Nazirlər Kabineti Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin həlli üzrə komissiya yaradılmasına qərar verib. Novator.az-ın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin sədrlik edəcəyi komissiyanın üzvləri belə müəyyən olunub: müdafiə nazirinin müavini, səhiyyə nazirinin müavini, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri, tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının səlahiyyətli şəxsləri.
Komissiyaya 27 sentyabr 2020-ci ildən başlayan hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuları birgə əyani müayinədən keçirməklə mərkəzləşdirilmiş qaydada bunları təmin etmək tapşırılıb: xəsarətin, xəstəliklərin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi ilə bağlı sənədlərin sürətlə rəsmiləşdirilməsi; əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsi; əyani müayinə keçirməklə əlilliyin qiymətləndirilməsi; əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların reabilitasiya vasitələri ilə növbədənkənar təmin edilməsi; əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların reabilitasiyası ilə əlaqədar zəruri tədbirlərin görülməsi.
Başqa bir qərar hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımla bağlı məsələləri əhatə edir. Bu istiqamətli komissiyaya sədrlik səhiyyə nazirinə həvalə olunub. Komissiyanın tərkibi belə rəsmiləşib: müdafiə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri, tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının səlahiyyətli şəxsləri.
1988-1994-cü illərin təcavüzündə Ermənistan Azərbaycanın bütün cənub-qərb bölgəsini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir çox yaşayış məntəqəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.
Müharibədə Azərbaycan 3 min nəfərə yaxın şəhid verib.