Siyasətçi İsa Qəmbərin sədrlik etdiyi Milli Strateji Düşüncə Mərkəzi Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin 11 yanvar bəyanatına münasibət bildirib.
Novator.az-ın məlumatına görə, rəsmi açıqlamada qeyd olunur ki, Moskvada keçirilmiş üçtərəfli görüşdə heç bir tərəf özünün bəyan etdiyi əsas məqsədinə çatmayıb: “Rusiya “sülhməramlılar”ın statusunda irəliləyiş əldə edə bilmədi. Ermənistanın bu mövzuda Moskvaya tam loyal olduğunu nəzərə alsaq, bunun qarşısını Azərbaycanın aldığı aydınlaşır.
Ermənistan əsirlərin buraxılması məsələsində təkidli olsa da, irəliləyiş əldə edə bilmədi. Rusiyanın bu məsələdə İrəvana tam dəstəyi sirr olmadığı üçün Azərbaycanın öz şərtlərini irəli sürdüyünü ehtimal etməyə əsas var.
Azərbaycan Qarabağın dağlıq hissəsində suverenlik istiqamətində heç bir irəliləyiş əldə edə bilmədi. Bu məsələdə Ermənistanın açıq, Rusiyanın susqun formada Bakıya əks mövqedə olduqlarını söyləyə bilərik.
Hər üç tərəfin maraqlarına cavab verə biləcək bircə məsələ vardı: kommunikasiyaların açılması. Bu məsələdə şərti irəliləyiş oldu. İşçi qrupların, ekspert qruplarının, komissiyaların yaradılması haqda qərar onu göstərir ki, bu məsələnin yaxın müddətdə həlli asan olmayacaq. Kommunikasiyalar məsələsində hər tərəfin öz prioritetləri var, hər prioritetə qarşı ən azı digər bir tərəfin şərtləri var.
Eyni zamanda qeyd etmək olar ki, hər üç tərəf bəyan etmədikləri hədəflərinə çatdılar.
Vladimir Putin tərəflərə və bütün dünyaya Qarabağ məsələsində əsas söz sahibi olmaq iddiasını nümayiş etdirdi.
Nikol Paşinyan erməni cəmiyyətinə “xain olmadığını”nümayiş etdirdi.
İlham Əliyev Azərbaycan ictimaiyyətinə suverenlik istiqamətində irəliləyiş olmadan “sülhməramlılar”la bağlı güzəştə getmək niyyətində olmadığını nümayiş etdirdi.
Lakin Azərbaycan ictimaiyyətini ciddi şəkildə narahat edən problemlər qalır.
Rusiya hərbçilərinin “sülhməramlı” adı altında beynəlxalq hüquqa, Azərbaycan Konstitusiyasına və hətta 10 noyabr razılaşmasının müvafiq müddəalarına zidd olaraq ölkəmizə müdaxilə etməsi; Qarabağın dağlıq hissəsində dövlət suverenliyinin faktiki olaraq Rusiyanın inhisarına keçməsi; Azərbaycan əhalisinin Xankəndiyə və işğalda qalan digər ərazilərimizə qayıtması ilə bağlı addım atılmaması və hətta bunun müzakirə edilməməsi; 1988-ci ildə Ermənistandan zorla çıxarılan azərbaycanlı əhalinin öz yurdlarına qaytarılması və onların təhlükəsizliyinin Qarabağın dağlıq hissəsindəki erməni əhalisi ilə eyni vaxtda simmetrik qaydada həll olunması məsələsi və bir sıra digər problemlər diqqətdən kənarda qala bilməz.
Azərbaycan xalqının suveren hüquqları və qanuni maraqları ilə bağlı bu problemləri susmaqla və yaxud yalnız qapalı otaqlarda səsləndirilməklə deyil, açıq şəkildə bəyan edilməklə, xalqa arxalanmaqla, beynəlxalq hüquqa əsaslanmaqla həll edilə bilər.
Bütövlükdə görünən budur ki, 1994-cü ilin atəşkəs razılaşmasından sonra 26 il davam edən, konfliktin həll edilməsinə deyil, idarə edilməsinə yönəlmiş danışıqların imitasiyası mərhələsinin yenidən başlaması təhlükəsi var.
Bu təhlükənin qarşısının alınmasının, on illərlə sürən imitasion deyil, gerçək və səmərəli danışıqların aparılmasının bir yolu var: danışıqlar vasitəçilər olmadan, Ermənistan və Azərbaycan arasında ikitərəfli və birbaşa aparılmalıdır”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı bölgələrin böyük qismini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, 4 qəsəbə və 286 kənd azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar.
Bəyanata əsasən, noyabrın 10-dan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar dayandırılıb.
Dağlıq Qarabağa və bu bölgəni Ermənistanla birləşdirən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilib.
Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin, Laçın şəhəri və rayonun bir neçə kəndi Rusiya hərbçilərinin nəzarətində qalıb.
10 noyabr razılaşması Türkiyə və Rusiya hərbçilərindən ibarət sülhməramlı mərkəz yaradılmasını, hərbi əsirlərin, girovların, həlak olanların meyitlərinin dəyişdirilməsini, köçkünlərin Dağlıq Qarabağa və ətraf rayonlara qayıtmasını, bölgədəki bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını da nəzərdə tutub.
2021-ci il yanvarın 11-i Moskvada bir araya gələn Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin bəyanat imzalayıblar.
Bəyanata əsasən, regionda bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını reallaşdırmaq məqsədilə üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılır.
Moskva görüşündən ilkin məlumat