Qarabağ məsələsi cümhuriyyət parlamentində (1)
Solmaz Rüstəmova-Tohidi
Tarix elmləri doktoru
I hissə
1918-ci il noyabrın sonu, dekabrın əvvəllərində çox ekstremal şəraitdə yaradılan Azərbaycan parlamenti Milli Şuranın 19 noyabr 1918-ci ildə qəbul etdiyi “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun” əsasında birbaşa seçkilər deyil, kooptasiya üsulu ilə formalaşmışdı. Bununla belə, Zaqafqaziya Seyminin üzvləri mexaniki daxil edilməklə ölkənin bütün siyasi partiyaları, ictimai təşkilatları, bölgələri, azsaylı xalqları nümayəndələr göndərməklə parlamentdə təmsil olunmuşdular. Bölgələrdən olan “mə’buslar” – deputatlar yerlərdəki milli komitələrdə seçilmiş və tələb olunan sənədlər əsasında parlament iclaslarında bir-bir müzakirəyə çıxarılıb təsdiqlənmişdilər.
Azərbaycan parlamentinin 7 dekabr 1918-ci ildəki açılış iclasından sonrakı 10 və 15 dekabr iclasları əsasən bu təşkilati məsələlərə – vəkillərin təsdiq edilməsinə həsr olunmuşdu. Onların arasında Gəncə vilayəti daxilində Qarabağı təmsil edən nümayəndələr də var idi: Cəbrayıl qəzasından Bəhram bəy Vəzirov, Ağdam Milli Şurasının təqdimatı ilə Şuşa qəzasından Qara bəy Əliverdibəyov, Cavanşir qəzasından Cəmil bəy Ləmbəranski. Hər üç nümayəndə islam ideologiyası platformasında duran İttihad fraksiyasına daxil idi. Az sonra Behbud xan Cavanşir də (bitərəflər fraksiyası) Qarabağ bölgəsini təmsil edən deputatlar cərgəsinə qatılacaq.
Dekabrın 20-də Azərbaycan parlamenti özünün 4-cü, fövqəladə iclasını çağırır və müzakirəyə çıxardığı iki mühüm məsələdən biri Qarabağ və Zəngəzurda yaranmış vəziyyət olur. Digər məsələ – qonşu Ermənistan və Gürcüstan arasında elan edilməmiş müharibənin başlanması onun azərbaycanlılar yaşayan Borçalı mahalı ərazilərində getməsi vurğulanmaqla gündəmə gətirilir. Lakin iclasın stenoqramında ikinci müzakirənin cəmi 5, Qarabağa dair müzakirələrin isə 15 səhifə (çap nəşrində) tutduğu nəzərə alınsa, Qarabağ məsələsinin gündəliyin əsas məsələsi olduğu aydındır. Həsən bəy Ağayevin sədrliyi və Əhməd bəy Cövdət Pepinovun katibliyi ilə baş tutan bu iclasda müzakirələrin olduqca ətraflı, həm də qızğın və gərgin şəraitdə keçdiyi onun stenoqramlarından görünür.
Məlum olur ki, birinci məsələ Şuşadan olan deputat Qara bəy Əliverdibəyovun və parlamentin sosialistlər fraksiyasının sorğusu əsasında müzakirəyə çıxarılıb və söhbət general Andranikin başçılığı altında erməni silahlılarının cümhuriyyətin hüdudlarını keçib Zəngəzur, Şuşa və Cəbrayıl qəzalarında Azərbaycan kəndlərini dağıtması, əhalini qismən qətlə yetirib qalanlarını öz yurdlarından qovmasından gedir. Sosialistlər fraksiyasının nümayəndəsi Əhməd Cövdət “Bu məsələ hökumətə məlumdurmu və hansı tədbirlər görülüb” sorğusunu səsləndirdikdən və təcili olaraq müzakirəsini tələb etdikdən sonra sədr əvvəlcə həmin məsələnin təcili müzakirə olunması tələbini səsə qoyur. Həmin fraksiyadan Məhəmməd Məhərrəmovun Qarabağda vəziyyətin həqiqətən təcili müzakirəyə ehtiyacı olduğu haqda məlumat xarakterli kiçik çıxışı ilə yekdilliklə qəbul edilən qərardan sonra ikinci təklif – əvvəlcə hökumətin bu xüsusda hansı tədbirlər gördüyü haqda izahat verməsi məqbul sayılır.
