“Rusiya sosial gərginliklərin yeni dövrünə qədəm qoyur. Bu vəziyyət repressiv tədbirlərin də artması ilə müşayiət olunur”. Ukraynanın ingilis dilində çıxan “Kiyev Post” (“Kyiv Post”) həftəliyində dərc edilmiş məqalədə belə deyilir.
Novator.az-ın məlumatına görə, yazıda bildirilir ki, hələlik etirazların mümkün nəticələrindən danışmaq tezdir: “Bununla belə artıq aydındır ki, Navalnı Putin əleyhinə mesajları ilə təkcə Rusiyanın Moskva və Sankt-Peterburq kimi siyasi cəhətdən fəal mərkəzlərini deyil, uzaq bölgələri də tərpədib”.
Yazıda vurğulanır ki, Aleksey Navalnı Rusiyada müxalifətin mübahisəsiz lideri kimi statusunu möhkəmlədib: “Onun Rusiyaya dramatik qayıdışı və hava limanında həbs olunması, sonra isə Putinin gizli sarayını aşkara çıxardığını iddia etdiyi sensasion videosu Rusiya cəmiyyətinin həyatına işıq salıb.
İndi Rusiyada başqa heç bir müxalif fiqur ictimaiyyəti belə cəlb edə bilməz. Onlar Navalnının yeni texnologiyalarla işləmək qabiliyyəti ilə də yarışa girə bilməzlər. Navalnının “Putin üçün saray. Ən iri rüşvətin tarixçəsi” adlı videosuna “Yotube” kanalında baxış sayı 100 milyonu ötüb”.
Məqalədə qeyd olunur ki, etiraz aksiyalarını hələ ictimai dəstəyin qəti şəkildə Rusiya müxalifətinin xeyrinə dəyişməsi kimi qiymətləndirmək mümkün deyil: “Bununla belə ölkə boyu şəhər və qəsəbələrdəki toplaşmalar son 10 ildə, hətta bəlkə sovet dövründən sonrakı bütün illərdə Rusiya cəmiyyətindəki ən böyük səfərbərlikdən xəbər verir.
Əvvəllər icazəli və icazəsiz mitinqlər arasında kəskin fərq var idi. Bir qayda olaraq həbsdən və digər mənfi nəticələrdən ehtiyatlandığı üçün icazəsiz mitinqlərə daha az adam çıxırdı. İndi isə Rusiyanın regionlarında insanlar icazəsiz mitinqlərə görünməmiş miqyasda qoşulurlar. Bu, Kremlin növbəti etirazlara nəzarət etmək imkanını ciddi şəkildə zəiflədir”.
Yanvarın 23-də və 31-də Rusiyanın iri şəhərlərində və bir çox regionunda müxalif siyasətçi Aleksey Navalanının azadlığa buraxılması tələbi ilə aksiyalar keçirilib.
Hökumətin sanksiyalaşdırmadığı aksiyaları dağıtmaq üçün polis qüvvələri zor tətbiq edib, xeyli etirazçı tutulub.
Aleksey Navalnı yanvarın 17-də Almaniyadan qayıdarkən Moskvada tutulub, səhərisi gün məhkəmə qərarı ilə onun barəsində 30 sutka həbs qətimkan tədbiri seçilib.
2020-ci ilin avqustunda Rusiyanın Tomsk şəhərində zəhərlənən Navalnı bir ay Almaniyanın paytaxtı Berlinin “Şarite” klinikasında müalicə alıb.
Müxalif siyasətçinin sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini başa vurandan bir müddət sonra Navalnı bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzası qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib.
Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib.
Hazırda Aleksey Navalnı Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir.
2021-ci il yanvarın 17-də vətənə dönərkən Şeremetyevo aeroportunda tutulan, yanvarın 18-də Ximki Şəhər Məhkəməsinin qərarına əsasən şərti həbs cəzası qaydalarını pozmaq ittihamı ilə barəsində 30 sutka həbs qətimkan tədbiri seçilən Aleksey Navalnı paytaxt Moskvanın “Matrosskaya tişina” istintaq təcridxanasında saxlanır.
Həbs qərarından bir gün sonra internetdə Aleksey Navalnının Rusiyanın Qara dəniz sahilində yerləşən dəbdəbəli malikanə haqda araşdırması yayılıb. “Putin üçün saray. Ən iri rüşvətin tarixçəsi” başlığı altında təqdim olunan araşdırmada malikanənin Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilib.
Araşdırmanı Navalnının həmkarları yayıblar. Onlar Rusiya vətəndaşlarını Navalnının həbsinə biganə yanaşmamağa, etiraz aksiyaları keçirməyə səsləyiblər.
Tutulduğu gün Navalnı özü də rusiyalıları despot rejimi qarşısında susmayıb etirazlara qalxmağa səsləyib.
Mənbə: Kyivpost.com