Zibilin çaya faydası varmış – Britaniyada araşdırma
- 02 Fevral 2021
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetXəbər
Böyük Britaniyada bir qrup alimin apardığı araşdırma tullantıların çaylara fayda verdiyini üzə çıxarıb.
Novator.az-ın məlumatına görə, bununla bağlı Britaniyanın “Daily Mail” qəzetində yazı dərc olunub.
Yazıda deyilir: “Yeniyetmə çağlarımızdan bizə öyrədiblər ki, tullantı zibil vedrəsinə atılmalıdır. Böyük Britaniyada isə hər gün zibil qutularından kənara iki milyon adda tullantı atılır və bu zibillərin əksəri çaylara tökülür. Aparılan son araşdırmalar göstərib ki, çay hövzələrində yaşayan canlı orqanizmlər artıq bizim atdığımız zibillərə adaptasiya olunaraq tullantılarla qidalanmağa başlayıb. İndi məlum olur ki, növ-növ həşəratlar daşlardan çox zibilliklərdə yaşamağa üstünlük verir”.
Məqalədə bunun ətraf mühiti çirkləndirməyə bəraət vermədiyi vurğulanır, sadəcə elmi tədqiqatın real nəticələrindən bəhs edildiyi qeyd olunur: “Sözsüz ki, tədqiqatçılar britaniyalıların hara gəldi zibil dağıtmalarını istəmirlər, onlar sadəcə apardıqları elmi araşdırmanın nəticələrini açıqlayırlar. Həmin nəticələrə inansaq, atılan zibillər onurğasızlar qrupundan olan canlıların stabil yaşam tərzini təmin edir.
Nottingem Universitetinin alimləri üç çaydan – Lin, Blek-Bruk və Seffron-Brukdan nümunələr toplayıblar. Mütəxəssislər tədqiqat zamanı aydınlaşdırıblar ki, çaylarda tullantılarla yaşayan, zibillərlə qidalanan canlıların sayı daşlarda yaşayanlarla müqayisədə daha çox və zəngindir. Bu fərq əsasən plastik, metal, parça və kərpic materiallarda gözə çarpır, şüşə və daşlarda isə nisbətən az canlılar yaşayıb qidalanır. Materiallar arasında yumşaq plastik və polietilen paketlər xüsusilə seçilir. Aydın olur ki, yumşaq plastik və polietilen paketlər canlı orqanizmlərin sığındığı, istifadə etdiyi əsas tullantılardır”.
Məqalədə alimlərin bütün bunların səbəbini hələ tam izah edə bilmədiyi vurğulanır.
Tədqiqata başçılıq etmiş Heyzel Uilson deyib: “Bizim apaşdırmamız göstərdi ki, zibilliklər çaylara ciddi zərər vermir, əksinə, canlı orqanizmləri təmin edir. Onurğasızların fərqli yaşam mühiti, onların birgə fəaliyyəti çirkli çayların belə ekosistemini dəstəkləyir, çünki bu, balıqların, quşların, eləcə də digər canlıların qida ilə təmin ediləcəyi bir çevrəni ərsəyə gətirir”.
Bir daha bu tədqiqatın zibilliklərə haqq qazandırmadığını yazan “Daily Mail” qəzeti alimlərin məişət tullantılarından, çaylara axıdılan zibillərdən qurtulmağın yollarını aradığını da qeyd edir və Heyzel Uilsonun bu fikirlərini diqqətə çatdırır: “Şübhəsiz ki, sulara axıdılan zibillərin qarşısını almaq, tullantıların miqdarını azatmaq üçün mübarizə aparmalıyıq. Məhz belə tullantılar səbəbindən suyun tərkibində toksik kimyəvi maddələrin çoxalması təhlükəsi yaranır. Bu çirklənmə həm də zibilliklərdə qidalanan canlı orqanizmlərə zərər verir. Eyni zamanda əldə etdiyimiz nəticələr belə bir ehtimal yaradır ki, biz tullantıların təmizlənməsini həyata keçirərəkən bəzi canlıları, ağac və bitkiləri məhv edə bilərik. Ona görə həyata keçirilən kompleks tədbirlər zamanı ehtiyatla davranmalıyıq, yoxsa zibillərlə bərabər bir çox canlını da itirməli olarıq”.
Alimlər komandası araşdırmaları davam etdirəcək. “Daily Mail” yazır ki, tədqiqatçılar yeni nəticələr əldə etməkdən ötrü çaylarda canlı aləmin qidalandığı zibillərin özəlliklərini araşdırmağa çalışacaqlar. Bu araşdırmalar imkan verəcək ki, tullantı ərazilərində təmizləmə işləri aparanda yeni metodlar tətbiq olunsun və zibillə qidalanan canlılara alternativ, təhlükəsiz yem mənbələri tapılsın.
Mənbə: Dailymail.co.uk