Hökumət başçısı Fətəli xan Xoyski başda olmaqla nazirlər (2-ci tərkib) parlament zalında öz yerlərini tuturlar. Fətəli xan Xoyskinin dərhal kürsüyə çıxması onun əvvəldən, məhz hesabat vermək üçün parlamentin iclasına çağırıldığını göstərir. Çox geniş və əhatəli məruzədən məlum olur ki, bu məsələ heç də yeni deyil, Osmanlı təbəəsi Andranik hələ iyul ayında öz çete dəstələri ilə İrəvan quberniyasından Gəncə quberniyasının hüdudlarını keçib, Zəngəzurda vəhşiliklər törədərək bu məntəqəni müsəlman əhalisindən boşaltmağa cəhd edib, sonra Şuşa qəzasında Əsgəran yolunu bağlayıb və Şuşa əhalisini saysız fəlakətlərə düçar edib. O zaman hələ Gəncədə işləyən Azərbaycan hökuməti Ermənistan hökumətinə etdiyi sorğularına – Andranikin bu işləri kimin təşəbbüsü ilə gördüyü, onun qoşunlarının kimə tabe olduğu və s. haqda suallarına “Andranikin erməni hökuməti ilə heç bir əlaqəsi olmadığı, onun bir “asi” olaraq öz təşəbbüsü ilə hərəkət etdiyi və hökumətin özünün də onun rədd edilməsini və üsyanın yatırılmasını istədiyi” kimi cavablar alıb. Həmin dövr Azərbaycanın azsaylı hərbi qüvvələri Bakının azad edilməsi uğrunda döyüşlərə cəlb edildiyindən Gəncədəki hökumət yerli dinc erməni əhalisinin də arzusunu nəzərə alaraq iki dəfə erməni və müsəlman heyətlərini Andraniklə danışıqlara yollamaqdan başqa bir tədbir görə bilməyib və təbii ki, bunun da bir nəticəsi olmayıb.
Lakin Bakı azad edildikdən və paytaxta köçdükdən dərhal sonra “Andranik məsələsinə xitam verməyi özünə borc bilən” hökumət bölgəyə qoşun yeridib, erməni silahlıları əvvəlcə Əsgərandan çıxarılıb, Şuşa-Yevlax yolu açılıb, daha sonra silahlılar Şuşa qəzasından tamam və Zəngəzur mahalının çox yerlərindən qovulublar. Bu zaman dinc əhali itkisinə yol verilməyib.
“Andranik qaçdı” – burada Fətəli xan sanki pauza götürür və “demək istəmədiyi” bəzi səbəblərə görə “artıq yürüşü davam etdirə bilməzdik” vurğulayır və “bu, oktyabr ayında idi” deyə əməliyyat vaxtını dəqiqləşdirir.
Lakin bu sakitlik uzun çəkmir. Türk ordusu Azərbaycanı tərk etdikdən sonra Gorusda bir müddət “fəaliyyətsiz” oturan Andranık noyabrın sonlarında yenidən Zəngəzurda geniş əməliyyatlara başlayır.
İclasın stenoqramından mə’busların hökumət başçısını çox diqqətlə dinlədikləri aydın olur. Zəngəzur mahalından baş verən fəlakətlər, yandırılan kəndlər, əhaliyə dəymiş zərərlər və xəsarətlər haqda teleqramlar aldığını, yaranmış vəziyyət barədə qəzetlər vasitəsilə xalqı xəbərdar etdiyini bildirən Fətəli xan “Şübhəsiz ki, hökumət bu işlərə laqeyd qala bilməzdi” deyir.
