Avropanın “Euronews” kanalında yapon mütəxəssislərin pandemiya dövründə yaşlı insanları darıxmağa qoymayan, həm də onların vəziyyəti barədə vaxtaşırı yaxınlarına xəbər çatdıran robotların, həmçinin smartfon telefonlara qoşulan, sosial məsafəni qorumağa kömək edən, səsləri oxuyub bir neçə dilə çevirən ağıllı maskaların kəşfindən bəhs edən reportaj yayımlanıb. Novator.az saytı reportajın mətnini ingiliscədən çevirərək videosüjetlə bərabər təqdim edir.
İnsan sosial varlıqdır və texnologiya heç vaxt real ünsiyyəti əvəz edə bilməz. Ancaq koronavirus pandemiyasına görə bir-birimizdən uzaq durmalı olduğumuz indiki zamanda texnologiya aramızdakı ünsiyyəti yaxşılaşdırmağa kömək edə bilər.
Yaponiya neçə illərdir texnologiya, xüsusilə elektronika sahəsində dünya lideridir. Bu, COVİD-19 pandemiyası dövründə də öz bəhrəsini verir. Yaponiyada insanlar arasında ünsiyyəti artırmaq üçün yeni texnologiyalar araşdırılır.
Yaşlılar üçün robotlar
Sidzuoka əyaləti çay plantasiyaları və Fuji dağının möhtəşəm mənzərəsi ilə məşhurdur. Əyalətin ucqar Fujieda qəsəbəsinin 140 min sakini var. Burada yaşayış, həyat keyfiyyəti yüksək səviyyədədir.
Qəsəbənin evdə tək qalan, yaxud kimsəsizlər evində məskunlaşan yaşlı sakinləri var. Pandemiya səbəbindən ailə üzvləri, dostları onları ziyarət edə bilmirlər. Bu isə yaşlı insanların mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Ona görə də qəsəbə bələdiyyəsi onlara yoldaşlıq edə biləcək robot kirayə verir. Robotun adı PaPeRodur.
“Səhər oyananda PaPeRonun yanımda olması istər-istəməz məni ünsiyyət qurmağa cəlb edir. – Fujieda sakini Natsume Emiko deyir. – Bu məndə səhərlər kimləsə danışırammış kimi təəssürat yaradır və özümü daha az tənha hiss edirəm”.
Uşaq boyda olan bu robot süni zəkaya əsaslanan nitq tanıma funksiyası sayəsində yaşlı vətəndaşlarla söhbətləşir. Robotun mətn mesajları göndərmək və fotoşəkil çəkmək qabiliyyəti də var. Bununla robot yaşlılara yaxınları ilə də əlaqə saxlamaqda kömək edir. Üstəlik, robot yaşlıların hərəkətindəki dəyişiklikləri izləməklə onların sağlamlığını monitorinq edir.
Fujieda Yaponiyada pandemiyanın qızğın dövründə bu robotu sınaqdan keçirən ilk şəhərlərdən biridir.
Fujieda şəhərinin bölmə rəisi Makita Tsuyösi deyir: “PaPeRo yaşlıların uzaqda yaşayan qohumlarına şəkil çəkib göndərir. Hətta bir dəfə huşunu itirən nənənin şəklini öz ailəsinə göndərmişdi. Ailəsi dərhal nənəyə zəng etdi və onun bədənində sınıq olduğunu, yerindən tərpənə bilməyəcəyini öyrəndi. Beləliklə, PaPeRo vasitəsilə hadisədən vaxtında xəbər tuta bildilər və nənəni tez həkimə çatdırdılar.
PaPeRonu istehsal edən Yaponiyanın NEC informasiya texnologiyaları və elektronika şirkəti bəyan edir ki, paradoksal da olsa, bu kimi robotlarun sayəsində insanlar bir-birinə daha yaxından bağlanır.
PaPeRonu kəşf edən NEC şirkətinin rəqəmsal şəbəkə üzrə mütəxəssisi Matsuda Tsuquhirodur. O deyir: “Mənim PaPeRonu kəşf etməyimə anam səbəb oldu. Anam uzaqda yaşayırdı. Mən ondan xəbərdar olmaq üçün yol axtarırdım. Tək yaşamaq kədərlidir, insan kimləsə danışmaq istəyir. Belə insanlar pulsuz telefondan gündə 15 dəfə, bəzən hətta 50 dəfədən çox istifadə edir”.
Ağıllı maskalar
Böhranlı zamanlarda innovasiyalar irəliləməyə meyillidir. COVİD-19 pandemiyasından əvvəl Yaponiyanın “Donut Robotics” şirkəti hava limanlarında turistlərə kömək edən tərcüməçi robotları sınayırdı, lakin pandemiya aralığa girdi, bu layihə sonraya qaldı.
Dünyanın əksər hissəsində adamlar koronavirusdan qorunmaq üçün maskadan, üz örtüyündən istifadə edirlər. Bunu nəzərə alan şirkət eyni proqram vasitəsilə smart maskalar hazırladı. “Donut Robotics” şirkətinin hazırladığı C-FACE maskaları dünyada “Bluetooth”la internetə qoşulan ilk maskadır.
“Donut Robotics”in baş direktoru Ono Taisuke deyir: “Biz robot şirkəti olaraq nə edə biləcəyimizi düşünürdük. Ağlımıza gəldi ki, smartfon telefonlara qoşula bilən, sosial məsafəni qorumağa kömək edən, səsləri oxuya bilən və tərcümə edən maska yaradaq. Və bunu etdik”.
C-FACE maskaları nitqi bir neçə dilə tərcümə edib çatdıra bilir. Eyni zamanda maska danışığı yazılı formada mətnə çevirməyi bacarır. Maskada onun sahibinin səsini gücləndirib dediklərini daha ucadan çatdırmaq funksiyası da var.
Şarlotta Xan
Mənbə: Euronews.com