İqtisadçı Rövşən Ağayev Margin.az saytına şərhində deyib ki, 2014-cü ildən Azərbaycanda pensiyanın orta məbləği təqribən 40 faiz artaraq 2020-ci ildə 263,6 manata yüksəlib. Ekspert 2019-cu ildə minimum pensiyanın 110 manatdan 200 manata artdığını, sosial pensiyada iki dəfədən çox artım qeydə alındığını da vurğulayıb: “Ancaq əsas məsələ pensiyanın məbləği deyil, alıcılıq qabiliyyətidir. Məsələn, 200 manatlıq pensiya ilə vətəndaş nə qədər məhsul ala və ya xidmətdən yararlana bilir. Əsas məqam minimum pensiyanın yaşayış minimumuna olan nisbətidir.
2010-cu ildə minimum pensiya 85 manat idi. İndi bu rəqəm 200 manatdır. 10 il ərzində nominal olaraq 2,5 dəfə artım rəsmiləşib. Bəs artım inflyasiya tempini qarşılayırmı?
2010-cu ildə minimum pensiyanın yaşayış minimumuna nisbəti 125 faiz, 2020-ci ildə 127,4 faiz olub. 10 il ərzində nominal məbləğ 2,5 dəfə artsa da, yaşayış minimumuna olan nisbət çox cüzi dəyişib.
Hətta bəzi dövrlərdə minimum pensiyanın yaşayış göstəricisinə nisbətində ciddi azalma olub. 2013-cü ildə bu rəqəm 106 faizə, 2015-ci ildə 92,6 faizə, 2017-2018-ci illərdə 76 faizə düşüb.
2019-cu ildə olan artımların hesabına bu göstərici yenidən 2010-cu il səviyyəsinə çatıb. Yəni nominal məbləğin dəyişməsindən asılı olmayaraq alıcılıq qabiliyyəti 10 il əvvəlki səviyyədədir.
Alıcılıq qabiliyyəti baxımından qiymətləndirildikdə orta pensiyada da vəziyyət eynidir. 2014-cü ildə orta pensiyanın yaşayış minimumuna nisbəti 165,5 faiz, 2020-ci ildə bu göstərici 167,9 faiz olub. Halbuki orta pensiyanın məbləği həmin müddətdə 170 manatdan 264 manata qədər, yəni 40 faizə qədər artıb”.
Novator.az bildirir ki, hazırda ölkədə yaşayış minimumu 196 manatdır.
Nazirlər Kabineti əmək qabiliyyətli əhali üçün illik minimum istehlak səbətinə bu ərzaq məhsullarını daxil edib: çörək və çörək məhsulları; kartof; tərəvəz və bostan məhsulları; meyvə və giləmeyvə; ət və ət məhsulları; süd və süd məhsulları; balıq və balıq məhsulları; yumurta; şəkər və qənnadı məmulatları; bitki yağı, marqarin və digər piylər; kərə yağı; digər məhsullar.
Qeyri-ərzaq malları siyahısında palto tipli üst geyimləri qrupu; kostyum tipli üst geyimləri; alt geyimləri; corab məmulatları; baş geyimləri və xırdavat məmulatları; ayaqqabı; məktəb-yazı ləvazimatları; yataq ləvazimatları; mədəni-məişət və təsərrüfat malları; ilkin tələbat və sanitariya əşyaları, dərmanlar var.
Xidmətlər sırasında mənzil; mənzillərin qızdırılması; isti və soyuq su təchizatı; kanalizasiya; qaz təchizatı; enerji təchizatı; nəqliyyat xidmətləri; rabitə; internet xidmətləri və digər xidmətlər yer alır.
Azərbaycanda əmək pensiyası orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir.
Əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 200 manat müəyyən olunub, 2020-ci ilin indeksləşdirməsi nəticəsində 233,2 manata çatıb.