Parlament iclasının keçirildiyi tarixə diqqət yetirək: 20 dekabr 1918-ci il. Hökumət cəmi 3 aydır paytaxt Bakıda işə başlayıb və artıq bir aydır general Tomsonun ingilis komandanlığı Azərbaycanda və ümumən Qafqazda hökm-fərmadır. Onunla iş birliyi qurulub, bunun nəticəsi olaraq parlament açılıb, lakin Xoyski hökuməti Azərbaycanda yeganə qanuni hakimiyyət orqanı kimi hələ bir həftədən sonra tanınacaq. Həm də ingilis komandanlığı Bakıya ayaq basan kimi yaranmaqda olan Azərbaycan Ordusunu paytaxtdan çıxarıb. Belə bir şəraitdə imkanları xeyli məhdud olan hökumət başçısı “Biz öz tərəfimizdən lazım və mümkün qədər çalışıb tədbirlər gördük” deyə bölgələrdə olan azsaylı əsgəri qüvvələrin Andranikin müqabilinə göndərilməsi barədə teleqraflar verdiyini, yerlərdən aldığı teleqramları üstünə öz adından bir məktub da əlavə etməklə Tomsona təqdim etdiyini bildirir. Bu məktubunda yəqin ki, Fətəli xan Tomsonun şəxsən onun özünə bildirdiyi və qəzetlərdə yayınladığı sözləri – “müttəfiqlərin məqsədinin Qafqazda sülh və əmin-amanlıq bərqərar etmək” olduğunu xatırladır. Yalnız xatırladır! Çünki Fətəli xan xüsusi vurğulayır ki, məktubu Tomsona ancaq “xəbərdarlıq” kimi yazıb, “daha yazmamışdım ki, təvəqqe edirəm, bizə kömək edin”!
Lakin ingilis general, görünür ki, parlamentin açılışı ərəfəsində məntiqi, iradəsi və ləyaqəti ilə onu öz qərarlarını dəyişməyə sövq etmiş Fətəli xan Xoyskinin “məlumat” xarakterli məktubunun və Zəngəzur əhlindən gələn teleqramların mənasını yaxşı anlayır. Və dərhal tədbirlər görməyi də “özü lazım bilir”. Fətəli xanın geniş izahından məlum olur ki, Tomson bir çox ünvana müvafiq məzmunlu teleqramlar vurmaqla bərabər vəziyyəti yerində öyrənmək və öz tələblərini təqdim etmək üçün ingilis, erməni və müsəlmanlardan ibarət xüsusi nümayəndə heyətini Şuşa və Zəngəzura göndərib, ingilis nümayəndəsi Zabux deyilən məntəqədə Andraniklə görüşərək ingilis komandanlığının məktubunu şəxsən ona təqdim edib. Bu məktubda bölgədə asayiş bərpa edilməzsə, məsuliyyətin Andranikin üzərinə düşəcəyi açıq bəyan olunub. Tomson həmçinin bölgənin erməni əhalisinə də eyni məzmunlu teleqramlar göndərib, onları öz yerlərində sakit oturmağa, hücum və təcavüzdən çəkinməyə çağırıb, əks halda məsuliyyətin tamamən onların üzərinə düşəcəyini bildirib. Bu məzmunlu məktublarla nümayəndə heyətləri Tərtərə, ermənilər yaşayan digər bölgələrə də ezam edilib.
Həmin məktubları parlamentdə oxuyan Fətəli xan Xoyski bildirir ki, bundan sonra bölgələrdə həqiqətən görünməmiş sakitlik yaranıb, insanlar rahatlanıb və müsəlmanlar hətta öz səngərlərindən çıxıb gediblər. Lakin indi Andranik yenidən baş qaldırıb, ermənilər hücuma keçiblər.
Fətəli xan bu dəfə də hökumətin ixtiyarlarında olan azsaylı qoşun hissələrini bölgəyə göndərməklə bərabər Tomsona daha ciddi tədbirlər görməyi təklif edib. Tomson da bu dəfə Qarabağa artıq hərbi qüvvə ilə möhkəmləndirilmiş 2 zirehli avtomobil, 15 ingilis əsgəri və zabiti, eləcə də Azərbaycan hökumətinin nümayəndəsi Cəfər Rüstəmbəyovdan ibarət yeni heyət göndərib. Bu heyət hələ səfərdən qayıtmayıb.
