Şuşada məktəb tikintisi: prezidentlə müzakirə aparılıb
Fevralın 2-də prezident İlham Əliyev Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədr müavini, Böyük Millət Məclisinin Ankaradan deputatı Mövlud Karakayanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Mövlud Karakaya partiya sədri Dövlət Baxçalının salamlarını çatdırıb, dövlət başçısını Vətən müharibəsində qazanılan Zəfər münasibətilə təbrik edib.
İlham Əliyev Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi, mənəvi və diplomatik dəstəyi xatırladıb, hakim Ədalət və İnkişaf Partiyasının müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının açıqlamalarının da siyasi, mənəvi önəm kəsb etdiyini deyib.
Mövlud Karakaya Azərbaycanın işğaldan azad edilən torpaqlarında mədəniyyət və incəsənət təmayüllü məktəbin tikintisi ilə bağlı təşəbbüs barədə məlumat verib, Azərbaycanın təhsil naziri və digər rəsmi şəxslərlə müzakirə apardığını bildirib.
İlham Əliyev təşəbbüsə görə təşəkkürünü bildirib, azad edilmiş torpaqlarda aparılan bərpa və şəhərsalma işləri çərçivəsində bu təşəbbüsün nəzərə alınacağını deyib.
Novator.az bildirir ki, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı məktəbin Şuşada tikilməsini istəyir.
600 yerlik Türkiyə parlamentində 47 nəfərlə təmsil olunan Milliyyətçi Hərəkat Partiyası 1969-cu ildə yaradılıb.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox qəsəbə və kəndi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Noyabrın 8-də azad olunan Şuşa şəhəri 1750-ci ildən Qarabağ xanlığının paytaxtı, 1822-ci ildən Qarabağ əyalətinin (daha sonra Şuşa qəzasının) baş şəhəri, 1923-cü ildən Azərbaycanın Dağlıq Qarabağ vilayətində rayon mərkəzi olub. 1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib və 28 il 6 ay işğalda saxlayıb.