməli, sənədlər potensialı və fikri olan bütün tərəflərin məhsulu olmalıdır. Yalnız kabinet məhsulu olan sənədlər nə cəmiyyətin real ehtiyaclarını əks etdirə bilir, nə də keyfiyyətli olur.
İkinci vacib məqam: bütün strategiya və proqramların konkret zamanla çərçivələnən hədəfləri, hər bir hədəfi kəmiyyətcə ölçən indikatorlar olmalıdır. Dəqiqi indikatorları olmayan sənədləri büdcəyə inteqrasiya etmək mümkün deyil.
Məsələn, məktəbəqədər təhsilin əhatə səviyyəsinin 25%-dən 50%-ə çatdırılması məktəbəqədər təhsil altproqramında əks olunmasa, büdcənin bağça təhsilinə yönəltdiyi xərclərin nəticəsini ölçə bilməyəcəksən.
Ya da elm sektorunun hədəfləri patentlərin, iqtisadiyyatda real tətbiq olunan kəşf və tapıntıların, yeni yaradılan texnoloji məhsulların və ya dünyada qəbul olunan elmi məqalələrin sayını hədəf kimi müəyyən etməlidir. Əks halda elmə çəkilən xərcin büdcədə proqramlaşdırılması necə mümkün olar?”