Lakin Fətəli xan Xoyski sözünü burada bitirmir və “Кавказское слово” qəzetində Tomsonun Andranika göndərdiyi məktubun təhrif edilərək çap olunması nəticəsində yayılmış və azərbaycanlı əhali arasında narahatlıq doğurmuş şayiələrə münasibət bildirməyi zəruri sayır. Qəzetin yazdığına görə, bu məktubda guya Tomson Qarabağın ixtiyarını və idarəsini Andranikə tapşırıb. Belə bir işin olacağı təqdirdə onu “Azərbaycanın hüquqlarına təcavüz” kimi qiymətləndirən hökumət başçısı məsələni şəxsən və hərtərəfli araşdırdığını, şayiələrin həqiqətə uyğun olmadığını və yanlış məktuba həmin qəzet vasitəsilə etiraz ediləcəyini deyir.
Görülən işlər barədə bu ətraflı hesabatından sonra Fətəli xan parlament üzvləri ilə öz şəxsi fikirlərini bölüşməyə başlayır. Məlum olur ki, o, nümayəndə heyətləri göndərilməsi ilə mövcud problemin həll ediləcəyinə inanmır. “Qafqaz əhalisi bu tövr heyətləri çox görüb” deyə sübut kimi 2-ci heyət Şuşadan çıxan kimi vəziyyətin yenə də gərginləşdiyinə dair aldığı teleqramların bir neçəsini oxuyur. Onların arasında Andranik dəstəsinin yaraladığı yerli erməni kəndlisinin şəhadətləri üzərində ayrıca dayanır, erməni əhalisinin güclə bu dəstələrə cəlb edildiyi, vuruşmaq istəməyənlərin ağır cəzalandırıldığı, hətta etiraz edən qocaların həbs edildiyi kimi faktları nəzərə çatdırır. Beləliklə, bu cür heyətlər göndərməklə işlərin düzəlməyəcəyi, ermənilərin öz hərəkatlarında davam edəcəyi, bu hərəkatların arxasında Zəngəzur və Şuşa qəzalarını Azərbaycandan ayırıb Ermənistana birləşdirmək kimi niyyətlər durduğu kimi açıqlamalardan sonra hökumət başçısı “odur ki, ingilislərlə birlikdə lazım olan tədbirlər görülsə də, bunlardan savayı indi öhdəmizdə öz vəzifəmiz var” qənaətini bölüşür. Bu vəzifə kimi isə ilk növbədə “əsgəri qüvvələrimizin silah gücünə hərəkət etməsi əmri” göstərilir. Öz siyasətində, xüsusilə qonşu dövlətlərlə sərhəd münaqişələrinin həllində daim sülh yoluna üstünlük verdiyini vurğulan Fətəli xan açıq bəyan edir ki, “Azərbaycan hökuməti istər keçmişdə, istər indi ixtilaflı məsələləri silah gücü ilə həll etmək arzusunda olmayıb. Hərgah belə bir məsələnin həlli üçün silaha sarılmaq lazım gəlmişsə, bizi buna məcbur ediblər”.
Bu fikirlər Azərbaycan hökumətinin parlament qarşısında Qarabağ məsələsinə dair hesabatının əsas xətti sayıla bilər.
İclasın stenoqramından göründüyü kimi, Fətəli xan Xoyskinin çıxışı yalnız “mərkəzdən və sağdan” alqışlarla qarşılanır, yəni heç də birmənalı qəbul edilmir. Bu münasibət müzakirələr zamanı edilən çıxışlarda aydın büruzə verilir.
(Ardı var)
Qarabağ məsələsi cümhuriyyət parlamentində (2)
Qarabağ məsələsi cümhuriyyət parlamentində (3)
Qarabağ məsələsi cümhuriyyət parlamentində (4)
Qarabağ məsələsi cümhuriyyət parlamentində (5)