Yanvarın 22-də Regional Əməkdaşlıq üçün Qara Dəniz Təşkilatı-Marşall Fondunun dəstəyi ilə “Dövlət qurumlarında informasiya açıqlığı və informasiya əldə etmənin vəziyyəti” mövzusunda zoom-konfrans keçirilib.
Onlayn konfransda müxtəlif dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri, jurnalistlər, mütəxəssislər iştirak ediblər.
Tədbirdə dövlət qurumlarının informasiya resurslarının monitorinqinin nəticələri və məlumat əldə etmək hüququnun təminatının ölçülməsi məqsədilə informasiya sorğularına verilən reaksiyalar açıqlanıb.
Layihənin rəhbəti Ələsgər Məmmədli bir ilə yaxın müddətdə layihə çərçivəsində görülən işlərdən danışıb.
Dövlət qurumlarının informasiya resurslarının monitorinqinə məsul şəxs Nəsimi Məmmədli monitorinq olunan 170-dən artıq resurs üzrə statistik göstəriciləri təqdim edib və proseslə bağlı tövsiyələrini çatdırıb.
İnformasiya əldə etmənin ölçülməsi baxımından dövlət qrumlarına göndərilən sorğular və onların nəticələri barədə söz açan hüquqşünas Şəhla Hümbətova prosesin gedişinə təsir edən maneələrdən də bəhs edib.
Hesabatın təqdimatından sonra görüşdə iştirak edən dövlət qurumlarının nümayəndələri, habelə digər iştirakçılar geniş müzakirə aparıblar.
Tədbirdə professor Qulu Məhərrəmli, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı, Auditorlar Palatasının təmsilçisi Fəqan Carayev, “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin rəhbəri Mirəli Hüseynov, iqtisadçı Samir Əliyev, Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev, vətəndaş cəmiyyətinin tanınmış simaları İlham İsmayıl, İlqar Hüseynli və digərləri mövzu ətrafında maraqlı təkliflərlə çıxışlar ediblər. Yekunda tövsiyələr səsləndirilib.