ABŞ-ın “Nyu-York Tayms” qəzeti koronavirus infeksiyasına qarşı peyvənd olunmuş bəzi insanlarda test nəticəsinin pozitiv çıxması məsələsi ilə bağlı arayış dərc edib.
Novator.az-ın məlumatına görə, qəzet yazır ki, ABŞ-da vaksinasiya ilə bağlı yayılan hesabatlar bir çox adamın təəccübünə səbəb olur. Çünki bəziləri vaksinin birinci, hətta ikinci dozasını qəbul etsələr də, onların koronavirus testləri müsbət çıxıb.
Peyvənd olunan, amma test nəticəsi pozitiv çıxan şəxslər arasında ABŞ Konqresinin üç üzvü də var: Adriano Espaylat, Stiven Linç və Lori Trahan.
Massaçusets şatatından olan məşhur basketbol məşqçisi Pik Pitinoda və kaliforniyalı bir tibb bacısında da peyvənddən sonra test nəticəsi pozitiv çıxıb.
“Nyu-York Tayms” yazır ki, əslində ekspertlər belə halların təəccüblü olmadığını deyirlər: “Onlar bildirirlər ki, bu, peyvəndin keyfiyyətsizliyi və ya onun düzgün vurulmadığı anlamına gəlmir. Mütəxəssislər qeyd edirlər ki, vaksin vurulan kimi təsir göstərmir. Dozanı qəbul etdikdən sonra immunitetin yaranması üçün bir neçə həftə keçməlidir.
Eyni zamanda peyvənd orqanizmin vaksinə qədərki vəziyyətinə təsir etmir. Ola bilsin, pasiyent peyvənd olunana qədər koronavurusa yoluxub, amma bundan xəbərsiz qalıb. Vaksin vurulana qədər test cavabının mənfi çıxması hələ o demək deyil ki, orqanizmə infeksiya düşməyib. Ola bilər, virus artıq orqanizmə düşüb, amma peyvənd vurulandan sonrakı anlarda yayılmağa başlayıb”.
“Nyu-York Tayms” yazır ki, peyvənddən sonra pasiyentin orqanizmi koronavirus xəstəliyindən müdafiə olunur: “Peyvənd insanı koronavirusa görə xəstələnməkdən, ağırlaşmaqdan və ölməkdən qoruyur. Peyvəndin insanı gələcəkdə infeksiyaya yoluxmaqdan və ya infeksiyanı yaymaqdan da qoruyub-qorumaması – bu artıq başqa məsələdir. Peyvəndlərdən birinin – “Oxford/AstraZeneca”nın bunu da bacardığı haqda ilkin nəticələr var, ancaq hələ məsələ tam dəqiqləşməyib. Məhz buna görə də peyvəndlənmiş insanlar maska taxmağa və sosial məsafə saxlamağa davam etməlidirlər”.
Qəzet sonda bildirir: “Unutmayın ki, hətta ən yaxşı peyvənd də ideal deyil. ABŞ-da tətbiq edilən “Pfizer-BioNTech” və “Moderna” vaksinlərinin effekti çox yüksək səviyyədədir, ancaq hər halda yüz faiz deyil”.
Mənbə: Nytimes.com