Yaponiya: xoşbəxt müsəlmanların ölmək dərdi – “The Economist”
- 04 Fevral 2021
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetŞərh
Yaponiyada müsəlmanların, məscidlərin sayı artır. Bu ölkədə müsəlmanlar xoşbəxtdirlər, amma bir qayğıları var. Böyük Britaniyanın “The Economist” jurnalı bununla bağlı yazı dərc edib. Novator.az saytı yazını ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.
Yaponiyanın Kyuşu adasında istisu zonası kimi tanınan Beppu şəhərindəki dördmərtəbəli binanın içində məscid yerləşir. Hər cümə günü müsəlman kişi və qadınlar bu məscidə axışır.
Yaponiya hökuməti xaricdən daha çox işçi qüvvəsi və tələbə cəlb etməyə başlayandan bəri məscidə ibadətə gələnlərin sayı artıb.
Ölkənin nüfuzlu Vaseda Universitetinin professoru Tanada Hirofuminin dediyinə görə, Yaponiyada yaşayan müsəlmanların sayı son on ildə iki dəfədən çox artıb. 2010-cu ildə Yaponiyada 110 min nəfər müsəlman olub. 2019-cu ilin sonuna bu göstərici 230 minə yüksəlib.
Asiya Pasifik Universitetinin professoru, eyni zamanda Beppu Müsəlman Assosiasiyasının rəhbəri Məhəmməd Tahir Abbas Xan qeyd edir ki, ölkədə 110-dan çox məscidin olması müsbət dəyişiklikdir: “Mən ilk dəfə 2001-ci ildə Pakistandan Yaponiyaya aspirant kimi gələndə ölkədə cəmi 24 məscid var idi, Kyuşuda isə heç bir məscid yox idi”.
Bu gün Yaponiyada müsəlmanların ibadət üçün imkanları geniş olsa da, onlar qəbir yeri tapmaqda çətinlik çəkirlər. Yaponların təxminən 99 faizi öləndən sonra yandırılır. İslam dini isə bunu qadağan edir. Yaponiya hökumətinin isə fərqli adət-ənənələrə malik əcnəbilərin ehtiyaclarını ödəyə biləcək ümumi bir sistemi yoxdur.
Bunun səbəblərindən biri xaricdən gələn işçi qüvvəsinin daimi miqrantdan daha çox qonaq kimi qəbul edilməsidir. Beppunun yerləşdiyi Oita da daxil olmaqla əksər əyalətdə müsəlman qəbiristanlığı yoxdur.
Abbas Xan deyir: “Beppu təpələrində yerləşən Hici şəhərciyində bir qəbiristanlıq salmaq üçün bizim assosiasiya illərlə iş apardı, lakin yerli orqanlar müqavimət göstərdiyi üçün buna nail ola bilmədik. Mən öləndə harada dəfn olunacağımı bilmirəm”.
Qəbiristanlıq problemi əcnəbilərin yapon cəmiyyətindəki yeri haqqında daha geniş bir müzakirənin başlanmasına səbəb olub. Bundan sonra bəzi yaponlar yeni qonşulara, yad adət-ənənələrə qucaq açıblar.
Məsələn, Beppu şəhər bələdiyyəsinin üzvü Kavabe Yumiko qəbiristanlıq salma təklifini dəstəkləyir: “Bir halda ki, onlar yaponiyalı sayılırlar, biz onların kimliyinə və sahib olduqları mədəniyyətə anlayış göstərməliyik. Kiçik şəhərlər də çoxmillətli ola bilər”.
Amma Kavabe Yumikonun fikri ilə razılaşmayanlar daha çoxdur. Eto Kiyotaka adlı digər bir bələdiyyə üzvü bildirir ki, yaponiyalı olmağı qəbul edən müsəlmanlar yapon adətlərinə tabe olmalı və meyitləri yandırmalıdırlar.
Beppu Müsəlman Assosiasiyası qəbir yeri axtarmağa on il bundan əvvəl başlayıb. Yerli katolik kilsəsi öz qəbiristanlığını müsəlmanlarla bölüşməyə razılaşsa da, müsəlman assosiasiyası şəhərin başqa yerində axtarışa davam edib. Şəhər rəhbərliyi ilə danışıqlar heç bir nəticə verməyib, amma buddist lamalardan biri Beppu Müsəlman Assosiasiyasına kömək etmək məqsədilə Hicidə dağın döşündə boş bir ərazini qəbiristanlıq üçün təklif edib.
Abbas Xan deyir ki, üç il ərzində qəbiristanlıq layihəsinə təxminən 600-700 min dollar boşuna xərclənib. İndi qəbiristanlıq salmağa hazırlaşdıqları bir vaxtda yaxınlıqdakı qəsəbələrin sakinləri bundan narahat olduqlarını ifadə ediblər. Onları düşündürən əsas suallar bunlardır: Görəsən, meyitlərin torpağa basdırılması su mənbələrini çirkləndirəcəkmi? Zəlzələ zamanı meyitlərin qalıqları dağın döşündən sürüşüb düşə bilərmi?
