Yanvarın 20-də Cozef Bayden paytaxt Vaşinqtonda təşkil edilən inauqurasiya mərasimində and içərək ABŞ prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb.
Cozef Bayden ABŞ-ın 46-cı prezidentidir.
Əvvəlki prezident Donald Tramp mərasimə qatılmayıb.
İnauqurasiya mərasimində Kamala Harris də and içərək ölkənin vitse-prezidenti kimi fəaliyyətə başlayıb. Kamala Harris ABŞ tarixində bu postu tutan ilk qadın, həm də ilk qaradərilidir.
1942-ci il təvəllüdlü Cozef Bayden Delaver Universitetini tarixçi və politoloq ixtisasları ilə bitirib, həmçinin Sirakus Universitetinin Hüquq Məktəbində təhsil alıb.
1972, 1978, 1984, 1990, 1996, 2002 və 2008-ci illərdə ABŞ Konqresinin yuxarı palatası olan Senatın üzvü seçilib. 1987-1995-ci illərdə Senatın Məhkəmə Komitəsinə, 2001-2003 və 2007-2009-cu illərdə Xarici Əlaqələr Komitəsinə sədrlik edib.
2009-2017-ci illərdə vitse-prezident postunu tutub.
Tarixi ənənəyə, 1951-ci ildən bəri isə həm də konstitusiya normasına görə, ABŞ-da eyni şəxs maksimum iki dəfə prezident olur. Yalnız Franklin Ruzvelt dövlət başçısı postuna iki dəfədən artıq (1932, 1936, 1940, 1944-cü illərdə) seçilib.
Novator.az bildirir ki, 1789-cu ildən bəri ABŞ prezidenti vəzifəsində bu şəxslər əyləşib:
Corc Vaşinqton: 1789-1797
Con Adams: 1797-1801
Tomas Cefferson: 1801-1809
Ceyms Medison: 1809-1817
Ceyms Monro: 1817-1825
Con Kuinsi Adams: 1825-1829
Endrü Cekson: 1829-1837
Martin Van Buren: 1837-1841
Uilyam Harrison: 1841
Con Tayler: 1841-1845
Ceyms Noks Polk: 1845-1849
Zakari Teylor: 1849-1850
Millard Fillmor: 1850-1853
Franklin Pirs: 1853-1857
Ceyms Bükenen: 1857-1861
Avraam Linkoln: 1861-1865
Endrü Conson: 1865-1869
Uliss Qrant: 1869-1877
Raterford Heys: 1877-1881
Ceyms Harfild: 1881
Çester Artur: 1881-1885
Qrover Klivlend: 1885-1889 və 1893-1897
Bencamin Harrison: 1889-1893
Uilyam Mak-Kinli: 1897-1901
Teodor Ruzvelt: 1901-1909
Uilyam Taft: 1909-1913
Vudro Vilson: 1913-1921
Uorren Hardinq: 1921-1923
Kalvin Kulic: 1923-1929
Herbert Huver: 1929-1933
Franklin Ruzvelt: 1933-1945
Harri Trumen: 1945-1953
Duayt Eyzenhauer: 1953-1961
Con Kennedi: 1961-1963
Lindon Conson: 1963-1969
Riçard Nikson: 1969-1974
Cerald Ford: 1974-1977
Cimmi Karter: 1977-1981
Ronald Reyqan: 1981-1989
Corc Buş (ata): 1989-1993
Bill Klinton: 1993-2001
Corc Buş (oğul): 2001-2009
Barak Obama: 2009-2017
Donald Tramp: 2017-2021.
Dövlət və hökumət başçısı olan ABŞ prezidenti həmçinin Silahlı Qüvvələrin ali baş komandanıdır.
ABŞ-da hökumətə Dövlət Departamenti (Xarici İşlər Nazirliyi) və digər nazirliklər daxildir.
Nazirliklərə rəhbərlik edən şəxslər katib adlanır. Xarici işlər nazirinin – Dövlət Departamentinin rəhbərinin vəzifəsinin adı dövlət katibi gedir. Ədliyyə Nazirliyinə rəhbərlik edən şəxs isə baş prokuror sayılır.
Nazirləri prezident Senatın razılığı ilə təyin edir.
Vitse-prezident, Ağ ev administrasiyasının başçısı, bir neçə federal qurumun rəhbəri və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi də kabinet üzvü sayılır.
Prezidentin qanunları imzalamaq, onlara veto qoymaq, hakimləri təyin etmək səlahiyyətləri var.
Diplomatik korpusun rəhbərləri və Ali Məhkəmənin hakimlərinin təyinatı üçün Senatın razılığı gərəkdir.