Əmanətlərin Sığortalanması Fondunun yeni hesabatına görə, qapadılmış “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBCBank” banklarının əmanətçilərinə qorunan əmanətlər üzrə ümumilikdə 616,8 milyon manatdan çox kompensasiya ödənib. Ödəniş alanların ümumi sayı 24236 nəfər göstərilir.
Mərkəzi Bank “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBCBank”ın lisenziyalarını 2020-ci ilin aprel-may aylarında ləğv edib. Banklarda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manatdır.
Əmanətçilərinə kompensasiyaların ödənməsinə 2020-ci ilin iyun ayında başlanıb.
2016-cı ildən qüvvədə olan “Əmanətlərin tam sığortalanması haqqında” qanunun tətbiq müddəti 2021-ci il aprelin 5-də bitir.
Hazırda tam sığortalanma qaydası illik faiz dərəcəsi milli valyutada 12 faizdən, xarici valyutada 2,5 faizdən yüksək olmayan əmanətləri əhatə edir.
“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, 5 aprel 2021-ci ildən fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılır.