Yanvarın 31-də Rusiyanın bir çox regionunda və iri şəhərlərində, o cümlədən paytaxt Moskvada müxalif siyasətçi Aleksey Navalanının azadlığa buraxılması tələbi ilə aksiyalar keçirilib.
Hökumətin sanksiyalaşdırmadığı aksiyaları dağıtmaq üçün polis qüvvələri zor tətbiq edib.
“Associated Press” agentliyinin məlumatına görə, ümumilikdə 5000-dən çox etirazçı tutulub.
Aleksey Navalanının azadlığa buraxılması tələbi ilə kütləvi aksiyalar Rusiyada yanvarın 23-dən start götürüb. Həmin gün keçirilən mitinqlər də dağıdılmış, 350-dən çox etirazçı saxlanmışdı.
Aleksey Navalnı yanvarın 17-də Almaniyadan qayıdarkən Moskvada tutulub, səhərisi gün məhkəmə qərarı ilə onun barəsində 30 sutka həbs qətimkan tədbiri seçilib.
2020-ci ilin avqustunda Rusiyanın Tomsk şəhərində zəhərlənən Navalnı bir ay Almaniyanın paytaxtı Berlinin “Şarite” klinikasında müalicə alıb.
Müxalif siyasətçinin sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini başa vurandan bir müddət sonra Navalnı bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzası qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib.
Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib.
Hazırda Aleksey Navalnı Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir.
2021-ci il yanvarın 17-də vətənə dönərkən Şeremetyevo aeroportunda tutulan, yanvarın 18-də Ximki Şəhər Məhkəməsinin qərarına əsasən şərti həbs cəzası qaydalarını pozmaq ittihamı ilə barəsində 30 sutka həbs qətimkan tədbiri seçilən Aleksey Navalnı paytaxt Moskvanın “Matrosskaya tişina” istintaq təcridxanasında saxlanır.
Həbs qərarından bir gün sonra internetdə Aleksey Navalnının Rusiyanın Qara dəniz sahilində yerləşən dəbdəbəli malikanə haqda araşdırması yayılıb. “Putin üçün saray. Ən iri rüşvətin tarixçəsi” başlığı altında təqdim olunan araşdırmada malikanənin Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilib.
Araşdırmanı Navalnının həmkarları yayıblar. Onlar Rusiya vətəndaşlarını Navalnının həbsinə biganə yanaşmamağa, etiraz aksiyaları keçirməyə səsləyiblər.
Tutulduğu gün Navalnı özü də rusiyalıları despot rejimi qarşısında susmayıb etirazlara qalxmağa səsləyib.