Hici sakinlərinin bir çoxu ölünün basdırılmasını natəmiz hal hesab edir. Eto adlı bir sakin deyir: “Adam istər-istəməz iyrənir. Həmişə içdiyimiz suyu daha rahat içə bilməyəcəyik”.
Eto da öz ata-babası kimi ənənəvi evlərində, sıralı düyü tarlalarının olduğu kiçik kənddə yaşayır. Qəbiristanlıq salınması haqda gedən söhbətlərə qədər Eto heç vaxt müsəlman görməyibmiş. O bildirir ki, qətiyyən dinə qarşı deyil, sadəcə, qəbiristanlıq üçün nəzərdə tutulmuş sahənin yaxınlığındakı su anbarına bakteriyaların keçəcəyindən narahatdır: “Maraqlıdır, axı niyə şəhərin ictimai qəbiristanlıqlarında müsəlmanların da dəfn olunmasına icazə vermirlər? Hökumətin buna izni yoxdursa, deməli, nəsə bir problem var”.
Digər bir sakin – xanım Kavabe isə həmvətənlərini narahat edən məsələnin məhz su probleminin olmasına şübhə edir. O deyir ki, qəbirlərin təhlükəsizliyini təsdiqləyən elmi sübutlar nəzərə alınmır. Müsəlman qəbiristanlığının salınması fikrini müsbət qarşıladığına görə Kavabeyə edilən hiddətli zənglərin, gələn məktubların ardı-arası kəsilmir. “Onlar mənə “Sən yaponsan, niyə müsəlmanların tərəfini saxlayırsan?!” deyirlər”.
Kavabe köks ötürərək əlavə edir ki, yerli camaat müsəlman ziyarətçi axınına və yaxın vaxtlarda açılacaq islam məktəbinə görə çox narahatdır.
Abbas Xan Yaponiya kimi yaşamalı bir ölkə üçün bunu ayıb sayır: “Müsəlman miqrantlar Yaponiyada hökm sürən əmin-amanlığı, funksionallığı, yaponların təmizkarlığını yüksək qiymətləndirirlər”.
Tokioda bir qrup indoneziyalı balıqçıdan Yaponiyadakı yaşayış haqqında soruşduqda yapon dilində “anzen, anzen” deyə cavab veriblər. “Anzen” sözü tərcümədə “təhlükəsizlik, əmin-amanlıq” deməkdir.
Yaponiyada təhsil alan özbək tələbə Ben Madaliyev yaponların olduqca mehriban olduğunu söyləyir. Yarım gün çalışan özbəyin iş yoldaşları onun gündə beş dəfə namaz qılmasına hörmətlə yanaşırlar, hətta namazı gecikdirəndə ona vaxtı xatırladırlar.
Tokioda yaşayan Əli adlı digər bir özbək tələbə deyir: “İslamla bağlı mənfi stereotiplərin çoxluğu yaponların əksəriyyətinin bu din haqqında az məlumatlı olmasından irəli gəlir. Bu baxımdan onlar açıq fikirlidirlər. Hər bir halda Yaponiyada yaşamaq Qərbdə yaşamaqdan daha yaxşıdır”.
Bununla belə inteqrasiyada irəliləyişlər var. Abbas Xanın sözlərinə görə, Fukuoka şəhərindəki hava limanında namaz üçün otaq ayrılıb. Halal məhsul dükanları və restoranların sayı çox az olsa da, əsasən Cənubi Asiyadan və Cənub-Şərqi Asiyadan Yaponiyaya gələn müsəlman turistlər üçün yeni obyektlər də açılmaq üzrədir.
Oitadakı prefektura səlahiyyətliləri yerli restoranlar üçün sertifikat sistemi yaratmaqdan ötrü Beppu Müsəlman Assosiasiyasından kömək istəyiblər. Bəzi istisu zonalarında müsəlmanlar üçün hətta çimərlik şortları da satılır.
2016-cı ildə Beppuda baş vermiş dəhşətli zəlzələ nəticəsində evsiz qalan yerli əhali üçün yemək bişirib paylayan Beppu müsəlman icması onların rəğbətini qazanıb. Yapon qonşuları ilə yaxşı münasibət qurmaq məqsədilə müsəlmanlar hər il bayramlar keçirib yaponları dəvət edirlər, hər həftə məsciddə onları pulsuz yeməyə qonaq edirlər.
“Biz inteqrasiyaya can atırıq. Biz Yaponiyanı öz vətənimiz kimi qəbul etmişik” deyə Beppu Müsəlman Assosiasiyasının rəhbəri Abbas Xan vurğulayır.
Mənbə: Economist.com