Yanvarın 13-dən İndoneziyada koronavirus infeksiyası əleyhinə kütləvi vaksinasiya start götürüb.
Novator.az saytı “Əl-Cəzirə” kanalına istinadla xəbər verir ki, İndoneziya hökuməti qeyri-adi strategiya seçib. Belə ki, vaksinasiya aparan başqa ölkələrdən fərqli olaraq İndoneziyada əvvəlcə yaşlılar yox, gənclər və orta yaşlı insanlar peyvənd olunurlar.
İndoneziyada vaksinasiya Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndi ilə aparılır.
İndoneziyanın Səhiyyə Nazirliyinin sözçüsü Nadya Vikeko “Əl-Cəzirə” kanalına deyib ki, “Sinovac” şirkəti hələ öz peyvəndi üzrə klinik sınaqları başa çatdırmayıb. Hazırda sınaqların həlledici – üçüncü mərhələsi gedir. Amma İndoneziyada koronavirusla bağlı yaranmış gərgin vəziyyəti nəzərə alan hökumət artıq peyvəndləməyə start verməyi qərara alıb. Məsələ burasındadır ki, Cənub-Şərqi Asiya ölkələri arasında koronavirus infeksiyasına ən çox yoluxma İndoneziyadadır. Bu ölkədə infeksiyaya yoluxanların sayı 869 min nəfərdən, ölənlərin sayı 25 min nəfərdən çoxdur.
Əhalisinin sayı 276 milyon nəfərdən çox olan İndoneziyada peyvənd vətəndaşlara pulsuz vurulur. İlk növbədə səhiyyə işçiləri (onların sayı 1,3 milyon nəfərdən çoxdur) və dövlət qulluqçuları (polislər, əsgərlər, müəllimlər – onların ümumi sayı 17,4 milyondan çoxdur) peyvənd olunurlar. Ancaq bu qrupdan hələ ki, yalnız 18-59 yaş arasında olanlar peyvəndləməyə cəlb edilirlər.
Səhiyyə Nazirliyinin sözçüsü bunu belə izah edib: “CoronaVac” peyvəndi üzrə klinik sınaqlar başa çatmayıb, ona görə də indi 60 və daha yuxarı yaşda olan insanlara vaksin vurmaq riskli ola bilər; yaşı 59-dan yuxarı insanların təhlükəsiz şəkildə peyvəndlənməsi üçün sınaqların tam başa çatmasını gözləmək lazımdır.
“Əl-Cəzirə” xəbər verir ki, mütəxəssislərdən fərqli olaraq İndoneziyada vətəndaşların çoxu bu strategiyanı dəstəkləyir. Onlar yaşlı insanların əksərinin evdə oturduğunu, ona görə gündəlik işə gedib-gələnlərlə müqayisədə daha az yoluxduğunu deyirlər. Vətəndaşların bir çoxunun fikrincə, əvvəlcə gənclər, orta yaşlılar peyvəndlənməlidir ki, onlar yaşlı insanlara qayğı göstərə, arxayın şəkildə yaşlıları ziyarət edə bilsinlər.
Tibb ekspertləri isə məsələyə fərqli yanaşırlar. Onlar deyirlər ki, vaksinasiyaya başlayan ölkələrin hamısında yaşlılar prioritet qrup kimi götürülür. Üstəlik, Çində və Yaxın Şərqdə peyvənd olunmuş yaşlı insanların vaksinə reaksiyası gənclərin, orta yaşlıların reaksiyasından fərqlənmir. Mütəxəssislər yaşlı insanların daha çox risk altında olduğunu söyləyir və İndoneziyada peyvəndin ilk növbədə 18-59 yaşlı insanlara vurulmasının ölüm sayını azaltmayacağını düşünürlər.
Rəsmi statistika mütəxəssis yanaşmasını təsdiqləyir. Belə ki, İndoneziyada 60 yaşdan yuxarı insanlar əhalinin yalnız 10%-ni təşkil etsə də, bu ölkədə koronavirusdan ölənlərin 39%-i yaşlılardır.
Səhiyyə Nazirliyinin rəsmiləri isə deyirlər ki, gənclərin və orta yaşlıların infeksiyanı yaymaq ehtimalı daha böyükdür və hökumətin məqsədi ilk növbədə onları peyvənd etdirməklə kollektiv immunitet yaratmaq, bu yolla pandemiyanı yüngülləşdirməkdir.
İndoneziyada bu strategiya ilə start götürmüş vaksinasiya prosesinin mart ayının sonuna qədər davam edəcəyi gözlənir.
Mənbə: Aljazeera.com