Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu ABŞ prezidenti Cozef Baydenə müraciət edib. Novator.az-ın məlumatına görə, Konqresin hər iki palatasının (Senat və Nümayəndələr Palatası) rəhbərlərinə, dövlət katibinə də göndərilən müraciətdə qeyd olunur ki, 1992-ci ildə ABŞ Konqresi erməni lobbisinin təşəbbüsü ilə Azadlığa Dəstək Aktına 907-ci düzəliş qəbul edib, bununla da Amerikanın Azərbaycana birbaşa dövlət yardımı 2002-ci ilədək yasaqlanıb: “2001-ci ilin 11 sentyabr hadisələrindən sonra ABŞ Konqresi Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. O vaxtdan ABŞ prezidentləri hər il 907-ci düzəlişin təxirə salınması qərarı imzalayırlar.
907-ci düzəlişin “a” bəndində göstərilir ki, ABŞ prezidenti Azərbaycan hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımların atdığını müəyyən etsə və bu haqda Konqresə məruzə etsə, Azərbaycan hökumətinə bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım qadağası aradan qaldırıla bilər. Düzəlişə görə, prezident qadağanın tətbiq edilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığı qərarına gəlsə və bu haqda Konqresə təqdimat versə, “a” bəndində göstərilən qadağa tətbiq edilməməlidir.
Hörmətli cənab prezident, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı 9 noyabr 2020-ci il bəyanatı ilə Cənubi Qafqaz regionunda bütün kommunikasiya və nəqliyyat xətlərinin açılması razılaşdırılıb. 11 yanvar 2021-ci ildə həmin razılaşmanın icrası üçün Azərbaycan, Ermənistan və Rusiya hökumət başçılarının müavinlərindən ibarət işçi qrup yaradılıb. İşçi qrupun ilk iclası 30 yanvar 2021-ci ildə keçirilib, tərəflər kommunikasiyaların açılması, nəqliyyat əlaqələrinin bərpasına dair fəaliyyət planlarının işlənməsinə start verib. Bu fəaliyyət planının martın 1-dək qəbul olunması nəzərdə tutulub. Bununla da Cənubi Qafqazda bütün nəqliyyat və kommunikasiya xətləri region ölkələrinin məhdudiyyətsiz istifadəsinə veriləcək. Belə olan halda Azadlığa Dəstək Aktına 907-ci düzəliş əhəmiyyətini itirir. Odur ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatı adından sizə müraciət edir, bölgədə yeni yaranmış situasiyanı əsas götürməklə, eləcə də Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığın inkişafı naminə 907-ci düzəlişin ləğvi üçün ən qısa müddətdə Konqresə təqdimat verməyinizi xahiş edirik. Əminik ki, sizin bu təşəbbüsünüz xalqlarımız arasında dostluq və mehribanlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək və Azərbaycanın işğaldan azad edilmiş rayonlarında bərpa və yenidənqurma işlərinin aparılmasına ABŞ-ın dövlət mənşəli sərmayələrinin cəlb edilməsi üçün hüquqi əsas yaradacaq”.
1971-ci il təvəllüdlü iqtisadçı alim Qubad İbadoğlu uzun illər Müsavat Partiyasının öncül şəxslərindən olub. ADR Hərəkatını 2015-ci ildə yaradıb.
Qubad İbadoğlu ABŞ-ın Ratqers Universitetinin professorudur.