Azər Qasımlı
İkinci Qarabağ müharibəsini bitirən üçlü bəyanatdan 2 ay keçir. Müharibədə Azərbaycan Ordusu qalib gəlsə də, üçlü razılaşma ilə ərazi bütövlüyümüzü bərpa edə bilmədik. Erməni ordusu hələ də Dağlıq Qarabağ ərazisindədir, hələ də aramızda təmas xətti var, hələ də Azərbaycana tabe olmayan siyasi rejim mövcuddur və Xankəndidə məhz onun bayrağı dalğalanır…
Şuşaya Xankəndidən, ya da Laçından getməyin mümkün olmaması üzündən Füzulidən yeni yol açılması qərarı verməklə prezident özü də Dağlıq Qarabağa nəzarət etmədiyimizi təsdiqləyir.
Üçlü bəyanat Qarabağ ermənilərini artıq Ermənistandan deyil, bilavasitə Rusiyadan asılı vəziyyətə salıb. Ermənistan ərazisindən Naxçıvana Moskvanın nəzarəti altında gedəcəyimizə işarə vurub rus hərbçilərin bölgəyə guya rahatlıq və təhlükəsizlik gətirəcəyinə inam nümayiş etdirməyə çalışan prezident yanılır. Əslində məsələnin elə ən pis tərəfi budur: 27 sentyabra qədər Qarabağ probleminin hərbi yolla həlli var idi, rus hərbi kontingentinin Qarabağda yerləşdirilməsindən sonra ərazi bütövlüyümüzü bərpa etmək üçün hərbi yola əl atmağımız mümkünsüz oldu…
Rus hərbi kontingentinin Azərbaycanda yerləşdirilməsi milli maraqlarımıza zidd və suverenliyimizi təhdid edən qərar idi. Artıq tam aydındır ki, onlar erməniləri bəsləyəcək və 5 ildən sonra da torpaqlarımızı tərk etmək istəməyəcək.
Biz nə edə bilərik?
İki yolumuz var.
Birinci, daha qısa yol: Ermənistanın yolu ilə gedib Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Avrasiya İqtisadi İttifaqına üzv olmaq və Rusiya ilə 20 illik müqavilə imzalayıb Qarabağdaki “sülhməramlı qüvvələrə” hərbi baza statusunu vermək. Belə olan təqdirdə Xankəndində ordumuz olmasa da, bayrağımız dalğalanacaq. Lakin dalğalanan bayraq müstəqil dövlətin simvolu olmaqdan çıxacaq, çünki Dağlıq Qarabağa rusların nəzarəti altında muxtariyyət verib, taleyimizi yenə də avtoritar Rusiyaya bağlayıb mütərəqqi dünyadan birdəfəlik qopacağıq. Türkiyə ilə strateji müttəfiqliyimizə son verməli olacağıq. Bir sözlə, sonda nə müstəqilliyimiz olacaq, nə də Qarabağ…
Oturub Rusiyanın zəifləməsini gözləsək, o, 1990-cı illərin əvvəlində olduğu kimi erməniləri silahlandırıb bölgədən çəkiləndə dünyanın söz sahibləri arasında bizə dəstək verən olmayacaq.
İkinci, strateji yol: Rusiyadan asılılığı azaltmaq, bölgədə güc balansı yaratmaq üçün bizə müttəfiqlər lazımdır. Sözsüz ki, ilk növbədə Türkiyə ilə strateji hərbi-siyasi müttəfiqliyimizi dərinləşdirməliyik. Lakin yalnız Türkiyə ilə əməkdaşlıq yetərli deyil. Sabah postsovet məkanında Rusiya geri çəkilmək məcburiyyətində qalacağı təqdirdə Qərb ölkələri, onlara bağlı beynəlxalq institutların və təşkilatların müttəfiqinə çevrilməliyik ki, Dağlıq Qarabağ məsələsində onların dəstəyini qazana bilək. Bunun yolu isə Avroatlantik inteqrasiyadan keçir. Bu yolla həm hərbi, həm diplomatik baxımdan güclənəcəyik. Bölgədə Türkiyə və Gürcüstanla müttəfiqliyimizi genişləndirəcək yeni sazişlərə, birgə hərbi-siyasi və iqtisadi layihələrə gedəcəyik. Ən əsası da insan həyatına dəyər verən ölkə quracağıq.
Üçüncü yol da var: balanslı siyasi kurs, yəni heç nə etməmək, hər şeyi olduğu kimi saxlamaq… Putinin rəhbərliyi altında on illərlə nəticəsiz görüşlər keçirmək və… polis rejimi, yalnız kiçik bir zümrənin varlanması, ədalətsiz məhkəmələr, saxta seçkilər… Əslində birinci yolu seçdiyimizdə də aşağı-yuxarı eynisini yaşayacağıq.
Sivil və güclü Azərbaycanın yalnız bir yolu var: Avroatlantik inteqrasiya, Türkiyə ilə strateji hərbi-siyasi müttəfiqlik və Azərbaycan-Türkiyə-Gürcüstan birliyi!
Müəllifin başqa yazıları: