Yanvarın 19-da fərman imzalayan prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun nizamnaməsini və strukturunu təsdiqləyib. Qurumun nizamnamə fondu 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır.
Əməyin ödənişi fondu, işçilərin say həddi və əmək haqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləği bir ay müddətində rəsmiləşməlidir.
Qarabağ Dirçəliş Fondu Aparat, filiallar və nümayəndəliklərdən ibarətdir.
Nizamnaməyə görə, fond Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Fondun idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.
İctimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən şura prezidentin vəzifəyə təyin etdiyi 9 üzvdən ibarətdir. Sədr qurumun iclasında üzvlər sırasından 3 il müddətinə seçilir.
İdarə Heyəti 3 üzvdən – prezidentin vəzifəyə təyin etdiyi sədrdən və onun 2 müavinindən ibarətdir.
Novator.az bildirir ki, prezidentin 4 yanvar fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasına bu şəxslər daxil edilib:
Mikayıl Cabbarov – iqtisadiyyat naziri
Muxtar Babayev – ekologiya və təbii sərvətlər naziri
Rövşən Rzayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Tural Gəncəliyev – “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı
Fatma Yıldırım – Milli Məclisin deputatı
Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru
Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru
Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru
Alim Qasımov – xalq artisti.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox kəndi və qəsəbəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb. Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun bir neçə kəndi bölgədə atəşkəsi qorumağa məsul olan Rusiya hərbçilərinin nəzarətindədir.