Koronavirus peyvəndləri niyə dərinin altına, venaya yox, məhz qolun yuxarı hissəsindəki əzələyə vurulur? Avstraliyanın ABC ictimai yayım şirkətinin (Australian Broadcasting Corporation) internet səhifəsində bu suala aydınlıq gətirən yazı yerləşdirilib. Yazının müəllifi elmi araşdırmalar üzrə məruzəçi Belinda Smitdir. Novator.az saytı yazını ingiliscədən çevirərək təqdim edir.
Artıq dünyanın bir çox ölkəsində COVİD-19 infeksiyasına qarşı vaksinasiyaya başlanıb, milyonlarla insana peyvənd vurulub.
İstər ölkələrin əksərinin istifadə etdiyi “Pfizer”-“BioNTech”, “Moderna”, “Oxford/AstraZeneca”, istərsə də digər koronavirus peyvəndləri qolun yuxarı hissəsinə – qalın, ətli əzələyə vurulur.
Fərqli texnologiyalarla hazırlansa da, koronavirus peyvəndlərinin hamısı bir məqsəd güdür: xəstəliyə qarşı müqaviməti gücləndirmək üçün immun sistemini antigenlərə, yəni orqanizmdə virusu aşkarlayan xüsusi hissələrə tanıtmaq.
Bəs peyvənd nə üçün əzələyə inyeksiya edilir? Niyə dərinin altındakı piy toxumasına, venaya, yaxud virusun daxil olduğu burun boşluğuna yox, məhz əzələyə?
ABŞ-da və bir sıra başqa ölkələrdə burun damcısı formasında da peyvəndlər var. Bəzi xəstəliklərə, məsələn, qripə qarşı tətbiq olunan bu peyvənd burun boşluğuna aerozol (çiləmə) üsulu ilə püskürdülür.
Amma bu cür peyvəndlər hər ölkədə yoxdur. Burun spreyləri bir peyvənd üsulu kimi hər yerdə qəbul edilmir. Belə ölkələrdə sprey şəklində istifadə olunan vaksinlərə münasibətin tezliklə dəyişəcəyi də gözlənmir.
İnyeksiya şəklində təqdim olunan peyvəndlərin təhlükəsizliyi və effektivliyi bizə daha yaxşı bəllidir. Biz belə peyvəndləri dərindən öyrənmişik, eyni zamanda onların hazırlanması və təqdim olunması üçün genişmiqyaslı istehsal və təchizat şəbəkəsi yaratmışıq. Hazırda dünyada bu baza əsasında COVİD-19 əleyhinə vaksinasiya proqramları həyata keçirilir.
Vaksinlərin digər yollarla deyil, məhz əzələ daxilinə yeridilməsinin bir neçə əsas səbəbi var.
Birincisi, dərinin altında yerləşən piy toxumasından fərqli olaraq, əzələ dərmanın yayılmasına kömək edən mükəmməl qan təchizatına malikdir.
Volter və Eliza Holl İnstitutunun immunologiya üzrə tədqiqatçısı doktor Coanna Qrum deyir ki, əzələdə dendrit adlanan immun hüceyrələri yerləşir. Bu immun hüceyrələri infeksiyanı dərhal aşkarlayaraq bir bayraq kimi öz səthində saxlayır: “Daha sonra dendrit hüceyrələr immun sistemi üçün görüş nöqtələri hesab edilən limfa düyünlərinə nüfuz edir. Orada onlar T hüceyrələri və B hüceyrələri ilə qarşılaşırlar. Bunlar insan oqanizmini infeksiyalardan qorumağa kömək edən ağ qan hüceyrələridir.
Dendritlər infeksiyanı aşkarlayan hüceyrələr tapılana qədər öz bayrağını T və B hüceyrələrinə təqdim edir. Sonra isə onlara çoxalmaları, əsəsən də B hüceyrələrinə ummunitet yaratmaları üçün siqnal göndərir”.
Doktor Qrum COVİD-19 əleyhinə vaksinlərlə bağlı bildirir ki, bu amplifikasiya (çoxalma) prosesi zamanı virusun SARS-CoV-2 peplomerləri bloklanır və onun hüceyrəyə daxil olmasının qarşısı alınır: “Onlar eyni zamanda uzunömürlü yaddaş birliyi formalaşdırmağa başlayırlar. Bu da bizim vaksindən gözlədiyimiz əsas nəticədir”.
Doktor Qrumun sözlərinə görə, əzələlər peyvəndi immun hüceyrələrinə paylayan toxuma rolunu oynayır.
Əzələ təkcə dendrit hüceyrələrini təmin etmir, habelə peyvəndin bir müddət qalmasına və müəyyən dövrdən sonra istifadə olunmasına şərait yaradır.
Bu proses immun sisteminin daha çox fəallaşmasının nəticəsi kimi ortaya çıxır və immun sisteminin inkişafına təkan verir.
Digər tərəfdən, birbaşa damara yeridilən vaksin asanlıqla məhv edilə bilir.
Doktor Qrum bunu belə izah edir: “Vaksin limfa düyününə çatana qədər onu məhv edə və yoxa çıxara biləcək qeyri-spesifik immun hüceyrələri var. Belə bir hadisə baş versə, onda vaksinin daşıdığı informasiyanı B və T hüceyrələri ilə paylaşmaq mümkün olmayacaq”.
Peyvəndin əzələyə vurulması bu üsulun asan olması ilə bağlı deyil. Əzələyə vurulan peyvəndin əks təsirləri daha az olur. Venaya yeridilən vaksinlərlə müqayisədə əzələyə vurulan peyvəndin iltihablaşma yaratma riski də azdır.
Vaksinlərin əksəriyyəti iki hissədən – virus üçün spesifik olan antigen maddədən və daha güclü immun reaksiyası yaradan adyuvant (köməkçi) maddədən ibarət olur.
Doktor Qrum bildirir ki, bəzən adyuvantlar venaya yeridiləndə əzələ ilə müqayisədə daha çox iltihablaşmaya gətirib çıxarır: “Əzələ əlavə təsirləri lokallaşdırmağa və azaltmağa qadirdir. Ona görə peyvəndin əzələyə inyeksiya edilməsi üsulu daha təhlükəsizdir”.
Doktor Qrum qeyd edir ki, əzələ daxilinə vurulan peyvənddən sonra həmin yerin bir neçə gün ağrıması immun sisteminin öz funksiyasını yerinə yetirdiyini göstərir: “Peyvəndin bəzi yan təsirləri gözləniləndir. Buraya qolunuzun bir qədər qızarması, yaxud limfa düyünlərinin bir qədər şişməsi kimi əlamətlər daxildir. Bütün bunlar immunitetin öz işini gördüyünü sübut edir”.
Belinda Smit
Mənbə: Abc.net.au