2020-ci ilin Vətən müharibəsində şəhid olmuş bir qrup hərbi qulluqçu Bakının Qaradağ rayonunda dəfn edilib. Bu yaxınlarda həmin ərazini yeraltı sular basıb. Şəhid hərbçilərin yaxınları məzarların uyğun yerə köçürülməsi tələbi ilə aksiyalar keçirirlər.
Novator.az-ın məlumatına görə, məsələyə siyasətçilər də münasibət bildirib. AXCP sədri Əli Kərimli yazır ki, şəhidlərin valideynlərinin çox sadə tələbi var: “Onlar şəhərdən çox uzaqda və baxımsız, bataqlıq bir yerdə dəfn olunmuş övladlarının məzarlarının yaxın, uyğun bir yerə köçürülməsini istəyirlər.
Bu igid gənclər məhz torpaq üçün canlarını qurban veriblər, altı da, üstü də sərvət olan minlərlə kvadrat kilometrlik torpağı azad ediblər. Onların canı, qanı bahasına əldə olunmuş hərbi zəfərdən öz reytinqlərini artırmaq üçün maksimum sui-istifadə edənlər həmin igidlərə rahat uyumaq üçün iki kvadratmetr torpağı çox görürlər. Şəhid valideynlərinin harayını da eşitmək belə istəmirlər.
Toplum olaraq bizim də şəhid ailələri qarşısında məsuliyyətimiz var. Bu haqsızlıq qarşısında onları tək qoymamalıyıq. Onların haqlı tələblərini müdafiə etməliyik. Hakimiyyət görüb bilməlidir ki, bu xalq qəhrəman şəhidlərimizin ürəyidağlı valideynləri ilə hamılıqla həmrəydir”.
Müsavat Partiyasının başqanı Arif Hacılı da eyni mövqedədir: “Qarabağın min kvadrat kilometrlərlə ərazisini canları hesabına işğaldan azad edən şəhidlərimizin dəfni üçün bir qarış quru, çirkabdan uzaq vətən torpağı tapılmadımı? Bu özbaşınalığa dərhal son qoyulmalı, şəhidlərimiz məzarları layiq olduqları məkana köçürülməlidir!”
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox qəsəbə və kəndi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun bir neçə kəndi bölgədə atəşkəsi qorumağa məsul olan Rusiya Ordusu bölmələrinin nəzarətindədir.
Rəsmi hesabata görə, Vətən müharibəsində 2855 hərbi qulluqçu şəhid olub, 50 hərbçi itkin düşüb.